BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Əbu‑Dabi: Cənubi Qafqazda sülh üçün yeni başlanğıc nöqtəsi

2025-07-13 16:27

10 iyul tarixində Ermənistan-Azərbaycan münasibətləri tarixində ən mühüm görüşlərdən biri Əbu-Dabidə baş tutdu. Danışıqlar tamamilə ikitərəfli formatda keçirildi. Danışıqlar masasında yalnız Bakı və Yerevanın rəsmi nümayəndə heyətləri iştirak edirdi, beynəlxalq institutların və ya böyük güclərin hər hansı vasitəçisi yox idi.

Əvvəlcə iki ölkənin nümayəndə heyətləri arasında dövlət başçılarının rəhbərliyi ilə görüş keçirildi. Daha sonra isə liderlər arasında şəxsi görüş baş tutdu. Danışıqlarla tanış mənbələrin verdiyi məlumata görə, hər iki ölkənin liderləri və nümayəndə heyətləri arasında aparılan müzakirələr olduqca pozitiv, işgüzar və konstruktiv atmosferdə keçib, nəticəyönümlü xarakter daşıyıb. Bu, yayımlanan video materiallarda da öz əksini tapırdı. Hər hansı konkret nailiyyətin əldə olunmamasına baxmayaraq, bu görüş müharibədən sonrakı dövr üçün nizamın formalaşması və Cənubi Qafqazda yeni nəqliyyat-logistika arxitekturasının qurulması baxımından mühüm mərhələ oldu. Qeyd etmək lazımdır ki, bu, liderlərin sülh sazişinin layihəsi üzrə razılığa gəldikdən sonra keçirilən ilk rəsmi ikitərəfli görüş idi.

Bu görüşün əhəmiyyəti təkcə onun gündəliyində deyil, həm də keçirilmə formatındadır. Əvvəlki, geosiyasi maraqlarla yüklənmiş və nəticəsiz qalan formatların fonunda vasitəçilikdən imtina həm Bakı, həm də İrəvanın artan siyasi iradəsini və öz qərarvermə qabiliyyətini ön plana çıxarır. Otuz il ərzində ilk dəfədir ki, münaqişə tərəfləri ATƏT-in Minsk Qrupu, Aİ və ya Moskvanın kollektiv təşəbbüsləri kimi kənardan təlqin olunan çərçivələr olmadan, birbaşa təmas qururlar. Tərəflər getdikcə daha şüurlu şəkildə ikitərəfli dialoqa üstünlük verirlər. Bu yanaşma xarici təsir imkanlarını azaldır və danışıqlarda müstəqil qərarvermə üçün daha geniş meydan yaradır.

Qeyd etmək lazımdır ki, bu yeni format artıq konkret nəticələr də verib. Məsələn, bu format çərçivəsində dövlət sərhədinin 12.7 kilometrlik hissəsində delimitasiya və demarkasiya aparılıb, eyni zamanda sülh sazişinin bütün maddələri üzrə razılıq əldə olunub. Bütün bunlar göstərir ki, iki ölkə arasında sülh prosesinin konturları getdikcə Azərbaycanın hədəflədiyi istiqamətdə formalaşır. Artıq tərəflər kənardan təzyiq və ya hazır reseptlər olmadan, özləri birbaşa dialoq aparır və davamlı sülh yolunu axtarırlar.

Bu görüşün əhəmiyyətindən bəhs edərkən, Azərbaycanın bir neçə əsas prinsipini aydın şəkildə ortaya qoyduğunu xüsusi vurğulamaq lazımdır. Bu kontekstdə hazırkı danışıqlar genişmiqyaslı sülh sazişinə doğru atılmış növbəti inamlı addım kimi qiymətləndirilə bilər. Ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan dəfələrlə şəffaf və beynəlxalq hüququn tanınmış normalarına əsaslanan sülh təşəbbüsləri irəli sürüb. Bu təkliflər təkcə beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmayıb, eyni zamanda, daha önəmlisi, İrəvanda da əks-səda doğurub və nəticədə bu görüş baş tutub.

Eyni zamanda, Azərbaycan Ermənistan konstitusiyasına düzəliş edilməsinin vacibliyi məsələsində qəti mövqe tutur. Bu sənəd hələ də ərazi iddialarını özündə ehtiva edir. Bundan əlavə, Bakı yeni reallıqlar fonunda öz funksiyasını itirmiş ATƏT-in Minsk Qrupunun tamamilə ləğvini israrla tələb edir. Bu baxımdan, Əbu-Dabi görüşü yekun deyil, əksinə, çətin, lakin vacib bir yolun - uzun illər gözlənilən sülhə aparan yolun mühüm mərhələsidir.

*Məqalənin ingilis dilində olan tam, orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.eurasiareview.com/12072025-abu-dhabi-as-a-new-starting-point-for-peace-in-the-south-caucasus-analysis/