09.12.2025-ci il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), Qazi Universiteti və Türkiyə Siyasi və Strateji Araşdırmalar Vəqfinin (TÜRPAV) birgə təşkilatçılığı ilə “Qafqaz və Orta Dəhlizin gələcəyi: İqtisadiyyat, nəqliyyat və enerji” mövzusunda tədbir keçirilib.
Tədbirdə Zəngəzur dəhlizinin regional strateji əhəmiyyəti və onun Türk dünyasının inteqrasiyası üçün mühüm strateji komponent olması xüsusi vurğulanıb.
Qeyd edilib ki, BTC, BTƏ, TANAP və Bakı-Tbilisi-Qars kimi layihələr regionun iqtisadi, siyasi və geosiyasi mövqeyini gücləndirərək Şərq-Qərb ticarət arteriyasının əsas dayaqlarını formalaşdırıb.
Müzakirələr zamanı bildirilib ki, Zəngəzur bölgəsinin Sovet dövründə Azərbaycandan ayrılması nəticəsində nəqliyyat əlaqələrinin kəsilməsi hazırda regional inteqrasiya qarşısında duran əsas maneələrdən biridir. Bu səbəbdən, dəhlizin təhlükəsiz, fasiləsiz və üçüncü tərəflərin müdaxiləsi olmadan tranzitə açılması zəruridir.
Tədbir çərçivəsində Cənubi Qafqazda enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının inkişaf perspektivləri, iqtisadi əməkdaşlıq imkanları və Türk dünyasının uzunmüddətli strateji baxışları ilə bağlı elmi-analitik məruzələr də təqdim olunub.


