BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

COP-29 ərəfəsində Avropa Parlamentindən Azərbaycana yönəlmiş növbəti hibrid təhdid

2024-10-23 11:43

22 oktyabr tarixində Avropa Parlamentində Azərbaycana qarşı növbəti müzakirələr keçirilmişdir. “Azərbaycandakı vəziyyət, insan haqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” mövzusunda təşkil edilmiş bu tədbir şübhəsiz ki, təsadüfü xarakter daşımır və Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyası ilə birbaşa bağlıdır. 

Məlumdur ki, 1994-cü ildən dünyanın müxtəlif ölkələrində hər il təşkil edilən COP sessiyaları ətraf mühitin çirklənməsinin qarşısının  alınması istiqamətində müzakirələrə həsr edilir. Azərbaycanın da belə bir mötəbər tədbirin 29-cu sessiyasına bu il ev sahibliyi etməsi dünya ictimaiyyəti tərəfindən ölkəmizə göstərilən etimadın bariz nümunəsidir. “Yaşıl dünya naminə həmrəy olaq!" şüarı altında keçiriləcək COP29 çərçivəsində Azərbaycanın beynəlxalq səviyyədə rolu güclənməklə yanaşı ölkəmizin davamlı iqlim təcrübələrinə etdiyi öhdəliyi də qlobal iqlim gündəlikdə diqqətə çatdırılacaqdır.   

Bu baxımdan Avropa Parlamentində dünən təşkil edilmiş müzakirələr Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzuna mənfi təsir göstərmək və ölkəmizə qarşı növbəti dəfə təzyiq nümayiş etdirmək kimi qiymətləndirilməlidir. Ötən illər ərzində Avropa Parlamentində keçirilən bu tipli müzakirələr və eləcə də bu təsisat tərəfindən qəbul edilmiş çoxsaylı qətnamələr Azərbaycana qarşı qərəzli mahiyyəti ilə seçilmiş və adətən onlarda əks edilən məsələlər post-həqiqət elementlərini özündə ehtiva edərək, obyektiv faktların subyektiv emosiyalarla əvəzlənməsi ilə müşayiət olunmuşdur.

İlk növbədə Azərbaycana qarşı belə bir yanlış münasibətin şərgilənməsi erməni diasporunun və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatlarının uzun illər ərzində apardığı məqsədyönlü fəaliyyəti ilə əlaqələndirilməlidir. Əfsuslar olsun ki, bu qüvvələr və onların havadarları Ermənistan-Azərbaycan qarşıdurmasındakı real faktları təhrif edərək, müəyyən mənada alternativ bir reallıq gündəmə gətırməyə daim çalışmışlar. 2020-ci ildə baş vermiş Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında həyata keçirilmiş anti-terror əməliyyatından sonra da onlar bəzi real faktları təhrif edərək, subyektiv emosiyalar əsasında narrativlər yaratmağa qismən də nail olmuşlar. Məsələn, belə narrativlər arasında 2023-cü ilin sentyabrında anti-terror əməliyyatından sonra Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycan dövlətinin vətəndaşı olmaqdan boyun qaçıraraq, könüllü şəkildə bu ərazini tərk etməsi faktını qondarma “etnik təmizləmə” kimi qələmə verilməsini və ya Azərbaycanın vaxtilə ərazisinin beşdə bir hissəsini işğal etməklə bir milyona yaxın azərbaycanlının məcburi şəkildə öz evlərindən qovulmasında, bu günə qədər 4000-ə yaxın insanın hələ də itkin düşməsində, öldürülməsində, onlara qarşı Xocalı qətliyamının törədilməsində təqsirləndirilən müharibə cinayətkarlarının hərbi əsir kimi qaytarılmasını göstərmər olar. 

Digər tərəfdən, insan hüquqları məsələsi daim Azərbaycana qarşı siyasi məqsədlər üçün bir alət kimi istifadə edilir. Bu baxımdan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiasının kökündən yanlış olması fikri  ilə razılaşmamaq qeyri-mümkündür.

Beləliklə, Avropa Parlamentindəki keçirilmiş müzakirələrdə həm Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borrelin İş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmit tərəfindən təqdim etdiyi bəyanatı , həm də müzakirələrdə qaldırılan bur sıra məsələlər  qərəzli xarakter daşımaqla yanaşı, reallığı tam əks etdirmir və Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilməlidir. 

https://www.azerbaijan-news.az/az/posts/detail/cop-29-erefesinde-avropa-parlamentinden-azerbaycana-yonelmis-novbeti-hibrid-tehdidnbsp-1729691713/341852