BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM ingilis dilində II Qarabağ Müharibəsinin Ermənistan üçün iqtisadi və hərbi nəticələrinə dair təhlil hazırlayıb 

2021-04-01 15:35

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ingilis dilində “İkinci Qarabağ Müharibəsinin Ermənistan üçün iqtisadi və hərbi nəticələri” adlı təhlil hazırlayıb. Təhlil üç əsas hissədən ibarətdir. Birinci hissədə əsas diqqət Ermənistanın münaqişə tərəfi olmaması və müharibənin keçmiş işğal olunmuş Azərbaycan ərazilərində mövcud olan qondarma rejim tərəfindən aparılması iddialarının səhv olmasına yönəldilib. Qeyd edilib ki, Azərbaycana qarşı müharibə aparan Ermənistan olub və bunun nəticəsində də böyük hərbi zərərlə üzləşib. Birinci hissədə Ermənistanın qarşılaşdığı canlı qüvvə itkisi ilə bağlı da ətraflı məlumatlar verilib. İtkilərin özünün və miqyasının da Ermənistanın müharibədə  nə dərəcədə aktiv iştirak etdiyini göstərən faktorlardan biri olduğu vurğulanıb.

Təhlilin ikinci hissəsi isə Ermənistanın qarşılaşdığı hərbi texnika itkilərinə həsr edilib. Bu hissədə müharibə nəticəsində Ermənistanın məhv edilmiş və ya Azərbaycan ordusu tərəfindən qənimət kimi götürülmüş bütün hərbi avadanlıqlarının və texnikalarının siyahısı yer alıb. Qeyd edilib ki, Ermənistanın hərbi texnika itkiləri böyük miqyasa malik olduğundan yaxın gələcəkdə bu itkilərin Ermənistan tərəfindən bərpası mümkün deyil.

Üçüncü hissə isə  müharibə nəticəsində Ermənistanın qarşılaşdığı iqtisadi zərərlər haqqındadır. Bu hissədə Ermənistanın itirdiyi hərbi texnikanın ümumi dəyəri hesablanıb və Ermənistanın son on ildəki hərbi xərcləri ilə müqayisə edilib. Nəticədə müəyyən edilib ki, Ermənistanın İkinci Qarabağ Müharibəsində itirdiyi hərbi texnikanın dəyəri onun son on ildə ümumi hərbi xərclərinin 77%-dən çoxunu təşkil edir. Müharibə nəticəsində Ermənistanın qarşılaşdığı digər zərərləri də nəzərə alsaq məlum olur ki, Ermənistan özünün son illər ərzində formalaşdırdığı hərbi imkanlarında demək olar ki, tamamilə məhrum olub.

Sonuncu hissədə Ermənistanın hərbi baxımdan qarşılaşdığı zərərlərlə yanaşı Azərbaycan ordusunun işğal edilmiş torpaqları azad etməsi nəticəsində Ermənistanın məhrum olduğu enerji, mineral, kənd təsərrüfatı ehtiyatları haqqında da məlumat verilib. Qeyd edilib ki, müharibə nəticəsində Ermənistanın uzun müddət istismar etdiyi ehtiyatlardan məhrum olması onun üçün qida və enerji təhlükəsizliyi baxımından böyük problemlər yaradacaq. Bunlarla yanaşı,  müharibə nəticəsində Ermənistanın fiskal sahədə, dövlət borcunun artması ilə bağlı və milli valyutanın ucuzlaşması ilə bağlı qarşılaşdığı problemlərə də yer ayrılıb.

Sonda isə qeyd edilib ki, müharibə nəticəsində qarşılaşdığı zərərləri bərpa etmək və davamlı iqtisadiyyat qurmaq üçün Ermənistanın uzun illər və böyük həcmdə maliyyə resurslarına ehtiyacı var. Hazırkı vəziyyətdə Ermənistan üçün iqtisadi inkişaf əldə etməyin yeganə yolu uzun illər qonşularına qarşı apardığı aqressiv siyasəti tərk etməsi və regional layihələrə qoşulmasıdır. Bununla Ermənistan qonşu dövlətlərdən dəstək ala və regional layihələrin bir parçasına çevrilə bilər. Bu isə onu göstərir ki, Azərbaycanın işğalda olan torpaqlarını azad etməsi regionda davamlı iqtisadi inkişafın və sülhün təmin edilməsi üçün böyük imkanlar yaradır. 

Daha ətraflı: https://aircenter.az/uploads/files/military%20and%20economic%20consequences.pdf