15 sentyabr 2026-cı il
Bu gün mühüm bir tarixdir – 1918-ci il sentyabrın 15-də baş vermiş, Bakının Azərbaycan və Türkiyənin birgə qüvvələri tərəfindən azad edilməsi hadisəsinin ildönümüdür.
Qarşınızda həm tarixi, həm də dərin şəkildə müasir olan bir layihə barədə danışmaq üçün dayanmışam: türkdilli dövlətlər arasında əməkdaşlığın təkamülü və bu çərçivədə Azərbaycanla Türkiyə arasındakı xüsusi, strateji tərəfdaşlıq.
Bu gün bu əməkdaşlıq ən aydın şəkildə, 3 oktyabr 2009-cu il tarixli Naxçıvan Sazişi ilə əsası qoyulmuş Türk Şurasının institusional varisi olan Türk Dövlətləri Təşkilatında (TDT) öz əksini tapır.
Türkdilli xalqları birləşdirmək ideyası bizim dövrümüzdə yaranmayıb. O, XIX əsrin sonlarında türk dünyasının ziyalıları arasında meydana gəlib. Bu fikrin meydana gəlməsində azərbaycanlı ziyalılar sadəcə Azərbaycanda deyil, Rusiya Çarlığında, Osmanlı İmperiyasında və Qacar Dövlətində də aparıcı mövqeyə sahib idilər. Qeyd etməliyəm ki, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə və digər azərbaycanlı ziyalılar türk birliyi ideyasının inkişafına mühüm töhfələr veriblər. Onu da xatırlatmaq yerinə düşər ki, 100 il əvvəl Bakı ilk Türkoloji Qurultaya ev sahibliyi edib və bu il cənab Prezident İlham Əliyevin tapşırığı ilə Türkoloji Qurultayının 100 illik yubileyi Türk dünyasının fərqli bölgələrindən ziyalı və alimlərin iştirakı ilə Azərbaycanda təntənəli şəkildə qeyd olundu.
Təəssüf ki, türk birliyi ətrafında baş verən proseslər Sovet İttifaqı tərəfindən yarımçıq saxlanıldı və bir çox ziyalılar pantürkizmə qarşı mübarizə adı altında repressiyaya məruz qalaraq edam edildilər. Bu məsələ yalnız tarixlə məhdudlaşmır. Mən bunu ona görə xatırladıram ki, türk dünyasının birliyinə qarşı siyasi kampaniya hələ də davam edir və bu birliyə qarşı çıxanlar pantürkizm ittihamı ilə ona müxtəlif damğalar vurmağa çalışırlar.
Türk birliyindən danışarkən vurğulamalıyıq ki, biz müstəqilliyimiz uğrunda mübarizə aparmışıq və yalnız həqiqətən müstəqil türk dövlətləri siyasi, iqtisadi və mədəni birlik ideyası ətrafında həmrəyliyi irəli apara bilərlər.
1992-ci ildən etibarən, türkdilli dövlətlərin başçıları mütəmadi olaraq görüşməyə başladılar. Müstəqil Azərbaycanın möhkəmlənməsində həlledici rol oynayan mərhum prezident Heydər Əliyev bu sammitləri “xalqımızın və müstəqil dövlətlərimizin gələcəyi üçün mühüm yol” kimi xarakterizə etmişdi.
TDT-ni bir çox digər regional təşkilatlardan fərqləndirən cəhət ondan ibarətdir ki, o, yalnız praqmatik maraqlar mexanizmi deyil; ortaq dil, ortaq mədəniyyət və ortaq tarixə əsaslanır. Naxçıvan Sazişinin preambulasında hissəsində açıq şəkildə qeyd olunur ki, üzv dövlətlər “tarixi bağlara, ümumi dilə, mədəniyyətə və xalqlarının ənənələrinə əsaslanaraq” birləşirlər. Şuranın sammitləri və birgə bəyanatları bu ortaq dəyərləri davamlı olaraq vurğulayıb.
Bu daha geniş türk dövlətləri ailəsi daxilində Azərbaycan–Türkiyə tərəfdaşlığı həm təməlqoyucu, həm də nümunəvi xarakter daşıyır. Azərbaycan–Türkiyə strateji əməkdaşlıq modelinin TDT-nin institusional inkişafını hərəkətə gətirən əsas mühərriklərdən biri olduğunu demək heç də mübaliğə deyil. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan və Türkiyə arasındakı uğurlu əməkdaşlıq bütün türk dünyasına müsbət təsir göstərir.
