BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM sədri WUF13 çərçivəsində keçirilən panel sessiyalarda çıxış edib

2026-05-22 09:41

BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev 21 may 2026-cı il tarixində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən iki panel sessiyada spiker qismində çıxış edib.

O, ilk olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi-nin dəstəyi və UN-Habitat tərəfindən təşkil olunan “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahələrinə təsirləri” mövzusunda panel müzakirəsində iştirak edib.

Fərid Şəfiyev çıxışı zamanı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma prosesləri sahəsində qazandığı təcrübəyə diqqət çəkib.

 “Azərbaycan postmünaqişə dövründə yenidənqurma sahəsində təqdim edə biləcəyi mühüm təcrübə və ekspertizaya malikdir. Ölkəmiz hazırda onilliklər boyu davam edən münaqişə nəticəsində dağıdılmış və ərazi baxımından Livanla müqayisə oluna bilən Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı yenidənqurma proqramı həyata keçirir.2020-ci ildən etibarən, Azərbaycan azad edilmiş ərazilərin bərpasına, yolların, hava limanlarının, məktəblərin, xəstəxanaların və yaşayış məntəqələrinin tikintisi də daxil olmaqla 14 milyard ABŞ dollarından artıq vəsait ayırıb. Lakin Yaxın Şərqdə davam edən münaqişələrin yaratdığı qlobal və regional qiymət artımları yenidənqurma xərclərini əhəmiyyətli dərəcədə artıra bilər. Azərbaycanın yenidənqurma strategiyası əsasən idxal olunan tikinti materiallarından, texnikadan və regional qeyri-sabitliklə, eləcə də enerji qiymətlərinin artması ilə həssaslaşan logistika şəbəkələrindən asılıdır.

Yüksək tikinti xərcləri məcburi köçkünlərin Qarabağa qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” proqramının icrasını ləngidə bilər. Azərbaycan ilkin mərhələdə təxminən 140 min keçmiş sakinin geri qaytarılmasını planlaşdırır. Lakin inflyasiya təzyiqləri, minalardan təmizləmə xərcləri və təchizat zəncirində yaranan problemlər yaşayış və infrastruktur layihələrinə mənfi təsir göstərir",-deyə F.Şəfiyev qeyd edib.

Yekunda BMTM sədri vurğulayıb ki, logistika xətlərinin bərpası və biznes əməliyyatları üçün maliyyə əngəllərinin aradan qaldırılması artıq təxirəsalınmaz zərurətə çevrilib.

İkinci tədbir isə “Laçın və Kəlbəcər: urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı panel sessiyası olub.

Panel müzakirədə çıxış edən Fərid Şəfiyev Azərbaycanın üzləşdiyi urbisid və ekosid fenomenləri, bu anlayışlara dair müasir elmi və nəzəri yanaşmalar, azad edilmiş ərazilərdə aparılmış bərpa və tikinti işləri, həmçinin davamlı şəhərsalma prinsipləri barədə əhatəli şəkildə məlumat verib:

 “Şərqi Avropa və Yaxın Şərqdə baş verən zorakı hadisələr fonunda alimlər və ekspertlər urbisid fenomeninə həm müharibənin bir forması, həm də sistemli mədəni məhvetmə prosesi kimi getdikcə daha çox diqqət yetirirlər. Urbisidə dair elmi ədəbiyyat ilkin mərhələdə, 1960-cı illərdə, bu anlayışı əsasən şəhərsalma kontekstində araşdırsa da, müasir yanaşmalarda silahlı münaqişə və müharibə məsələləri də mühüm yer tutur. Tədqiqatçılar bu mövzunu xüsusilə Balkan müharibələri dövründə, Sarayevonun mühasirəsi kontekstində geniş və hərtərəfli şəkildə araşdırıblar.

Lakin Yaxın Şərq və Şərqi Avropada urbisidin müxtəlif formaları müşahidə olunub və bu hallar şəhərlərin dağıdılması ilə bağlı daha mürəkkəb problemləri əhatə edir. Son dövrlər bəzi şəhərlər “yandırılmış torpaq” taktikasına məruz qalıb. Buna nümunə kimi Mariupolu göstərmək olar. Suriyanın Hələb şəhərində isə müxtəlif geosiyasi və regional aktorların iştirakı ilə məzhəb, dini və ideoloji motivli zorakılıqların mürəkkəb şəbəkəsi fonunda davam edən vətəndaş müharibəsi nəticəsində şəhər ciddi və genişmiqyaslı dağıntılara məruz qalıb.

Lakin Qarabağdakı şəhərlər Ermənistanın işğalı dövründə urbisidin fərqli bir forması ilə üzləşib. Dağıntılar hərbi əməliyyatlardan sonra baş verib. Beləliklə, Ermənistan tərəfi yalnız şəhərlərin mədəni kimliyini silməyi deyil, həm də müharibədən əvvəlki əhalinin gələcəkdə geri qayıdışını və həmin ərazilərin bərpasını əngəlləməyi hədəfləyib.

