BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Davamlı sülhün Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsirləri

2025-10-16 12:33

Cənubi Qafqaz regionu geosiyasi və geoiqtisadi baxımdan Avrasiya üçün strateji əhəmiyyət daşıyır. Bununla belə, regionun təhlükəsizlik mühiti uzun illərdir bir sıra mürəkkəb amillərin təsiri altında formalaşmışdır. Əsas təsiredici faktorlar belə sıralana bilər: həll olunmamış münaqişələr, region dövlətləri arasında qarşılıqlı münasibətlər, bölgə daxilində institutlaşma səviyyəsinin zəifliyi, böyük güclərin rəqabəti və s. Qeyd olunan faktorlar Cənubi Qafqazda təhlükəsizlik sisteminin zəif olmasına və davamlı sülhün bərqərar olmasının ləngiməsinə gətirib çıxarmışdır. Lakin son dövrdə regionda baş verən dəyişikliklər bu neqativ tendensiyaların aradan qalxmasına ümid yaradır. Xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması ilə yeni geosiyasi reallıqlar formalaşır ki, bu da bölgənin təhlükəsizlik mühitinə müsbət təsir göstərə bilər.

Post-münaqişə reallıqları və sülh perspektivləri

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsi regionun geosiyasi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirdi. Otuz ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin bitməsi Cənubi Qafqazda yeni bir mərhələnin əsasını qoydu. Artıq Azərbaycan və Ermənistan arasında “post-münaqişə” dövrü başlayıb ki, bu mərhələdə davamlı sülh sazişinin imzalanması əsas hədəfdir. Münaqişənin həll olunması sayəsində bölgədə illərdir mövcud olan ən böyük təhlükəsizlik təhdidi aradan qalxır və regional əməkdaşlıq üçün imkanlar genişlənir. İlk növbədə, iki qonşu ölkə arasında düşmənçiliyin bitməsi regionda hərbi qarşıdurma riskini minimuma endirir. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün sabitlik deməkdir. İkincisi, münaqişə dövründə həyata keçirilməsi mümkünsüz görünən regional layihələrin (nəqliyyat dəhlizləri, enerji xətləri və s.) reallaşması perspektivi yaranır. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra artıq tərəflər kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası mövzularını praktiki müstəvidə müzakirə edirlər. Nəhayət, münaqişənin bitməsi ilə beynəlxalq hüquq prinsiplərinə əsaslanan sülh müqaviləsinin imzalanması imkanı ortaya çıxıb. Bu sülh sazişi regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edəcək.

2020-ci ildən sonra aparılan sülh danışıqları nəticəsində 2025-ci ildə ciddi irəliləyişlər əldə olunmağa başladı. Xüsusilə, avqustun 8-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən zirvə görüşü sülh prosesində tarixi bir addım oldu. Bu sammit nəticəsində tərəflər arasında mühüm sənədlər imzalandı və post-münaqişə nizamlanmasına dair prinsipial razılıqlar əldə olundu. Vaşinqton sammitinin ən mühüm nəticəsi kimi “Sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında” ikitərəfli Saziş mətninin tam razılaşdırılması və xarici işlər nazirləri səviyyəsində paraflanması qeyd oluna bilər. Yəni, tərəflər uzunmüddətli sülh müqaviləsinin mətni üzərində razılığa gəldilər və onun imzalanmasına doğru həlledici addım atdılar. Bununla yanaşı, sammit çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri keçmiş münaqişənin artıq tarixə qovuşduğunu bəyan etdilər, bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqlədilər. Tərəflər BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə sadiq qalacaqlarını bildirərək sərhədlərin toxunulmazlığını vurğuladılar. Bu kimi siyasi öhdəliklər bölgədə yeni dövrün – qarşılıqlı hörmətə əsaslanan münasibətlər dövrünün başlandığını göstərir.

