BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

BMTMM və LINKS Europe Azərbaycan-Avropa münasibətlərinə həsr olunmuş dəyirmi masa keçirib

2026-09-04 16:51

Azərbaycan ilə Avropa arasında intensivləşən strateji münasibətlər, Cənubi Qafqazdakı yeni geosiyasi reallıqlar, regional sülh, enerji, eləcə də nəqliyyat və bağlantılar məsələləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və LINKS Europe Fondu tərəfindən birgə təşkil edilən “Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusundakı dəyirmi masanın əsas müzakirə mövzuları olub.

LINKS Europe Fondunun müşaviri Maksimiliaan van Lange-ın moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan və Avropadan olan ekspertlər, diplomatlar və digər rəsmi şəxslər iştirak edərək son üç onillik ərzində münasibətlərin inkişafını nəzərdən keçirib, daha güclü və konstruktiv tərəfdaşlığın qurulması üçün mövcud imkanları müzakirə ediblər.

Açılış nitqi ilə çıxış edən LINKS Europe Fondunun direktoru Dennis Sammut Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda müzakirələrin xüsusi aktuallıq kəsb etdiyini bildirib.

1996-cı ildə Azərbaycana ilk səfərini xatırladan Sammut həmin dövrdə ölkənin müharibənin ağır nəticələri ilə üzləşdiyini və Ermənistan-Azərbaycan münaqişəsinin həm ölkənin daxili siyasi gündəminə, həm də qonşu ölkələr və Avropa ilə münasibətlərinə ciddi təsir göstərdiyini qeyd edib. Onun sözlərinə görə, region artıq  yeni mərhələyə qədəm qoyub.

D. Sammut qeyd edib ki, münaqişənin həlli və Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləməsi Avropanın Cənubi Qafqazda daha fəal iştirak etməsi üçün yeni imkanlar yaradır. O, ümumi maraqlar, iqtisadi imkanlar, sabitlik və sülh prinsipləri əsasında Aİ ilə Azərbaycan arasında əməkdaşlığın daha da gücləndirilməsinə çağırıb.

BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev 1996-cı ildə imzalanmış Azərbaycan- Aİ Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin əhəmiyyətini vurğulayıb və ikitərəfli münasibətləri daha da gücləndirəcək yeni hərtərəfli saziş üzərində iş getdiyini diqqətə çatdırıb.

Fərid Şəfiyevin sözlərinə görə, enerji əməkdaşlığı mühüm istiqamət olaraq qalmaqla yanaşı, münasibətlərdə nəqliyyat, bağlantılar, ticarət və daha geniş iqtisadi əməkdaşlıq məsələlərinə getdikcə daha çox diqqət yetirilməlidir.

 “Nəqliyyat və bağlantılar getdikcə daha böyük əhəmiyyət kəsb edən sahələrdəndir. Davam edən münaqişələr, xüsusilə Rusiya ilə Ukrayna arasında müharibə və Yaxın Şərqdəki gərginliklər regional ticarət marşrutlarını əsaslı şəkildə dəyişdirib və təhlükəsiz, etibarlı və dayanıqlı yükdaşımaların əhəmiyyətini artırıb. Cənubi Qafqazda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişib və bu, Azərbaycan-Aİ münasibətlərinin kontekstinə də təsir göstərib. Eyni zamanda, diqqətli olmalıyıq ki, humanitar məsələlərdən müxtəlif media qurumları və institutlar Qarabağ məsələsini yenidən gündəmə gətirmək və bununla da davamlı sülh perspektivlərinə xələl gətirmək məqsədilə sui-istifadə olunmasın”.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Marijana Kujundziç bildirib ki, 1996-cı ildə Azərbaycan-Aİ Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmasından sonra Aİ ilə Azərbaycan arasında münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib. O, Azərbaycanı Aİ-nin etibarlı tərəfdaşı kimi adlandırıb və yüksək səviyyəli səfərlərin, diplomatik təmasların sayının artmasını münasibətlərdə dinamikanın güclənməsinin göstəricisi kimi qiymətləndirib.

Səfir, həmçinin Azərbaycanın Avropa, Xəzər regionu və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsində strateji rol oynaya biləcəyini qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov son 30 il ərzində regiondakı vəziyyətin köklü şəkildə dəyişdiyini bildirib. Cənubi Qafqazda aktiv münaqişənin artıq gündəmi müəyyənləşdirmədiyini qeyd edən E. İskəndərov sülh quruculuğu, diplomatiya, xalqlar arasında təmaslar və vətəndaş cəmiyyəti əməkdaşlığının getdikcə daha böyük əhəmiyyət qazandığını vurğulayıb.

Bununla belə, o, sülhün konkret addımlarla dəstəklənməli olduğunu və sülh prosesini pozmağa yönəlmiş cəhdlərin region qarşısında duran əsas çağırışlardan biri olaraq qaldığını bildirib.

Panel müzakirələri zamanı ADA Universitetinin dosenti Anar Vəliyev Azərbaycan cəmiyyətində Avropa İttifaqına münasibətin, xüsusilə təhsil və xalqlararası təmaslar sahəsində, ümumilikdə müsbət olduğunu qeyd edib. O, Avropa ölkələrinin azərbaycanlı tələbələr üçün əsas təhsil istiqamətləri olaraq qaldığını vurğulayıb və cəmiyyətlərarası əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib.

BMTMM-in şöbə müdiri Vasif Hüseynov Cənubi Qafqaz regionu ətrafında cərəyan edən hadisələrin, mürəkkəb geosiyasi  proseslərin təhlilini təqdim edib. O, Azərbaycanın çoxvektorlu, milli maraqlara əsaslanan balanslaşdırılmış siyasətinin  əhəmiyyətini vurğulayıb. 2022-ci ildə Azərbaycan ilə Aİ arasında imzalanmış, Azərbaycanın Avropaya qaz tədarükünün artırılmasını nəzərdə tutan sazişin əhəmiyyətini vurğulayan V. Hüseynov əlavə edib ki, enerji ixracının genişləndirilməsi üçün zəruri infrastrukturun inkişafına Avropanın maliyyə institutları tərəfindən daha böyük investisiyalar yatırılmalıdır.

Dəyirmi masa çərçivəsində əsas müzakirə mövzularından biri Orta Dəhliz olub. BMTMM-in baş məsləhətçisi Roza Bayramlı Orta Dəhlizi Avropa ilə Mərkəzi Asiya arasında getdikcə daha böyük əhəmiyyət qazanan nəqliyyat, iqtisadi və rəqəmsal bağlantı xətti kimi xarakterizə edib.

Roza Bayramlı vurğulayıb ki, dəhlizin inkişafının növbəti mərhələsi limanlara, dəmir yollarına, logistika sistemlərinə, gömrük prosedurlarına, rəqəmsallaşmaya və nəqliyyat infrastrukturuna əlaqələndirilmiş investisiyaların yatırılmasını tələb edəcək. O, həmçinin Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunun getdikcə gücləndiyini, o cümlədən Naxçıvan vasitəsilə yeni bağlantıların yaradılması potensialını qeyd edib.

Aİ-Azərbaycan münasibətlərinin iqtisadi aspekti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının rəhbəri Ayxan Qadaşov tərəfindən də təhlil edilib. O bildirib ki, 2026-cı ilin ilk yeddi ayında Azərbaycanın ixracında Aİ-nin payı 10 milyard ABŞ dollarından çox və ya 53 faiz təşkil edib. Bu göstərici mövcud ticarət əlaqələrinin dərinliyini nümayiş etdirir.

Daha sonra iştirakçıların sualları cavablandırılıb.