BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar: Vaşinqtonun artan fəallığı

2025-08-25 10:48

BMTM-in baş məsləhətçisi Yunis Qurbanovun “Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar: Vaşinqtonun artan fəallığı” sərlövhəli məqaləsi “AnewZ”-un rəsmi veb səhifəsinin “Opinion” bölməsində dərc edilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidentinin dəvəti ilə Vaşinqtonda keçirdiyi son görüşə toxunan müəllif bildirir ki, bu, regionda dəyişən geosiyasi mənzərənin mühüm mərhələsini təşkil edir.

“ABŞ-nin ev sahibliyi etdiyi bu görüş təkcə simvolik xarakter daşımır. Bu, eyni zamanda, ABŞ-nin regiondakı münaqişələrin qlobal miqyasda genişlənərək daha böyük qeyri-sabitliyə səbəb olmasının qarşısını almağa artan marağını əks etdirir. Ehtiyatlı diplomatik üslubun qorunaraq hazırlandığı Birgə Bəyanatda suverenlik, ərazi bütövlüyü və qarşılıqlı tanınma prinsipləri vurğulanır ki, bunlar da istənilən davamlı razılaşmanın əsas dayaqları hesab olunur”.

Y. Qurbanov qeyd edir ki,  Cənubi Qafqazın geosiyasi mənzərəsi yenidən formalaşır:

“Onilliklər boyu Rusiya regionda təhlükəsizlik sahəsində, demək olar ki, mütləq üstünlüyə malik idi. Lakin dəyişən regional reallıqlar, yenidən nəzərdən keçirilən prioritetlər və formalaşmaqda olan iqtisadi imperativlər digər aktorlar üçün təsir imkanlarını genişləndirməyə və vasitəçilik prosesində daha əhəmiyyətli rol oynamağa şərait yaradıb. Moskvanın regional təhlükəsizlik üzərindəki ənənəvi monopoliyası getdikcə daha çox mübahisə predmetinə çevrilir. Bu isə siyasi konyunkturun yenidən formalaşmasından xəbər verir. Yəni sözügedən şəraitdə Bakı, Ankara, Vaşinqton, Brüssel öz maraqlarını irəli sürə bilər və əvvəllər Moskvanın nəzarətində olan geosiyasi gedişata təsir imkanları əldə edirlər. Xüsusilə Azərbaycanın strateji tərəfdaşı olaraq Türkiyənin regiondakı rolu əhəmiyyətli dərəcədə artıb. Bu tərəfdaşlıq təkcə müdafiə sahəsində əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda iqtisadi inteqrasiya, enerji layihələri və “Orta Dəhliz” kimi nəqliyyat təşəbbüslərini də əhatə edir. 

*Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://anewz.tv/opinion/news/12331/washingtons-renewed-role-in-the-south-caucasus/news