BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM sədri “Azərbaycan-Türkiyə müttəfiqliyi və Avrasiyanın gələcəyi” mövzusundakı seminarda çıxış edib

2025-05-21 17:28

“Azərbaycan-Türkiyə müttəfiqliyi nümunədir. Beynəlxalq ictimaiyyətin üzvləri türk dövlətləri arasında, əsasən də Azərbaycan və Türkiyə arasında məsələlərin effektiv şəkildə icra olunmasını təqdir edir. Biz bu birliyi qorumalıyıq”.

Bu barədə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Ankara Sosial Elmlər Universitetində “Azərbaycan-Türkiyə müttəfiqliyi və Avrasiyanın gələcəyi” mövzusundakı seminarda bildirib.

Naxçıvan sazişindən indiyədək Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf mərhələlərinə nəzər salan BMTM sədri bildirdi ki, artıq qurum müxtəlif institutlarının səmərəli fəaliyyət göstərdiyi nüfuzlu beynəlxalq təşkilata çevrilib.

Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə toxunan F. Şəfiyev bildirdi ki, hazırda regionda de fakto sülh var və bunun de yure sülhə çevrilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

“Lakin bu istiqamətdə bir sıra əngəllər mövcuddur. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Qeyd edim ki, həmçinin Türkiyəyə qarşı da ərazi iddiaları mövcuddur. Biz Ermənistan konstitusiyasından bu müddəanın çıxarılmasını tələb edirik. 1998-ci il Belfast sazişi və Şimali Makedoniyanın timsalında oxşar beynəlxalq təcrübələr mövcuddur və bunlara əsasən, Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər edilə bilər”.

Erməni diasporunun sülhə yaratdığı maneələrə toxunan F. Şəfiyev əlavə etdi ki, bəzən ilk baxışdan diaspor və Ermənistan hökuməti arasında fikir ayrılıqlarının olduğu görünsə də, müəyyən hallarda onların koordinasiyalı fəaliyyətini də müşahidə etmək mümkündür.

“Ermənistan üçün sülhə gedən yol Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılmasından keçir”,-deyə BMTM sədri vurğulayıb.

Qeyd edək ki, BMTM nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Ankara Sosial Elmlər Universitetində görüşlər keçirilib, iki institut arasında əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.