“Bir millət, iki dövlət” dedikdə, biz şüarlar səviyyəsində deyil, gündəlik siyasi, iqtisadi, hərbi, mədəni və informasiya reallıqları barədə danışırıq.
Azərbaycan və Türkiyənin yaratmış olduğu uğurlu əməkdaşlıq modeli artıq digər Türk dövlətlərinin ikitərəfli və çoxtərəfli əməkdaşlıqları üçün bir model təşkil edir. Xüsusən Qarabağ Zəfəri Türk dünyasının qarşısına qoyduğu hədəfləri yerinə yetirməsi baxımından cəsarətverici bir zəfər oldu.
Gəlin, əvvəlcə təhlükəsizlik və xarici siyasət aspektinə nəzər salaq. Naxçıvan Sazişinin II maddəsinə əsasən, TDT-nin əsas məqsədlərindən biri bölgədə və onun hüdudlarından kənarda sülhün qorunmasına, təhlükəsizliyin təmin edilməsinə və etimadın möhkəmləndirilməsinə konstruktiv töhfə verməkdir. Digər mühüm məqsəd isə qarşılıqlı maraq doğuran xarici siyasət məsələlərində ümumi yanaşmaların formalaşdırılması, o cümlədən beynəlxalq təşkilatlarda koordinasiyanın həyata keçirilməsidir.
Praktikada bu o deməkdir ki, üzv ölkələrin xarici işlər nazirləri hər bir sammitdən öncə illik olaraq toplaşır və BMT Baş Assambleyasının sessiyaları çərçivəsində qeyri-formal məsləhətləşmələr aparırlar. Zaman keçdikcə bu proses konkret nəticələr vermişdir. Şuranın yaradılmasından əvvəlki və sonrakı dövrlərdə BMT Baş Assambleyasında səsvermə nümunələrinin təhlili göstərir ki, 2011-ci ildən etibarən türk dövlətləri, xüsusilə Yaxın Şərq, antikolonial məsələlər və iqtisadi məsələlərlə bağlı mövzularda öz mövqelərini getdikcə daha çox əlaqələndirmişlər. Təhlükəsizlik sahəsində bəzi fərqlər hələ də qalmaqda davam etsə də, ümumi tendensiya yaxınlaşma istiqamətindədir.
Bu yanaşma ən çox hansı məsələlərdə özünü göstərmişdir? Azərbaycan üçün ən mühüm məsələlərdən biri Ermənistan–Azərbaycan münaqişəsi olmuşdur. 1990-cı illərdə bir çox türk sammitləri bu məsələyə ehtiyatla yanaşırdı. Azərbaycan Türkiyənin siyasi və mənəvi dəstəyi ilə münaqişəni uğurla həll edib və öz suveren əraziləri üzərində nəzarətini bərpa edib. Bu gün Azərbaycan və Türkiyə tarixi və siyasi hücumlarla üzləşəndə beynəlxalq platformalarda bir-birinin yanında dayanır.
Yaxın keçmişdə Azərbaycan 1915-ci il məsələsinin İsraildə həlli ilə bağlı da diplomatik təşəbbüslər irəli sürüb. Azərbaycanda yaşayan yəhudi icma rəhbərlərinin İsrail parlamentinə 1915-ci hadisələrini soyqırımı olaraq tanımamağa çağırması da, Azərbaycanda yaşayan bütün xalqların Azərbaycan-Türkiyə qardaşlığına dəstəyinin və anlayışının təzahürüdür. İstər regionumuzda istərsə də qlobal səviyyədə Azərbaycan və Türkiyə xarici siyasətdə tək dövlət kimi hərəkət edirlər. Bu, bizim eyni zamanda maraqlarımızın üst-üstə düşməsindən irəli gələn amildir.
Bu, ayrı-ayrı, təsadüfi bir hal deyil; qarşılıqlı diplomatik müdafiə modelinin ifadəsidir və ümid edirik ki, bu, TDT-nin strukturlarına və praktikalarına daha da dərindən sirayət edəcək.