Vaşinqton görüşündə həmçinin regionda bütün nəqliyyat-kommunikasiya xətlərinin açılması barədə prinsipial anlaşma təzələndi. Xüsusilə, Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunmasının əhəmiyyəti bir daha təsdiq edildi. Bu qərar Zəngəzur dəhlizinin açılması perspektivinə işarə edirdi və Ermənistan üçün də beynəlxalq və ölkədaxili kommunikasiyalardan faydalanmaq imkanı yaradacağı qeyd olundu. Sammitin sonunda imzalanmış birgə bəyanatda qeyd edilir ki, bu görüş regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl formalaşdırır. Həqiqətən də, ABŞ Prezidentinin ev sahibliyi ilə keçirilən həmin yüksək səviyyəli toplantı nəticəsində əldə olunan razılaşmalar Cənubi Qafqazda davamlı sülhün əldə olunmasını daha real və yaxın perspektivə çevirdi. Bu sammitin strateji əhəmiyyəti vurğulanaraq onun təkcə Azərbaycan-ABŞ münasibətlərini yeni mərhələyə yüksəltməsi deyil, eyni zamanda regional sülh üçün mühüm nəticələr verməsi xüsusi qeyd olunmuşdur.

Türkiyə–Ermənistan münasibətlərinin bərpası perspektivi

Azərbaycan-Ermənistan sülh prosesindəki müsbət dinamika regionun digər mühüm problemli münasibətinə – Türkiyə və Ermənistan arasındakı əlaqələrə də təsirsiz ötüşmür. 1990-cı illərin əvvəllərindən etibarən Türkiyə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etiraz olaraq, İrəvanla sərhədlərini bağlamışdı. Nəticədə, son otuz il ərzində Ankara-İrəvan xəttində münasibətlər dondurulmuş vəziyyətdə qalmışdı. Lakin Ermənistan-Azərbaycan münaqişəsinin bitməsi və sülh müqaviləsinin gündəmə gəlməsi Türkiyə–Ermənistan münasibətlərinin normallaşması üçün yeni imkanlar açır.

İkinci Qarabağ müharibəsindən dərhal sonra Türkiyə və Ermənistan xüsusi nümayəndələr vasitəsilə ilkin təmaslara başladılar. Məqsəd uzun müddətdir bağlı qalan sərhədin açılması və diplomatik əlaqələrin bərpası idi. Ermənistan üçün Türkiyə ilə əlaqələrin bərpası iqtisadi və siyasi baxımdan çox əhəmiyyətlidir; ekspertlər bu addımın İrəvanın regional inteqrasiyasını sürətləndirəcəyini qeyd edirlər. Lakin rəsmi Ankara prosesdə həmişə Azərbaycanın maraqlarını nəzərə almış və açıq şəkildə bildirmişdir ki, Bakı ilə münasibətlər normallaşmadan İrəvanla barışıq mümkün deyil. Bu prinsipial mövqe hələ də qüvvədədir: Ermənistan anlamalıdır ki, Azərbaycanla davamlı sülhə nail olmadan Türkiyə ilə münasibətlərin tam bərpası mümkün olmayacaq. Türkiyə hökuməti Ermənistanla dialoq apararkən hər zaman müttəfiqi Azərbaycanın prioritetlərini də ön planda tutur. Məsələn, Ankara İrəvana diplomatik əlaqələrin qurulması üçün irəli sürdüyü şərtlərdən birinin məhz Bakı ilə sülh sazişinin imzalanması olduğunu bəyan edib. Beləliklə, Azərbaycan ilə Ermənistan arasında sülh prosesində müşahidə olunan irəliləyişlər Ankaranın İrəvanla münasibətlərini yaxşılaşdırması üçün əsas şərt rolunda çıxış edir. Əgər tezliklə sülh sazişi imzalanarsa və Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra edərsə, Türkiyə ilə sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması prosesi də sürətlənəcəkdir. Bu isə Cənubi Qafqazda ümumi təhlükəsizlik mühitinin daha sağlam zəmində qurulmasına kömək edəcək.

Post-münaqişə dövrünün ən çox müzakirə olunan məsələlərindən biri Zəngəzur dəhlizinin (TRİPP) açılması perspektividir. Zəngəzur dəhlizi dedikdə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçəcək yeni nəqliyyat-kommunikasiya yolunun açılması nəzərdə tutulur. Bu dəhliz ideyası 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında əksini tapmış və İkinci Qarabağ müharibəsindən sonra regional gündəmin əsas mövzularından birinə çevrilmişdir. Zəngəzur dəhlizinin (TRİPP) reallaşması təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət kəsb edir.

