Konfransın açılışında çıxış edən BMTM-in sədri Fərid Şəfiyev bildirib ki, Ermənistanda radikal hərəkatların, nasizmin, terrorizmin qəhrəmanlaşdırılması siyasi mədəniyyətə çevrilib. Onun sözlərinə görə, bu təkcə Qaregin Njde ilə bağlı deyil və bu ölkədə məşhur terrorçular, o cümlədən Monte Melkonyan qəhrəman kimi qələmə verilir. Fərid Şəfiyev bu tədbirin universitetdə keçirilməsinin də təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, məqsəd bu kimi tədbirlərə tələbləri və gənc alimləri yaxından cəlb etməkdir.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib ki, həm Moskvada, Valday Beynəlxalq Diskussiya Klubunda, həm də Aşqabaddakı çıxışı zamanı Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə ard-arda tutarlı cavablar verib. Onun sözlərinə görə, bu isə onu göstərir ki, bütün məsələlərdə naşı olan Ermənistan rəhbərliyi özünü gülünc vəziyyətinə salır. Elçin Babayev əlavə edib ki, sözün əsl mənasında faşist olan Qaregin Njde quldur dəstəsi yaradaraq ona çox sayda erməniləri cəlb edib və insanların qətlinə səbəb olub. Bu gün isə həmin şəxs Ermənistanda qəhrəmanlaşdırılır: “Ermənilər o qədər aciz vəziyyətdədirlər ki, özlərinə qəhrəman düzəldə bilmirlər, nəticədə faşisti qəhrəman edirlər”. Rektor əlavə edib ki, həqiqətlərin gənc nəslə çatdırılması üçün birgə işləmək lazımdır.
Türkiyə Erciyes Universitetinin Erməni Araşdırmalar Mərkəzinin professoru Qafar Çaxmaqlı öz çıxışında bildirib ki, erməni ideologiyasının əsasında erməni millətçiliyi dayanır və bu ideologiya türk millətinə qarşı mübarizə aparmaq, böyük dövlət qurmaq və lazım gəldikdə bunun üçün insan öldürməkdən ibarətdir. Onun sözlərinə görə, çox sayda Azərbaycan türkünün qətlinə əli olan Qaregin Njde Bolqarıstana qaçdıqdan sonra orada tsexakronizm təlimini yaradıb: “Bu təlimə əsasən erməni irqi ən üstün irq hesab olunur. Bu gün isə Ermənistan bu ideologiya əsasında idarə edilir”.
Daha sonra çıxış edən rusiyalı qafqazşünas alim Oleq Kuznetsov bildirib ki, Njde ideologiyası və erməni nasizminin Dağlıq Qarabağ ermənilərinə daha yaxın olması müxtəlif tarixi faktlarla dəfələrlə sübut olunub. Onun sözlərinə görə, onlar uzun müddət Ermənistanda hakimiyyəti ələ keçiriblər: “Hesab edəm ki, ilk növbədə beynəlxalq ictimaiyyət qəbul etməlidir ki, Ermənistan nasist ideologiyasına xidmət edən bir ölkədir və ya ən azından nasist ideologiyası il yarım bundan əvvəl ölkədə hökm sürüb. Erməni xalqını nasizmdən xilas etmək, demokratiya dəyərlərini gətirmək, ümumbəşər dəyərləri buraya daşımaq lazımdır. Tarixdə buna oxşar misallar var. Belə ki, müharibədən sonrakı Almaniya modelini müasir Ermənistana gətirmək olar”.
Konfrans müzakirələrlə davam edib.