BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

BMTMM və Koreya səfirliyinin birgə təşkilatçılığı ilə Orta Dəhlizlə bağlı tədbir keçirilib

2026-10-20 12:56

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Koreya və Avrasiya bağlantılarının gələcəyi” mövzusunda tədbir keçirilib.

Tədbir BMTMM-in qlobal gündəmin strateji məsələlərinin təhlili, eləcə də beyin mərkəzləri və tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində təşkil olunub.

Açılış nitqi ilə çıxış edən BMTMM-in sədri Fərid Şəfiyev Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələr fonunda sabit, təhlükəsiz və etibarlı nəqliyyat əlaqələrinə tələbatın artdığını bildirib. O qeyd edib ki, mövcud geosiyasi şəraitdə Orta Dəhliz ikitərəfli münasibətlərin inkişafı, regional bağlantıların gücləndirilməsi və nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından getdikcə daha böyük əhəmiyyət kəsb edir.

F.Şəfiyev Azərbaycanın xarici siyasətində Şərq istiqamətinə artan diqqəti xüsusi vurğulayıb. O, Azərbaycanın AQEM sammiti kimi mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, C6 platforması kimi regional təşəbbüslərdə iştirak etdiyini, Türk Dövlətləri Təşkilatında (TDT) fəal rol oynadığını və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

BMTMM sədri bildirib ki, Azərbaycan mövcud geosiyasi şəraitdə alternativ imkanların araşdırılmasına, tərəfdaşlıqların genişləndirilməsinə və nəqliyyat marşrutlarının şaxələndirilməsinə xüsusi önəm verir. Bu baxımdan, Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcminin artması və marşrut boyunca yerləşən ölkələr arasında ticarət əlaqələrinin genişlənməsi müsbət dinamikanın göstəricisidir. F.Şəfiyev, həmçinin bu cür müzakirələrin müntəzəm keçirilməsinin və beyin mərkəzlərinin tədqiqatlarının nəzəri-konseptual bazanın zənginləşdirilməsinə, eləcə də praktiki siyasət tövsiyələrinin hazırlanmasına töhfə verməsinin vacibliyini vurğulayıb.

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqu çıxışında geosiyasi qeyri-müəyyənliklərin qlobal təchizat zəncirlərini yenidən formalaşdırdığı bir dövrdə etibarlı və şaxələndirilmiş nəqliyyat əlaqələrinin artan əhəmiyyətinə diqqət çəkib. O, Dünya Bankının 2026-cı ilin sentyabrında dərc edilmiş hesabatına istinad edərək bildirib ki, Orta Dəhlizə strateji investisiyaların yatırılması 2040-cı ilədək ticarət həcmini üç dəfədən çox artıra və daşınma müddətini yarıbayarı azalda bilər.

Səfir Orta Dəhlizin Cənubi Qafqaz, Mərkəzi Asiya və Koreya da daxil olmaqla, Şimal-Şərqi Asiya ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb. O, 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh sazişi istiqamətində atılan addımları regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından mühüm mərhələ kimi qiymətləndirib. Səfirin fikrincə, bu proseslər regional bağlantıların inkişafına və Orta Dəhlizin əhəmiyyətinin daha da artmasına təkan verə bilər.

Kanq Kımqu, həmçinin Orta Dəhlizin artıq yalnız ticarət və logistika marşrutu kimi deyil, enerji və rəqəmsal infrastrukturu da əhatə edən daha geniş bağlantılar şəbəkəsi kimi formalaşdığını bildirib. O, Azərbaycanın bərpaolunan enerji sahəsinə artan diqqətinin regional əməkdaşlıq və dayanıqlı inkişaf baxımından yeni imkanlar yaratdığını qeyd edib. Səfir çıxışının sonunda seminarın Azərbaycan və Koreya arasında akademik mübadilələrin inkişafına, eləcə də iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Seul Milli Universitetinin Asiya Mərkəzinin direktoru professor Su-hong Chae çıxışında müzakirələrin fikir və təcrübə mübadiləsinə, regional proseslərin daha dərindən anlaşılmasına və Azərbaycanla Koreya arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, müzakirələrin konkret ideya və təkliflərlə zənginləşərək iki ölkə arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Tədbirin açılış hissəsindən sonra Orta Dəhlizin strateji əhəmiyyəti, regional təhlükəsizlik məsələlərinə həsr olunan panel müzakirələri keçirilib.

BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən birinci panel “Cənubi Qafqazda beynəlxalq təhlükəsizlik və Orta Dəhliz” mövzusuna həsr olunub.

Panel çərçivəsində Seul Milli Universitetinin Mərkəzi Asiya Mərkəzinin direktoru və Sosial Elmlər fakültəsinin dekanı professor Beom-Shik Shin “Orta Dəhliz və Koreyanın baxışı”, ADA Universitetinin dosenti Anar Vəliyev “Orta Dəhlizdə Azərbaycanın əsas rolu: layihələr, imkanlar və çağırışlar”, BMTMM-in şöbə müdiri Vasif Hüseynov isə “Ermənistan-Azərbaycan sülh prosesinin mövcud vəziyyəti və TRIPP” mövzularında təqdimatlarla çıxış ediblər.

Seul Milli Universitetinin Asiya Mərkəzinin direktoru professor Su-hong Chae-nin moderatorluğu ilə keçirilən ikinci panel “C6 və Koreya Respublikası” mövzusuna həsr olunub.

Paneldə BMTMM-in baş məsləhətçisi Roza Bayramlı “Azərbaycanın C6 formatında iştirakı: imkanlar və çağırışlar”, Hankuk Xarici Dillər Universitetinin (HUFS) Türk-Azərbaycanşünaslıq kafedrasının professoru və Asiya Dilləri və Mədəniyyətləri Kollecinin dekanı professor Chong Jin Oh “C6 və Koreyanın əməkdaşlığı: imkanlar və çağırışlar”, Qarabağ Universitetinin müəllimi Məhəmməd Məmmədov isə “Orta Dəhliz və Qərbin yanaşmaları” mövzularında məruzələrlə çıxış ediblər.

Panel müzakirələri çərçivəsində Orta Dəhlizin regional və beynəlxalq əhəmiyyəti, Cənubi Qafqazda təhlükəsizlik və sülh perspektivləri, Azərbaycanın tranzit imkanları, eləcə də C6 formatı çərçivəsində Azərbaycan-Koreya əməkdaşlığının genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.