İlk növbədə, bu dəhlizin açılması Cənubi Qafqazda illərlə davam edən kommunikasiyanın blokadasına son qoyacaq. Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İranı daxil etməklə geniş coğrafiyanı əhatə edən yeni nəqliyyat bağlantıları yaranacaq. Məsələn, Zəngəzur marşrutu Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin tərkib hissəsi kimi çıxış edə bilər və Asiya ilə Avropanı birləşdirən ticarət yollarını qısalda, iqtisadi faydalar gətirə bilər. Bu baxımdan Zəngəzur dəhlizi həm tarixi aspektdən, həm də müasir geosiyasi reallıqlar prizmasından Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Dəhlizin açılması regional əməkdaşlıq qarşısında illərlə dayanan maneələrin aradan qaldırılmasına xidmət edəcək, çünki bu layihə sayəsində iqtisadi-sosial əlaqələr bərpa olunacaq, qarşılıqlı asılılıq artacaq.

Nəhayət, Zəngəzur dəhlizinin reallaşması regional sülh və təhlükəsizlik baxımından əhəmiyyətli bir addım olacaq. Bu layihə uzun illər düşmən münasibətlər səbəbindən qapalı qalmış sərhədləri faktiki olaraq açacaq, Cənubi Qafqazda inteqrasiya prosesini sürətləndirəcək. Kommunikasiyaların açılması hərbi riskləri azaldacaq, çünki qarşılıqlı asılılıq və ortaq maraqlar münaqişə ehtimalını azaldır. Eyni zamanda, bu dəhliz türk dünyasının qərbdən şərqə fiziki bağlantısını təmin edəcək ki, bu da yalnız iqtisadi deyil, strateji əməkdaşlıq müstəvisində də yeni imkanlar açır.

Beləliklə, son zamanlar Cənubi Qafqazda sülh prosesində müşahidə olunan müsbət dinamika regionun təhlükəsizlik mühitinə birbaşa təsir göstərir. Azərbaycan-Ermənistan münaqişəsinin başa çatması ilə bölgənin ən böyük təhlükəsizlik təhdidi aradan qalxır və yeni əməkdaşlıq səhifəsi açılır. Vaşinqton sammiti kimi yüksək səviyyəli görüşlər nəticəsində sülh sazişinin mətni razılaşdırılaraq imzalanma ərəfəsinə gəlib. Tərəflərin bir-birinin suverenliyini tanıması və kommunikasiyaların açılmasına dair öhdəlik götürməsi Cənubi Qafqazda etimadın bərpasına xidmət edir. Bu, həm də o deməkdir ki, uzun illərdir mümkün olmayan regional institutlaşma və birlikdə yaşama mədəniyyəti üçün zəmin yaranır. Davamlı sülhün əldə olunması regional təhlükəsizlik arxitekturasını gücləndirəcək. Əgər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi rəsmən bağlanarsa, Türkiyə ilə Ermənistan arasındakı nifaq də tarixə qovuşacaq – nəticədə bütün region ölkələri arasında diplomatik münasibətlər tam normallaşacaq. Zəngəzur dəhlizinin açılması və digər nəqliyyat layihələrinin həyata keçməsi isə Cənubi Qafqazı beynəlxalq ticarət və kommunikasiya şəbəkəsinin əhəmiyyətli bir hissəsinə çevirəcəkdir. Bütövlükdə bu proseslər regionda sabitliyi möhkəmləndirir, çünki iqtisadi-faydalı əlaqələr münaqişə riskini azaldır və ortaq maraqları artırır.

Nəticə etibarilə, post-münaqişə mərhələsində atılan addımlar Cənubi Qafqazın təhlükəsizlik mühitini pozitiv istiqamətdə dəyişməkdədir. Sülh prosesində əldə olunan irəliləyişlər göstərir ki, region uzun illərdən sonra ilk dəfə davamlı sülh və inkişaf perspektivinə bu qədər yaxınlaşıb. Əlbəttə, əldə edilmiş razılaşmaların tam icrası və verilən öhdəliklərin yerinə yetirilməsi vacibdir. Lakin bu müsbət dinamika qorunub davam etdirilərsə, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik mühitinin köklü şəkildə yaxşılaşacağı və yeni dövrün başlayacağı qənaətini gücləndirir. Bu yeni dövr bölgə xalqlarına sülh, rifah və tərəqqi vəd edir.

*Məqalə türk dilində “Yeni Şafak” nəşrində dərc edilib:

https://www.yenisafak.com/dusunce-gunlugu/guney-kafkasyada-esen-baris-ruzgarlari-4758320