BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ÇIXIŞ-BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin TDT beyin mərkəzləri konfransında nitq söyləyib

2025-09-29 16:10

Hörmətli qonaqlar,

Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının (TDT) bu ilki Zirvə görüşü Azərbaycanda keçiriləcək. Təşkilata üzv və müşahidəçi dövlətlərin beyin mərkəzləri olaraq, Zirvə görüşlərindən əvvəl ev sahibi ölkədə öz aramızda mütəmadi görüşlər keçirməyi artıq ənənə halına salmışıq. Hətta bu istiqamətdə beyin mərkəzləri arasında memorandum imzalanmış, TDT Zirvə görüşlərinin yekun bəyannaməsində dövlət və hökumət başçıları tərəfindən bu görüşlərin davam etdirilməsi müvafiq tapşırıq olaraq müəyyən edilmişdir.  İndiyədək 10 belə görüş və konfrans təşkil etmişik. Bu gün isə 11-ci konfransı Bakıda keçiririk.

Bu münasibətlə, dəyərli vaxtını ayıraraq tədbirimizdə iştirak edən bütün xarici və yerli qonaqlara dərin təşəkkürümü bildirirəm.

2009-cu ildə etibarən, təşkilatlanma mərhələsinə keçən TDT-nin regiondakı nüfuzu daim artan xətt üzrə inkişaf edir. Son illərdə təşkilatın həm üzv dövlətlərinin sayı, həm də regional və qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Bu gün əminliklə deyə bilərik ki, TDT həqiqi mənada regionda sülh və əməkdaşlığa tam xidmət edir. Çünki  regiondakı digər təşkilatlardan fərqli olaraq, TDT daxilində əməkdaşlıq bərabərhüquqluluq prinsipinə əsaslanır.

Hazırda dünya siyasətində qeyri-müəyyənlik dövrü yaşanır. Bunun əsas səbəblərindən biri bir çox beynəlxalq təşkilatların öz funksiyalarını effektiv şəkildə yerinə yetirə bilməməsidir. Bu gün regional və qlobal səviyyədə ya mövcud təşkilatlarda ciddi islahatlara, ya da yeni təsisatların meydana gəlməsinə ehtiyac var. Qısaca, təşkilatların funksionallığı baxımından boşluq mövcuddur və TDT bu boşluğu doldurmaq potensialına malikdir.

Türk dövlətləri arasında əməkdaşlığı zəruri edən əsas amillərdən biri dünyada artmaqda olan təhlükələr və risklərdir. Bu təhlükələrə qarşı təkbaşına mübarizə aparmaq, demək olar ki, mümkün deyil. Məhz buna görə də dövlətlər arasında ittifaqların və əməkdaşlıq formatlarının artdığını müşahidə edirik. Azərbaycanın hazırda 4 dövlətlə müttəfiqlik müqaviləsi və ya bəyannaməsi vardır ki, onlardan 3-ü Türk dövlətləridir. Aramızdakı əməkdaşlığın güclənməsi qarşılaşdığımız risk və təhlükələrə qarşı daha dayanıqlı mövqe sərgiləməyimizə imkan yaradır.

Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi regionda geosiyasi və geoiqtisadi güc balansını üzv və müşahidəçi dövlətlərin lehinə dəyişməkdədir. Artıq bölgəyə maraq göstərən xarici güclər tək bir dövlətlə deyil, bir dövlətlər ittifaqı ilə hesablaşmaq məcburiyyətində qalır. Bəzi fərqliliklərə baxmayaraq, Türk dövlətləri arasında həmrəylik və ortaq fəaliyyətin daha da gücləndiyini görmək mümkündür. Bu, bəzi xarici qüvvələri narahat edir. Onlar Türk dövlətləri arasında fikir ayrılığı yaratmaq və birliklərini sarsıtmaq məqsədilə müxtəlif şirnikləndirici təklifləri gündəmə gətirirlər. İmperiya keçmişinə sahib bu dairələr regiondakı müstəqil dövlətləri hələ də “parçala və hökm sür” məntiqi ilə idarə etməyə çalışırlar. Buna qarşılıq olaraq, biz TDT çərçivəsində əməkdaşlıq və həmrəyliyimizi daha da gücləndirməli, xarici qüvvələrin məqsədlərinə çatmasına imkan verməməliyik.

Xüsusilə, son beş ildə regionumuzda baş verən geosiyasi və geoiqtisadi proseslər TDT-yə, onun həyata keçirdiyi layihələrə diqqəti və marağı artırmışdır. Bu, bizim üçün böyük fürsətdir və biz bu fürsəti əməkdaşlığımızı daha da dərinləşdirmək üçün dəyərləndirməliyik.

Azərbaycan hər zaman xarici siyasətində TDT-nin qlobal siyasətdə mövqeyinin möhkəmlənməsinə dəstək vermişdir. Prezident İlham Əliyev TDT ilə əməkdaşlığı və təşkilatın gücləndirilməsini Azərbaycan xarici siyasətinin prioriteti kimi müəyyən etmiş, “Bizim ailəmiz Türk dünyasıdır, başqa ailəmiz yoxdur” ifadəsi ilə bölgədəki digər təşkilatlara da mesaj vermişdir. İlk olaraq məhz Azərbaycan TDT katibliyinin büdcəsinə əlavə 2 milyon dollar ayırmış, TDT-nin qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təşəbbüsünü də irəli sürmüşdür.

Hörmətli qonaqlar,

Bildirmək istərdim ki, Azərbaycan və Ermənistan arasında diplomatik müzakirələr və normallaşma prosesi çərçivəsində müəyyən razılaşmalar əldə olunmuşdur. Bu, regionumuz üçün yeni əməkdaşlıq imkanları yaradır. Xüsusilə, Zəngəzur dəhlizinin reallaşma perspektivlərinin artması Türk dövlətləri arasında nəqliyyat və enerji sahəsində yeni imkanların yaranmasına şərait yaradır. Bu istiqamətdə Türk dövlətlərinin dəstəyi olduqca mühüm və həlledici rol oynayır. Bu dəstək, eyni zamanda, Orta Dəhlizin gücləndirilməsinə, təhlükəsizliyimizin təmin edilməsinə və xalqlarımız arasında həmrəyliyin dərinləşməsinə xidmət edəcək. Bütün bunlar isə regiondakı gücümüzü artıracaq və dünya siyasətində mövqeyimizi daha da möhkəmləndirəcəkdir.