Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti Mərakeşin Amadeus İnstitutunun dəvəti ilə Tanjer şəhərində keçirilən MEDays beynəlxalq forumunda iştirak edir. “Suverenlik və dayanıqlılıq imkanları: yeni qlobal tarazlığa doğru” mövzusunda keçirilən 16-cı beynəlxalq MEDays forumunda dünyanın 100-dən çox ölkəsindən nümayəndələr iştirak edir. BMTM-i forumda İdarə Heyətinin sədri Fərid Şəfiyev və aparıcı məsləhətçi Lalə Xəlilzadə təmsil edir.
Forum çərçivəsində Fərid Şəfiyev və Amadeus İnstitutunun prezidenti Brahim Fassi Fihri iki mərkəz arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşün sonunda tərəflər arasında Anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, hər il təşkil edilən MEDays forumunun builki müzakirələri müasir dünyanın geosiyasi mənzərəsinin mürəkkəblikləri mövzusuna həsr edilib. Əsas məqsəd çoxsaylı çağırışlar qarşısında dövlətlərin davamlılığını gücləndirəcək strategiyalar müəyyən etməyə yardım etməkdir.
Beynəlxalq forum noyabrın 30-dək davam edəcək.