Urbisid tədqiqatlarında “məkanın məhvi” (place annihilation), “xarabalığa çevirmə” (rubbleization), “müharibə memarlığı” (warchitecture) və digər anlayışlardan istifadə olunur.

Vətəndaş və etno-millətçi münaqişələr göstərir ki, zorakılıq məkanın nəzarət altına alınması, yenidən formalaşdırılması və ya tamamilə silinməsi üzərində qurulur. Bu baxımdan, şəhər müharibəsi ağır silahların və küçə döyüşlərinin istifadə olunduğu ərazilərdə aparılan hərbi əməliyyatları ifadə edərkən urbisid şəhər mühitinin qəsdən məhv edilməsinə yönəlir. O, çox vaxt kimliyin silinməsi, əhalinin məcburi köçürülməsi və ya cəmiyyətin sosial tərkibinin dağıdılması məqsədi daşıyan siyasi və ideoloji akt kimi həyata keçirilir. Britaniyanın Sussex Universitetinin Beynəlxalq Münasibətlər üzrə müəllimi Martin Kouardın (Martin Coward, 2009) fikrincə, urbisidin başlanğıc nöqtəsi qəsdən həyata keçirilən hərəkətdir.

2005-ci ildə ATƏT-in Faktaraşdırıcı Missiyası tərəfindən əldə olunan sübutlar və bölgədən hazırlanan bir sıra jurnalist hesabatları göstərir ki, Ağdam, Cəbrayıl, Füzuli və Zəngilan kimi rayon və şəhərlər, eləcə də qismən Qubadlı, Laçın və Kəlbəcər dağıdılıb və talan edilib.

“Cəbrayıl şəhəri tamamilə yaşayışsızdır və tamamilə xarabalığa çevrilib. Rayonda başqa böyük yaşayış məntəqəsi yoxdur”, - deyə ATƏT-in hesabatında vurğulanır (ATƏT, 2005, s. 8). “Kənd ərazilərində çox az sayda insan var. Bu şəxslər, əsasən çobanlar, dağıntılar arasında nə isə axtaran şəxslər və az sayda fermerlərdir. Demək olar ki, yaşayış üçün yararlı ev yoxdur. Tikinti materialları, odun və müxtəlif növ metalların çıxarılıb aparıldığına dair ciddi sübutlar mövcuddur.”

Oxşar müşahidələr digər işğal olunmuş ərazilərdə, o cümlədən “tamamilə dağıdılmış və demək olar ki, bütün həyat əlamətlərindən məhrum edilmiş” Ağdamda da aparılıb (s. 8).

Urbisidin əsas məqsədi təkcə hərbi zərurət deyil, bundan kənar müxtəlif məqsədlər üçün şəhəri məhv etmək və yararsız hala salmaqdır.

Urbisidin üç əsas göstəricisi mövcuddur:

Birincisi, fiziki dağıntıdır. Qarabağ  nümunəsində məqsəd Azərbaycan və Ermənistan mövqeləri arasında “təmizlənmiş” və ya bufer zona yaratmaq olub.

İkinci mühüm göstərici etnik təmizləmədir ki, bu da region daxilində demoqrafik vəziyyətin dəyişdirilməsinə hədəflənib.

Üçüncüsü isə şəhərin mədəni kimliyinin silinməsi və ya qəsdən dəyişdirilməsidir.

Laçın və Kəlbəcər Ermənistan üçün xüsusi əhəmiyyət daşıyırdı, çünki bu iki rayon Qarabağ ilə Ermənistan arasında yerləşir. Buna görə də Ermənistan bu ərazilərdən həm hərbi, həm də digər logistik məqsədlər üçün istifadə edirdi. Nəticədə, Ermənistan bu iki rayonu ayrıca seçərək onları işğal altında saxlamaq planı ilə hərəkət edirdi. Ermənistan vasitəçilərin (Fransa, Rusiya və ABŞ) dəstəyi ilə keçmiş Dağlıq Qarabağ muxtariyyətinin hüdudlarından kənarda işğal olunmuş rayonların qaytarılması ilə bağlı danışıqlarda “5+2” formulunu təklif etmişdi.

Əslində isə Ermənistan Laçın və Kəlbəcəri daimi nəzarət altında saxlamaq və keçmiş Dağlıq Qarabağla birlikdə Ermənistana birləşdirmək niyyətində idi.

Onlar bu ərazilərə fərqli yanaşdılar, Ermənistan və Yaxın Şərqdən gətirilən insanları sözügedən bölgələrə köçürdülər. Laçın və Kəlbəcər şəhər mərkəzlərində yalnız məhdud tikinti işləri aparılmışdı.

Urbisid həm də ermənilər tərəfindən törədilən ekosidlə müşayiət olunub.

İkinci Qarabağ müharibəsindən əvvəl bu bölgədə baş vermiş urbisid şəhər məkanlarının məhv edilməsi üzrə yeni bir nümunə kimi qiymətləndirilə bilər və onun daha dərindən tədqiqi urbisid anlayışı üçün yeni meyarların irəli sürülməsi imkanını da ortaya çıxara bilər.

