Avropanın enerji təhlükəsizliyi üçün önəmli olan bu enerji layihəsi üç ölkənin – Azərbaycan, Gürcüstan və Türkiyənin sıx əməkdaşlığı nəticəsində artıq başa çatıb. 1850 kilometr uzunluğa malik, “Cənub Qaz Dəhlizinin” əsas seqmentindən biri olan TANAP qaz kəmərinin rəsmi şəkildə təməli 2012-ci il iyunun 26-da Türkiyə və Azərbaycan arasında imzalanmış TANAP qaz layihəsi haqqında “Hökumətlərarası Saziş“lə qoyulub. Bu strateji layihənin əsas hissəsinin açılışı Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində baş tutub. TANAP qaz kəmərin hazırkı ötürücülük tutumu 16 milyard kubmetrdir və sonradan həcmini 31 milyard kubmetrədək artırmaq mümkün olacaq. Layihədə Azərbaycanın payı 58 faizdir və bu, layihənin Azərbaycan üçün nə dərəcədə iqtisadi əhəmiyyət daşıdığını göstərir. Bundan başqa TANAP layihəsi vasitəsi ilə Azərbaycan Avropa və Türkiyə qaz bazarına nəinki “Şahdəniz”, o cümlədən digər qaz yataqlarından da təbii qaz ixrac edə biləcək.
Qeyd olunan layihə Azərbaycan üçün həm siyasi cəhətdən vacibdir. Ümumi desək, Azərbaycan-Türkiyə enerji layihələri Avropanın qaz tədarükünün və marşrutlarının diversifikasiyası üçün olduqca əhəmiyyətlidir.
TANAP qaz kəməri vasitəsi ilə Azərbaycan təbii qazı artıq Türkiyəyə nəql olunmağa başlayıb. Layihənin ikinci fazasını da istifadəyə verməklə, Xəzər dənizindən çıxarılan təbii qazı Avropa bazarına ixrac etmək mümkün olacaq. Belə ki, Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Layihəsi(TAP) üzrə işlərin yekunlaşmasından və iki layihənin birləşməsindən sonra 2020-ci ildən etibarən Azərbaycan qazının 10 milyard kubmetri Avropa, qalan hissəsi isə Türkiyə qaz bazarına çatdırılacaq.
TANAP və TAP enerji layihələri Azərbaycan və Türkiyənin regionda strateji əhəmiyyətini daha da artırıb. Cənub Qaz Dəhlizinin tam işə düşməsi ilə Azərbaycan regionda aparıcı enerji ölkəsinə çevriləcək. Təbii qaz satışından əldə olunan enerji gəlirləri iqtisadiyyatın digər sektorlarının inkişafına təkan olacaq. Bu mənada, ölkə üçün əsas prioritet qeyri-neft sektorunun inkişaf etdirməkdir. Bütün layihələr göstərir ki, Azərbaycan uğurla enerji siyasətini həyata keçirir, regional əməkdaşlığa təkan verir və milli iqtisadiyyatın daha da möhkəmlənməsi istiqamətində doğru addımlar atır.