10 iyul 2025-ci il tarixində Azərbaycan və Ermənistan rəsmiləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində görüş keçiriblər. Görüşün əsas mövzusu ikitərəfli münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması olub. Bu görüşün əhəmiyyəti ondan ibarətdir ki, o, tərəflər arasında vasitəçi olmadan, birbaşa formatda aparılıb.
Bu kontekstdə həm Azərbaycan, həm də Ermənistan tərəfi danışıqları konstruktiv kimi dəyərləndirib. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci ilin mart ayında razılaşdırılmış sülh mətninin paraflamağa hazır olduqlarını bildiriblər. Lakin sənədin imzalanması üçün hələ də Ermənistanın atmalı olduğu addımlar qalmaqdadır.
Digər tərəfdən, Əbu-Dabi görüşlərinin uğurla keçməsi və sülh mətninin yekunlaşması asanlıqla əldə olunmuş nailiyyətlər deyil. Bu prosesin müsbət məcrada inkişaf etməsinin arxasında Azərbaycanın uğurlu diplomatiyası və sülh mətni ilə bağlı irəli sürdüyü təkliflərin xüsusi və müsbət rolu dayanır.
Sülh sazişi Azərbaycanın təklifləri əsasında formalaşıb
İkinci Qarabağ müharibəsinin başa çatmasından bir il sonra, 2021-ci ilin noyabrında Prezident İlham Əliyev Azərbaycanın sülh sazişi imzalamağa hazır olduğunu və bu istiqamətdə Ermənistana təklif göndərdiyini bəyan etmişdi. Ardınca, 2022-ci ilin fevralında Azərbaycan tərəfi rəsmi şəkildə Ermənistana sülh sazişinin müzakirəsi üçün 5 əsas prinsipdən ibarət təməl şərtləri təqdim etdi və mətn üzərindən danışıqlar başladı. Azərbaycan tərəfinin sülh sənədi ilə bağlı bəzi haqlı tələbləri Ermənistan tərəfindən qəbul edildikdən sonra 2025-ci ilin mart ayında hər iki tərəf yazılı mətn üzərində razılığa gəldiklərini elan etdi.
Azərbaycanın tələbləri əsasında Qarabağ ermənilərinə xüsusi status verilməsini nəzərdə tutan bənd sülh sənədindən çıxarılıb. Həmçinin, tərəflər bir-birinə qarşı beynəlxalq məhkəmələrdə irəli sürdükləri iddiaları geri çəkmək və iki ölkə arasındakı sərhəddə digər ölkələrin nümayəndələrinin yerləşdirilməməsi barədə razılığa gəliblər. Digər tərəfdən, Azərbaycan rəsmiləri bəyan ediblər ki, sülh sənədinin imzalanması üçün ATƏT-in Minsk Qrupunun ləğv olunması və Ermənistan Konstitusiyasının dəyişdirilməsi zəruridir. Ermənistan tərəfi bu tələblərin yerinə yetirilməsi istiqamətində işlərini davam etdirir.
Sülhə töhfə verə biləcək bu tələblərin Ermənistan tərəfindən yerinə yetirilməsi asan baş vermədi. Paşinyan hakimiyyəti 44 günlük İkinci Qarabağ müharibəsindən sonra geosiyasi reallığın gələcəkdə Ermənistanın lehinə dəyişəcəyi ümidi ilə 10 noyabr bəyannaməsinin şərtlərini yerinə yetirməkdən yayınırdı. Ermənistan Üçtərəfli bəyanatın əksinə olaraq Laçın yolunu Qarabağa silah keçirmək üçün istifadə etdi. Bəzən Rusiya, bəzən isə Qərbin dəstəyini alaraq Qarabağdakı müvəqqəti status-kvonu daimiləşdirməyə, həmçinin Azərbaycanın Qarabağ bölgəsinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə çalışdı. Lakin geosiyasi proseslər Ermənistanın deyil, Azərbaycanın lehinə dəyişdikcə Paşinyan hakimiyyəti geri addım atmağa məcbur oldu. Ermənistan Qarabağdakı silahlı ermənilərə qarşı Azərbaycanın həyata keçirdiyi qanuni antiterror tədbirləri zamanı müttəfiqlərindən və hətta Beynəlxalq Ədalət Məhkəməsindən gözlədiyi dəstəyi ala bilmədi.