TDT ölkələri arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq da mühüm istiqamətlərdən biridir. Hesab edirəm ki, bu istiqamətdə böyük potensial mövcuddur. Azərbaycan və Türkiyə arasındakı sıx əməkdaşlığın faydaları TDT-yə üzv digər ölkələr üçün də nümunə ola bilər. Artıq Azərbaycanla Özbəkistan arasında yaxınlaşma meylinin artdığını görürük. Azərbaycan–Özbəkistan və Türkiyə–Özbəkistan arasında uğurlu ikitərəfli əməkdaşlıq artıq Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli əməkdaşlığa çevrilib. Biz bu nümunəni digər türk dövlətləri arasında yaranan üçtərəfli əməkdaşlıqlarda da görə bilərik. Bu, eyni zamanda 2021-ci ildə imzaladığımız Şuşa Bəyannaməsindən irəli gəlir.. Bu gün Ermənistan hakimiyyətinin Azərbaycan və Türkiyənin haqlı tələbləri yerinə yetirəcək səviyyəyə gəlməsi Bakı və Ankaranın uzun illərdir bütün təzyiq və reaksiyalara qarşı uğurlu əməkdaşlığının və koordinasiyasının nəticəsidir.
Bu prosesdə ətrafımızdakı regionun mürəkkəbliyini anlamaq və siyasətçilərə zəruri qərarlar vermək üçün zaman vermək lazımdır.
Müasir dövrdə təhlükəsizlik artıq yalnız sərhədlər və silahlarla müəyyən olunmur. Biz informasiya müharibəsi dövründə yaşayırıq; burada dezinformasiya kampaniyaları və media manipulasiyaları cəmiyyəti ənənəvi silahlar qədər sarsıda bilər. Bu ölçüdə də Azərbaycan–Türkiyə əməkdaşlığı həyati əhəmiyyət daşıyır və TDT platforması getdikcə daha çox aktuallaşır.
Həm Azərbaycan, həm də Türkiyə, xüsusən də Qərb ölkələrində, erməni lobbisi və onun müttəfiqləri tərəfindən sistemli dezinformasiya kampaniyalarının hədəfi olur. Prezident İlham Əliyev qeyd edib ki, bəzən “bizim haqqımızda (Türkiyə və Azərbaycan haqqında) mənfi rəy süni şəkildə formalaşdırılır və bunun arxasında bizə qarşı düşmən münasibət bəsləyən erməni diasporunun fəaliyyəti dayanır”. Bu hücumlar yalnız 1915-ci il ətrafındakı tarixi təhriflərlə məhdudlaşmır; onlar Ermənistan–Azərbaycan münaqişəsinin saxtalaşdırılmış təqdimatına, regional proseslərin, o cümlədən Yaxın Şərqdə baş verənlərin qərəzli işıqlandırılmasına qədər uzanır.
Bunun qarşısını almaq üçün Azərbaycan və Türkiyə diaspor və media strategiyalarını getdikcə daha çox əlaqələndirirlər. 2007-ci ilin martında Prezident Əliyevin təşəbbüsü ilə Bakıda Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərlərinin Birinci Forumu keçirildi. Orada qəbul edilən bəyannamə diaspor strukturlarına yalnız Azərbaycan və Türkiyənin maraqlarını deyil, eyni zamanda bütövlükdə türk dünyasının mənafelərini qorumağı tapşırdı. Bəyannamə, həmçinin xaricdə yaşayan azərbaycanlı və türkləri yaşadıqları ölkələrin siyasi və ictimai həyatına daha fəal cəlb olunmağa çağırdı.
Prezident Əliyev mühüm strateji məqama toxundu: birgə fəaliyyət yalnız müdafiə xarakterli reaksiyalarla məhdudlaşmamalı; diplomatiyaya əsaslanan hücum taktikaları ilə – yəni narrativləri formalaşdırmaqla – dəstəklənməlidir, sadəcə onlara cavab verməklə yox.
Bu yanaşmanın institusional olaraq formalaşdırılması TDT çərçivəsində davam etdirildi. Məhz burada media və dezinformasiya TDT-nin daha geniş gündəliyi ilə kəsişir. Təşkilat və ona bağlı qurumlar təhsil və mədəniyyət proqramlarını – məsələn, ortaq televiziya kanalı və Türk Akademiyası kimi təşəbbüsləri – yalnız mədəni inkişaf üçün deyil, həm də informasiya-suverenliyi üçün dəstəkləyirlər.
Türk Yazarlar Birliyinin, Türk Kinematoqrafiya Birliyinin, Türk Universitetləri Birliyinin yaradılması, ortaq terminologiya təşəbbüsləri hamısı ortaq intellektual və informasiya məkanı qurmağa xidmət edir. Latın qrafikasına əsaslanan ortaq elmi əlifba, ortaq tarix dərslikləri və birgə mədəni layihələr təkcə simvolik addımlar deyil; onlar parçalanmanın qarşısını almaq və xarici dezinformasiyaya yaxşı araşdırılmış, əlçatan və vahid türk bilikləri məcmuəsi ilə cavab vermək üçün alətlərdir.
Bundan əlavə, turizm və mədəni irs siyasətləri – UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 29 türk məkanının təbliği və İpək Yolunun dirçəldilməsi kimi təşəbbüslər – həm də media ölçüsünə malikdir. Mədəni turizm bir növ “yumşaq güc” funksiyasını yerinə yetirir; bu, əcnəbilərə türk sivilizasiyalarını birbaşa tanımaq imkanı verir və bununla da düşmən media narrativlərinin təsirini zəiflədir.
Eyni məntiq Şuranın işğal olunmuş Azərbaycan ərazilərindəki türk mədəni irsinin dağıdılması ilə bağlı qətnamələr qəbul etməsi və bu məsələləri BMT səviyyəsində gündəmə gətirməsinə də aiddir. Bu, təkcə abidələrdən söhbət etmir; bu, həm də qəsdən saxtalaşdırılan tarixi həqiqətin müdafiəsidir.
Gələcəyə baxdıqda, TDT çərçivəsində Azərbaycan–Türkiyə əməkdaşlığının önəmi azalmağa deyil, daha da artmağa meyillidir. Geosiyasi baxımdan Azərbaycan türk dünyasının mərkəzində yerləşir; Mərkəzi Asiyanı Cənubi Qafqaz və Anadolu ilə birləşdirir. Xəzər dənizi üzərindən, Cənubi Qafqaz vasitəsilə, Xəzər və Qara dənizləri bir-birinə bağlayan əsas enerji və nəqliyyat layihələri yalnız Bakı və Ankaranın sıx koordinasiyası sayəsində mümkündür.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsində fəal iştirak Azərbaycan xarici siyasətinin prioritetlərindən biridir.
Nəticə etibarilə, Türk Dövlətləri Təşkilatı bir zamanlar yalnız ideya səviyyəsində mövcud olan tarixi birliyin artıq koordinasiyalı şəkildə hərəkət edə bilən institusional formaya salınmasını təmsil edir. O, enerji, nəqliyyat, təhsil, mədəniyyət, diaspora məsələləri, xarici siyasət və təhlükəsizlik sahələrində əməkdaşlıq mexanizmləri formalaşdırıb.
Bu çərçivədə Azərbaycan–Türkiyə tərəfdaşlığı həm onurğa, həm də hərəkətverici qüvvə rolunu oynayır. Hərbi sahədə bu tərəfdaşlıq regional təhlükəsizliyə və çəkindiriciliyə töhfə verir. Diplomatik müstəvidə beynəlxalq forumlarda qarşılıqlı dəstəyi təmin edir. Media və informasiya sahəsində isə dezinformasiyaya qarşı çıxmaq və cəmiyyətlərimizin dünyaya dəqiq, özünəinamlı surətini təqdim etmək məqsədilə daha geniş türk səylərinin nüvəsini təşkil edir.
Əgər biz bu təməl üzərində – TDT daxilində əməkdaşlığı dərinləşdirsək, hərbi və təhlükəsizlik əlaqələrini möhkəmləndirsək, media və diaspora sahəsində birgə fəaliyyəti intensivləşdirsək – təkcə milli maraqlarımızı qorumaqla kifayətlənməyəcək, həm də daha balanslı, çoxqütblü və həqiqətə daha uyğun beynəlxalq düzənin formalaşmasına töhfə verəcəyik.
Məhz bu ruhda Azərbaycan və Türkiyə, türk qardaşları ilə birlikdə irəliləməli, dil və mədəniyyət baxımından birlik nümayiş etdirməli, maraqlarını uzlaşdırmalı və həqiqəti yalandan qorumaqda qətiyyətli olmalıdırlar.