Nəticə etibarilə, Qarabağda baş verən urbisid göstərir ki, mülki və etno-millətçi münaqişələrdə urbisid həm məkan, həm də siyasi bir layihə kimi çıxış edir.  Şəhərlərin qəsdən məhv edilməsi çoxmədəniyyətli şəhər kimliklərini silmək, demoqrafik reallıqları dəyişmək və simvolik məna daşıyan infrastruktur və strukturları dağıtmaq vasitəsinə çevrilir.

Zorakılıq məkan üzərində dəqiq şəkildə tətbiq olunur. Evlər, mədəniyyət institutları, inzibati mərkəzlər və simvolik əhəmiyyət daşıyan obyektlər hədəfə alınır ki, kollektiv həyat məhv edilsin və yeni inzibati-siyasi nəzarət formaları qurulsun.

Beləliklə, urbisid təsadüfi “əlavə zərər” kimi (yəni hərbi əməliyyatlar nəticəsində yaranan dağıntıların bir hissəsi kimi) deyil, bir idarəetmə strategiyası kimi ortaya çıxır: şəhər mühitinin aradan qaldırılması vasitəsilə tərəflər yeni hakimiyyətin tətbiqi və ya ərazi iddialarının irəli sürülməsi üçün zəruri olan məkan boşluğu yaradırlar.

Bərpa-quruculuq işlərinə gəldikdə isə azad edilmiş ərazilərdə şəhər və kəndlərin demək olar ki, sıfırdan yenidən qurulması zəruridir. Mövcud şəhər mərkəzlərində, xüsusilə Bakıda, uzun müddət məcburi köçkünlərin məskunlaşması mənzil bazarına, xidmətlərə və ümumi əlçatanlığa əlavə təzyiq yaradıb.

Şəhərin aztəminatlı təbəqəsi isə xüsusi risklərlə üzləşir: Kirayə qiymətlərinin artması, mənzil üçün gəlirdən qalan payın azalması, həmçinin nəqliyyat və kommunal xidmət xərclərinin artması.

Dövlət tərəfindən reallaşdırılan tədbirlər 2022-ci ilin noyabrında rəsmi şəkildə təsdiqlənmiş “Böyük Qayıdış” proqramı ilə başlayıb.

Əsas prioritetlərdən biri mənzil və infrastrukturun yenidən qurulmasından əvvəl minatəmizləmə işlərinin aparılmasıdır. BMT-nin İnkişaf Proqramı (UNDP) vurğulayır ki, partlayıcı qalıqlar münaqişə başa çatdıqdan sonra da mülki şəxslər, humanitar yardım işçiləri və tikinti qrupları üçün təhlükə yaratmağa davam edir və buna görə də bərpadan əvvəl mütləq təmizlənmə aparılmalıdır.

Mənzil təminatı iş yerləri, məktəblər, səhiyyə, nəqliyyat, su, elektrik, rəqəmsal xidmətlər və yerli idarəetmə sistemi ilə birlikdə düşünülməlidir. Əks halda, geri dönüş fiziki baxımdan mümkün olsa da, sosial və iqtisadi cəhətdən davamlı olmayacaq.

Azərbaycan ayrıca, tək-tək yaşayış binaları tikmək əvəzinə, tam yaşayış məhəllələrinin qurulmasına başlayıb və çətin şəraitdə müvəqqəti yaşayan keçmiş məcburi köçkünləri prioritet kimi nəzərə alıb.

Bundan əlavə, mənzil bölgüsünün iş yerləri və dolanışıq imkanlarının dəstəklənməsi ilə əlaqələndirilməsi vacib hesab olunur. Yeni bərpa yanaşmaları çərçivəsində yeni yaşayış məntəqələrində yaşıl enerji və ucuz istilik həllərinin tətbiqi, həmçinin ilkin qayıdış dövründə kommunal xidmətlər və nəqliyyat xərclərinin subsidiyalaşdırılması nəzərdə tutulur..

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qeyd edib ki, vətəndaşların müraciətləri qayıdış prosedurları, məşğulluq, müvəqqəti məskunlaşma şəraiti, kommunal xidmətlər, müavinətlər və digər sosial məsələləri əhatə edir. Bu da göstərir ki, mənzil təminatı təhlükəsizliyi daha geniş yaşayış şəraitindən ayrı nəzərdən keçirilə bilməz.

Tənzimləyici tədbirlər üç səviyyədə həyata keçirilməlidir: fövqəladə reaksiya, yenidənqurma siyasəti və uzunmüddətli şəhərsalma.

Təcili ehtiyaclar aşağıdakılardır:

Azərbaycanın üçün əsas tapşırıq ondan ibarətdir ki, münaqişədən sonrakı mənzil bərpası zamanı urbisidi struktur problem kimi nəzərə almalıdır. Bütöv şəhərlər, məhəllələr, yollar, məktəblər, xəstəxanalar, su sistemləri və mədəni yaddaş məhv edildikdə, yalnız evlərin yenidən qurulması problemi həll etmir.