Qafqazın yeni dinamikası: Yüksələn Azərbaycan
Qarabağ Zəfərindən sonra Azərbaycan bölgədə qurduğu diplomatik bağlantılar ilə Ermənistana qarşı üstünlük əldə etməyi bacardı. Ermənistanın ABŞ ilə imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasına baxmayaraq, Azərbaycan bölgənin iki güclü dövləti Türkiyə və Rusiya ilə müttəfiqlik sazişləri bağladı. Bundan əlavə, Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında haqqında Birgə Bəyannamə qəbul edildi və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin güclü dəstəyinə nail olundu.
2024-cü ilin iyun ayında İranda keçirilən prezident seçkilərində Məsud Pezeşkianın ölkə prezidenti seçilməsi ilə Azərbaycanla ikitərəfli münasibətlərdə yeni dövr başladı. Pezeşkian iki dəfə Azərbaycana səfər etsə də, hələlik Ermənistana səfər etməyib. Digər tərəfdən, İranda gücə sahib olan və bölgədə Ermənistanın müttəfiqi olan mühafizəkarlar Qarabağ Zəfəri ilə Cənubi Qafqazda, Livanda Hizbullahın zəifləməsi və Suriyada rejimin dəyişməsi ilə Yaxın Şərqdə güc itirdilər. Qısası, İrandakı mühafizəkarlar həm daxili, həm də xarici siyasətdə nüfuz itirdilər.
Ermənistanın müttəfiqi Hindistan Pakistan qarşısında məğlubiyyətə uğradı. Fransa da Azərbaycan və Türkiyə qarşısında müxtəlif coğrafiyalarda geosiyasi itkilər yaşadı. Paşinyan hakimiyyətinin ən böyük itkilərindən biri ABŞ-də keçirilən seçkilərdə Respublikaçıların namizədi Donald Trampın Demokratların namizədi Kamala Harrisə qalib gəlməsi oldu. Donald Tramp dövründə Azərbaycan-ABŞ münasibətləri daha müsbət istiqamətdə inkişaf etdi, həmçinin Trampın Cənubi Qafqazda, xüsusilə Türkiyə ilə əməkdaşlığa önəm verməsi Ermənistanın müttəfiqləri üçün məyusluq yaratdı. Beləliklə, Azərbaycan və onun müttəfiqləri Ermənistanın müttəfiqlərinə qarşı güc qazandıqca Paşinyan hakimiyyəti beynəlxalq arenada tək qaldı.
Ermənistan rəhbərliyi Qərbin dəstəyinə arxalanaraq Azərbaycanla sülh prosesini tamamlamadan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün səylər göstərdi. Lakin son olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvəsində İlham Əliyevlə görüşü zamanı Ermənistanın sülh sazişi üçün Azərbaycanın legitim tələblərini yerinə yetirməli olduğunu bildirdi. Bu bəyanat Paşinyan və onun rəsmi nümayəndələrini məyus etdi. Nəticədə, Azərbaycan-Ermənistan sülh danışıqlarında Paşinyan bütün kartlarını itirərək sülh şərtlərini qəbul etməyə məcbur oldu.
Yekun olaraq, bu gün əldə edilən müsbət nəticələr Azərbaycan tərəfinin addımları və tələbləri ilə formalaşdı. Azərbaycan və Ermənistan arasında sülhün davamlı olması üçün gələcəkdə iki ölkə arasında yaranacaq siyasi və hüquqi problemlər tamamilə aradan qaldırılmalıdır. Əgər Paşinyan və dəstəkçiləri cari hakimiyyəti regional sülh üçün fürsət kimi qəbul edirlərsə, o zaman Paşinyan gələcək nəsillər üçün bu problemləri həll edəcək addımlar atmalıdır. Bunun yolu isə Azərbaycanın legitim tələblərinin yerinə yetirilməsindən, Ermənistan daxili siyasətində radikalların nəzarət altına alınmasından, həmçinin Azərbaycan və Türkiyə ilə səmimi münasibətlərin qurulmasından keçir.
*Məqalənin türk dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:


