BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM WUF13 çərçivəsində “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq panel təşkil edib

2026-05-20 20:01

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq panel təşkil edib.

Paneldə dövlət və hökumət nümayəndələri ilə yanaşı, ekspertlər, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, bu sahə üzrə dünyanın aparıcı universitet və şirkətlərindən ixtisaslaşmış mütəxəssislər, yerli ve xarici media təmsilçiləri iştirak ediblər.

Müzakirələr urbisid, postmünaqişə dövründə şəhərlərin bərpası və Azərbaycanın yenidənqurma təcrübəsinin beynəlxalq səviyyədə təhlili üçün mühüm platforma rolunu oynayır. Panel WUF13-ün gündəliyinə tematik baxımdan əhəmiyyətli töhfə verərək, müasir şəhərsalma çağırışlarının multidissiplinar müzakirəsi üçün əlverişli şərait yaradır.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən paneldə urbisid anlayışının beynəlxalq hüquq və təhlükəsizlik kontekstində daha geniş tanınmasının vacibliyini vurğulanıb. 

Fərid Şəfiyev urbisid fenomenini müharibə şəraitində şəhərlərin və yaşayış məkanlarının məqsədli şəkildə dağıdılması, onların sosial-mədəni kimliyinin silinməsi və əhalinin geri dönüş imkanlarının aradan qaldırılması kimi xarakterizə edib. O qeyd edib ki, urbisid anlayışı ilkin dövrlərdə şəhərsalma kontekstində araşdırılsa da, sonrakı tədqiqatlarda, xüsusilə Balkan müharibələri, Sarayevonun mühasirəsi, Mariupol və Hələb nümunələri fonunda silahlı münaqişələrin əsas elementi kimi öyrənilib.

Fərid Şəfiyev vurğulayıb ki, Qarabağda baş verən urbisid digər nümunələrdən fərqlənərək hərbi əməliyyatlardan sonra sistemli şəkildə həyata keçirilib və məqsəd yalnız şəhərlərin dağıdılması deyil, həm də azərbaycanlı əhalinin həmin ərazilərə qayıdışının qarşısını almaq, bölgənin mədəni yaddaşını və tarixi kimliyini silmək olub. 

Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev nitqində bildirib ki, bu gün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında gedən dəyişikliklər daha böyük bir baxışın göstəricisidir. Vaxtilə dağıntı ilə yadda qalan bu ərazilər artıq innovasiya, dayanıqlı inkişaf, davamlılıq və regional əməkdaşlıq məkanlarına çevrilir.

"Azərbaycanın təcrübəsi göstərir ki, postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri uzunmüddətli planlama, güclü siyasi iradə və dayanıqlı inkişaf prinsiplərinə əsaslandıqda, belə bölgələr inkişafın, regional bağlantının və sülhün mühüm mərkəzlərinə çevrilə bilər",- deyə V. Hacıyev diqqətə çatdırıb. 

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) coğrafiya və ətraf mühit üzrə qonaq tədqiqatçı Din Şarp bildirib ki, müharibələrin sayının artması və dünyanın müxtəlif yerlərində şəhər mühitinin dağıdılması fonunda urbisid konsepsiyası getdikcə daha аktuallaşır.

Onun sözlərinə görə, urbisid anlayışı genosid və ekosid daxil olmaqla daha geniş zorakılıq kateqoriyaları ilə sıx bağlıdır və müharibə şəraitində şəhər mühitinin qəsdən məhv edilməsini ifadə edir.

Mütəxəssis münaqişələr nəticəsində şəhər məkanlarının parçalanmasının uzunmüddətli sosial bərabərsizliklər yaratdığını qeyd edib. Dayanıqlı şəhərsalmanın yalnız infrastruktur deyil, həm də icmaların bərpası üzərində qurulmalı olduğunu vurğulayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov bildirib ki, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa layihələri 8 şəhəri və 100-dən çox kəndi əhatə edib.

Onun sözlərinə görə, hazırda genişmiqyaslı bərpa işlərinin aparıldığı ərazilərin coğrafi miqyası Livan kimi bir dövlətin ərazisi ilə müqayisə oluna bilər.

“Biz bu ərazilərin inkişafı üçün strateji yol xəritəsi rolunu oynayan Baş plan hazırlamışıq. Bu sənəd gələcək bütün proseslər üçün vahid çərçivə müəyyən edir”,- Dövlət Komitəsinin nümayəndəsi Ramil Cahangirov bildirib.

Drees & Sommer şirkətində İnteqrasiya olunmuş Şəhər Həlləri üzrə direktor Haris Piplas kompleks transformasiya mühitlərində fənlərarası yanaşmanın uğurlu şəhər inkişafı üçün əsas şərt olduğunu bildirib. Postmünaqişə şəhərlərində rəqəmsal və yaşıl texnologiyaların inteqrasiyasını gələcəyin əsas istiqaməti kimi qiymətləndirib.

Şəhər infrastrukturunun yenilənməsi konseptual həlləri, institusional koordinasiyanı və layihələrin praktik icra imkanlarını birləşdirən vahid proses kimi nəzərdən keçirilməlidir.

Piplas qeyd edib ki, müasir layihələr enerji, nəqliyyat, iqlim və şəhər sosiologiyası sahələrində ekspertlərin iştirakı ilə multidissiplinar yanaşma tələb edir.

Cenevrə Universitetinin baş müəllimi Aleksandr Hecazi inteqrasiya olunmuş planlaşdırmanın vacibliyini önə çəkib. O bildirib ki, postmünaqişə ərazilərində şəhərlərin sıfırdan planlaşdırılması yeni texnologiyaların tətbiqi və dayanıqlılıq prinsiplərinin həyata keçirilməsi üçün unikal imkan yaradır. 

"Qarabağ qlobal standartlara əsaslanan inteqrasiya olunmuş bərpa yanaşmasının nümunəsi olmaq potensialına malikdir",-deyə Hecazi əlavə edib.

Mədəni irs strategiyası və mədəni turizm üzrə mütəxəssis şəhər bərpasında mədəni kimliyin qorunmasının strateji əhəmiyyətini vurğulayıb. O, dağıdılmış mədəni irsin bərpasının yalnız tarixi yaddaş deyil, həm də sosial həmrəyliyin bərpası olduğunu qeyd edib. Dayanıqlı turizmin postmünaqişə regionlarında iqtisadi və mədəni inkişaf üçün mühüm vasitə ola biləcəyini bildirib.