Noyabrın 3-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə “Böyük qələbənin 3-cü ildönümü: Post münaqişə dövrünün çağırış və fürsətləri” adlı simpozium keçirilib. Simpoziumda çıxış edən Xəzər Universitetinin təsisçisi və Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı Azərbaycanın 44 günlük müharibə nəticəsində əldə etdiyi qələbəni tarixi hadisə adlandırıb. O bildirib ki, Azərbaycan əsrlər boyu müxtəlif müharibələrin və tarixi hadisələrin şahidi olub. Qarabağ münaqişəsi zamanı separatçı qüvvələrin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın tarixi torpaqlarında toponimlərin dəyişdirilməsi baş verib. Onun sözlərinə görə, müharibədən 3 il sonra sentyabr ayında keçirilən antiterror tədbirləri nəticəsində Xankəndi tarixi adına qayıdıb.
Daha sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Zəfər Gününə həsr olunmuş bugünkü tədbirdə əsas məqsəd gündəmdə olan sülh danışıqları və eyni zamanda bu sülh prosesində olan təhdidləri, çağırışları müzakirə etməkdir. Onun sözlərinə görə, hazırda sülh sazişi ətrafında danışıqlar davam etdirilir:
"Bildiyiniz kimi sülh sazişində 3 əsas elementə əsalanan 5 baza prinsipi irəli sürülüb. Ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması, delimitasiya və nəqliyyat yollarının açılması bura daxildir. Digər vacib bir məsələ insanların öz vətəninə qayıtmasıdır”.
Fərid Şəfiyev əlavə edib ki, bu il tamam fərqli Zəfər Günü qeyd edirik: “Azərbaycan artıq öz suverenliyini tam şəkildə bərpa edib və o qüvvələr, hansılar ki regionumuzda münaqişə ilə bağlı məsələləri gündəmdə saxlamağa çalışır, bilməlidir ki, Azərbaycan öz məqsədlərinə nail olub və bundan sonra da nail olacaq".
Daha sonra simpozium panel müzakirələri ilə davam edib. “Post münaqişə dövründə Azərbaycan xarici siyasətinin gələcəyi” mövzusunda çıxış zamanı Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar şöbəsinin müdiri Mahur Qasımov, ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı çıxış edərək post münaqişə dövrünün prioritetlərindən danışıblar.
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Cənubi Qafqaz” adlı 2-ci panel müzakirələri zamanı Yuta Universitetinin professoru Hakan Yavuz, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov və BMTM-də təcrübə keçən ekspert Dinea Mark Andrey sülh müqaviləsinin region üçün açacağı imkanlardan danışıblar.