Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyulun 10-da Əbu-Dabidə keçirilən görüş uzun müddətdir, müzakirə olunan Zəngəzur dəhlizi məsələsini yenidən gündəmə gətirib. Birləşmiş Ərəb Əmirliklərinin neytral tərəf kimi ev sahibliyi etdiyi bu sammit tərəflər arasında vasitəçilərsiz ilk birbaşa ikitərəfli danışıqlar kimi xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazdakı sülh prosesində Rusiyanın ənənəvi vasitəçi rolunu nəzərə alsaq, bunu diqqətçəkən irəliləyiş hesab etmək olar.
Danışıqlar nəticəsində yekun sülh sazişi imzalanmasa da, proses konstruktiv qiymətləndirilib və əsas mübahisə doğuran məsələlər, xüsusilə də Zəngəzur dəhlizinin açılması və inkişafı ətrafında geniş müzakirələr aparılıb.
Təxminən 43 kilometr (təqribən 26 mil) uzunluğunda nəzərdə tutulan bu dəhliz Ermənistanın Sünik vilayətindən keçməklə Azərbaycanın əsas ərazisini Naxçıvan eksklavı ilə birləşdirməyi və daha sonra Türkiyəyə çıxışı təmin etməyi hədəfləyir.
Əbu-Dabi sammiti dərhal konkret nəticələr verməsə də, bu görüş Zəngəzur dəhlizinin reallaşması perspektivlərini canlandırıb. Xüsusilə də danışıqların birbaşa, ikitərəfli və nəticəyönümlü formatda aparılması, eyni zamanda dəhlizin idarəedilməsi və təhlükəsizliyi ilə bağlı yeni yanaşmaların nəzərdən keçirilməsi bu istiqamətdə müsbət impuls kimi qiymətləndirilir.
Həm Ermənistan, həm də Azərbaycan Əbu-Dabi danışıqlarından sonra sülh prosesi ilə bağlı ehtiyatlı nikbinlik ifadə ediblər. Hər iki ölkənin Xarici İşlər Nazirlikləri ayrı-ayrı bəyanatlarında ikitərəfli danışıqları mövcud məsələlərin həlli üçün “ən səmərəli format” kimi qiymətləndirib və tərəflər “nəticəyönümlü dialoqun” davam etdirilməsi barədə razılığa gəliblər.
Müzakirələr zamanı 1.000 kilometrlik (621 mil) birgə sərhədin delimitasiya və demarkasiya məsələləri də gündəmdə olub və bu istiqamətdə danışıqların müxtəlif səviyyələrdə davam etdirilməsi qərara alınıb. Liderlər əlavə etimad quruculuğu tədbirləri barədə razılığa gəliblər və görüşün təşkilində göstərdiyi qonaqpərvərliyə görə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayedə təşəkkürlərini bildiriblər.
Zəngəzur dəhlizi Əbu-Dabidə keçirilən görüşdə əsas müzakirə mövzularından biri kimi ön plana çıxıb. Azərbaycanın danışıqlarla bağlı təqdim etdiyi məlumatda bildirilir ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan həm dəhlizin açılması və inkişafı, həm də hərtərəfli sülh sazişinin yekunlaşdırılması məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.
Bu, əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilə bilər. İllərlə davam etmiş durğunluqdan sonra dəhliz konsepsiyası yenidən siyasi gündəmin mərkəzinə qayıdıb və yenilənmiş siyasi iradə ilə də dəstəklənir. Tərəflər arasında 2025-ci ilin martında sülh sazişinin ilkin layihəsi üzərində razılıq əldə olunduqdan sonra ilk dəfə baş tutan bu üzbəüz görüş hər iki tərəfə Zəngəzur dəhlizi ilə bağlı mövqelərini birbaşa təqdim etmək imkanı yaradıb.
Prezident İlham Əliyev Zəngəzur dəhlizini ardıcıl şəkildə Azərbaycanın strateji prioriteti kimi təqdim edir, onun hüquqi statusu, keçid rejimi və fəaliyyətinə nəzarətlə bağlı tələblərini qəti və birmənalı qaydada ifadə edir. Bu tələblər 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından bəri onun ictimai çıxışlarında, media müsahibələrində və rəsmi bəyanatlarında dəfələrlə vurğulanıb.
Azərbaycan tərəfi hesab edir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış, Rusiya vasitəçiliyi ilə əldə edilmiş atəşkəs bəyanatının 9-cu bəndi üzrə hüquqi öhdəliyidir. Həmin bəndə əsasən, “bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır” və bu, Azərbaycan üçün Ermənistan ərazisindən keçməklə Naxçıvanla əlaqə yaratmaq imkanı verir.
Zəngəzur dəhlizi təkcə milli prioritet kimi deyil, həm də Azərbaycanın regional sülhün qurulmasına və iqtisadi əməkdaşlığa verdiyi töhfənin əsas elementi kimi böyük əhəmiyyətə malikdir.
*Məqalənin ingilis dilində olan tam və orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://jamestown.org/program/abu-dhabi-summit-reignites-progress-on-zangezur-corridor/


