BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Çin Xalq Respublikasının artan rolu və TRIPP sazişi kontekstində Orta Dəhlizin genişlənməsi

2025-09-25 10:36

BMTM-in aparıcı məsləhətçisi Roza Bayramlının “Çin Xalq Respublikasının artan rolu və TRIPP sazişi kontekstində Orta Dəhlizin genişlənməsi” sərlövhəli məqaləsi Ceymstaun Fondunun “Eurasia Daily Monitor” nəşrində dərc edilib.

Məqalədə 7 avqust tarixində China Railway Container Transport Corp. Ltd-nin (CRCT) 2023-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə təsis etdiyi Middle Corridor Multimodal Ltd birgə müəssisəsinə qoşulması barədə geniş məlumat verilir:

“Bu struktur Orta Dəhlizin inkişafını dəstəkləmək məqsədilə üç ölkənin dəmir yolu şirkətlərinin əməkdaşlığını əlaqələndirmək üçün yaradılıb. Qərar Bakıda təşkil olunan və layihəyə üzv olan ölkələrin aparıcı dəmir yolu qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli görüş zamanı yekdilliklə qəbul edilib. Çin Xalq Respublikasının (ÇXR) bu prosesə qoşulması həm şimal istiqamətində Rusiya üzərindən, həm də cənub istiqamətində İran üzərindən keçən marşrutlarda müşahidə olunan gərginlik fonunda Orta Dəhlizin daşıma qabiliyyətini daha da artıra bilər.

Bakıda keçirilən görüş zamanı birgə müəssisənin üzvləri Middle Corridor Multimodal Ltd şirkətinin 2025-ci ilin ilk yeddi ayı ərzindəki fəaliyyətini nəzərdən keçiriblər. Onlar ÇXR ilə Azərbaycan arasında yük axınlarının sürətlə artmasını qeyd edərək bunu müsbət hal kimi qiymətləndiriblər.

2025-ci ilin ilk yeddi ayında Azərbaycana 225 qatar gəlib. 2024-cü ildə bu göstərici 287 təşkil edib. İlin sonunadək bu sayın 400-dən çox blok qatarı keçəcəyi gözlənilir. Konteyner daşımalarında da oxşar artım dinamikası müşahidə olunur".

Məqalədə qeyd edilir ki, Çin şirkətinin (CRCT) Middle Corridor Multimodal Ltd-yə qoşulması ÇXR-in bu nəqliyyat marşrutunun gələcək inkişafına töhfə verməyə artan marağını göstərir:

“Qlobal təchizat zəncirlərinin dəyişməsi və təhlükəsiz ticarət marşrutlarına artan tələbat fonunda Pekinin iştirakı bu layihənin əhəmiyyətini daha da artırır. ÇXR-in Middle Corridor Multimodal Ltd.-yə qoşulmaq qərarı Zəngəzur dəhlizi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavını birləşdirərək Ermənistanın cənubundan keçəcək nəqliyyat yolu ilə bağlı əldə olunan nailiyyətlərlə eyni vaxta təsadüf edir. Middle Corridor Multimodal Ltd.-nin Bakıda keçirilən görüşündən bir gün sonra ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə edildi. Bu dəhliz “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırıldı. Üç ölkə bu dəhlizin istifadəsinə dair əsas şərtlər barədə razılığa gəldil. 4 sentyabr tarixində isə bildirildi ki, ABŞ-dən olan nümayəndə heyəti yaxın vaxtlarda Yerevana gələcək və TRIPP-in müxtəlif aspektlərini, o cümlədən texniki, siyasi məsələləri, investisiya həcmini, prioritetləri və tikinti işlərinin başlanma vaxtını müzakirə edəcək”.

Müəllif Türkiyənin də Zəngəzur dəhlizinin reallaşdırılmasının sürətləndirilməsi istiqamətində atdığı addımlara diqqət çəkir:

“22 avqust tarixində Türkiyə Naxçıvan Muxtar Respublikası ilə sərhəd boyunca yerləşən, təxminən 224 kilometr (təxminən 140 mil) uzunluğunda olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin tikintisinə başlayıb. TRIPP ilə Türkiyənin dəmir yolu şəbəkəsini birləşdirəcək dəmir yolu xətti Orta Dəhlizin mühüm hissəsi olacaq. Dəmir yolunun təməlqoyma mərasimində Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloghlu vurğulayıb ki, 2,4 milyard avro (təxminən 2,84 milyard ABŞ dolları) xarici maliyyə dəstəyi ilə inşa ediləcək 224 kilometrlik xətt iki yollu elektrikləşdirilmiş dəmir yolu olacaq. Hər il 15 milyon ton yük və 5,5 milyon sərnişin daşınması planlaşdırılır.

Azərbaycan həm Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunu, həm də planlaşdırılan Zəngəzur Dəhlizini uzunmüddətli bağlantılar (connectivity) strategiyasının əsas tərkib hissələri kimi qiymətləndirir. 2017-ci ildə tamamlanmış və illik  daşıma gücü 5 milyon ton yükə qədər artırılmış BTQ Orta Dəhlizin əsas sütunu rolunu oynayır, Xəzər dənizini Türkiyə və Avropa ilə birləşdirir. Bakı, eyni zamanda, Zəngəzur dəhlizini BTQ xəttinə alternativ bir marşrut və həm şərq-qərb, həm də şimal-cənub ticarətini gücləndirə biləcək tamamlayıcı tranzit yolu kimi qiymətləndirir.

Yekunda müəllif əlavə edir ki, TRIPP-lə bağlı  əldə olunan razılıq, ÇXR-in Middle Corridor Multimodal Ltd-ə qoşulması, Türkiyənin Qars-İğdır-Aralık-Dilucu dəmiryolunun tikintisinə başlaması Avrasiya məkanında bağlantılar baxımından ciddi geosiyasi dəyişikliklərin baş verməsinin göstəriciləridir.

*Məqalənin ingilis dilində olan orijinal və tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://jamestown.org/program/middle-corridor-expands-with-prcs-growing-role-and-tripp-agreement/