BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM və Ukrayna səfirliyinin birgə təşkilatçılığı ilə regional təhlükəsizlik mövzusunda dəyirmi masa keçirilib

2025-07-15 14:45

15.07.2025-ci il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə “Qara dəniz regionunda təhlükəsizlik çağırışları və gələcək imkanlar” mövzusunda dəyirmi masa müzakirəsi keçirilib.

Dəyirmi masa müzakirəsində BMTM nümayəndələri, Milli Məclisin üzvləri və digər tərəfdaş qurumların təmsilçiləri iştirak edib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Qara dəniz və Xəzər regionları üzrə fəal müzakirələrin əhəmiyyətini, eləcə də Ukrayna və Azərbaycan arasında müfəssəl ikitərəfli münasibətlərin vacibliyini vurğulayıb.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev Qara dəniz regionunun enerji, ticarət və təhlükəsizlik sahələrində dərin təsirləri olan geosiyasi kəsişmə nöqtəsində yerləşdiyini qeyd etdi. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında müharibə regionu qarşıdurma zonasına çevirsə də, bu bölgə hələ də əməkdaşlıq üçün potensiala malikdir.

Səfir çıxışını Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə etməklə yekunlaşdırıb.

Ukrayna Milli Strateji Tədqiqatlar İnstitutunun (NISS) direktoru Oleksandr Bogomolov isə mövcud qlobal vəziyyət fonunda Qara dəniz regionunun misilsiz geosiyasi əhəmiyyətini vurğulayıb. O, ABŞ-nin Ukraynaya dəstək siyasəti barədə danışıb. Həmçinin, Avropa İttifaqının yeni açıqladığı Qara dəniz Strategiyasına toxunaraq bu strategiyanın Aİ-nin Qara dəniz sahilyanı ölkələri ilə münasibətlərini yenidən formalaşdırmağı hədəflədiyini qeyd edib. Direktor əlavə olaraq, Montrö Konvensiyasının qorunmasında Türkiyənin rolunu vurğulayıb və həm Qara dəniz, həm də Xəzər regionlarında Çinin artan iqtisadi fəallığını diqqətə çatdırıb.

Ukrayna Milli Strateji Tədqiqatlar İnstitutunun Strateji Planlaşdırma Departamentinin sədr müavini Kostiantyn E. Voitovskyi müharibənin Qara dəniz regionuna təsirlərini qiymətləndirərək bildirib ki, bu hadisələr Ukraynanı öz ərazi bütövlüyünü müdafiə etmək üçün institutlarının və cəmiyyətinin dayanıqlılığını nümayiş etdirməyə vadar edib.

Onun sözlərinə görə, davam edən qarşıdurma və rəqabətə baxmayaraq, regionda mühüm imkanlar mövcuddur, eyni zamanda, bəzi aktorların təcavüzün qarşısının alınması ilə bağlı üst-üstə düşən maraqları mövcuddur.

Topçubaşov Mərkəzinin həmtəsisçisi və sədri Rusif Hüseynov Qara-Xəzər dənizi regionunda “açar dövlətlər” adlandırılan ölkələrin fərqli, lakin bir-biri ilə əlaqəli rollarını şərh edib. O, həmçinin GUAM formatının və Türk Dövlətləri Təşkilatının yenidən canlandırılması potensialı barədə fikirlərini bölüşüb.

Azərbaycanın Ukraynadakı sabiq səfiri Eynulla Məmmədli çıxışında iki ölkə arasında tarixi əlaqələrin formalaşma mərhələlərini nəzərdən keçirərək bu münasibətlərin müasir dövrdəki ikitərəfli əlaqələrin düzgün anlaşılması baxımından əhəmiyyətini vurğuladı.

BMTM-in şöbə müdiri Şahmar Hacıyev Qara dəniz bölgəsinin transregional əlaqələndirmə və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini bir daha vurğuladı. O, regionun əhəmiyyətli enerji istehsalı potensialına malik olduğunu qeyd edib və son illərdə hərbi əməliyyatlar nəticəsində zərər görmüş enerji infrastrukturunun qorunub saxlanılmasının vacibliyini xüsusilə diqqətə çatdırıb.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.