Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) 30 aprel 2026-cı il tarixində “Minval Politika” tərəfindən yayımlanmış Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okampo və onun oğlu Tomasın daxil olduğu, rüşvət və kriminal əlaqələr üzərində formalaşmış şəbəkə vasitəsilə regional və qlobal siyasətə mənfi təsirlərini sübuta yetirən videomateriala münasibət bildirib.
Bu barədə BMTM-dən məlumat verilib.
Sözügedən videoda Okampo şəbəkəsinin öz əlaqələri vasitəsilə Ermənistandakı seçki proseslərinə müdaxilə etməsi, eləcə də dolayı yolla Cənubi Qafqazda normallaşma proseslərini pozmağa yönəlmiş məqsədləri ifşa olunur.
BMTM bildirir ki, belə vəziyyətdə Avropa institutlarının reaksiyasının sadəcə sükutla məhdudlaşması qəbuledilməzdir. Etik normalara nəzarət edən müvafiq qurumlar tərəfindən isə belə hallar hərtərəfli və şəffaf şəkildə araşdırılmalıdır.
BMTM-in şərhində (https://aircenter.az/uploads/NOzK4L1MZRse.pdf) deyilir:
“Luis Moreno Okampo və onun oğlu Tomasın yer aldığı video yazıların ifşası artıq narahatlıq doğuran hekayəyə dramatik yeni bir səhifə əlavə edib. Argentinada doğulmuş, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru olan Okampo bir neçə ildir ki, özünü Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı neytral hüquqi ekspert kimi təqdim etməyə çalışırdı. Lakin 30 aprel 2026-cı il tarixində “Minval Politika” tərəfindən yayımlanan görüntülər bu iddianı tamamilə alt-üst edir. Görüntülərdən birində Tomas Okampo açıq şəkildə bildirir ki, onların şəbəkəsinin məqsədi Ermənistanın hazırkı Baş naziri “Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır”. Digər bir videoda isə Luis Okampo özü fəxrlə qeyd edir ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin keçmiş köməkçilərindən biri artıq onun əməkdaşına çevrilib və Avropa Parlamentində fəaliyyət göstərərək “Avropa siyasətində korrektələr aparmaq”, Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula fon der Lyayenə təzyiq göstərmək və Avropa məhkəmələri vasitəsilə Aİ-nin Azərbaycanla olan enerji müqaviləsinin ləğvinə nail olmaq üçün çalışır. Bunlar qərəzsiz bir ekspertin deyil, ödənişli siyasi operativin fəaliyyətini ifşa edən açıqlamalardır.
Əslində, Okamponun fəaliyyətini izləyənlər üçün bu faktlar heç də təəccüb doğurmur. Onun Ermənistan-Azərbaycan münasibətlərinə müdaxiləsi indiki qalmaqaldan xeyli əvvəl başlamışdı. 2023-cü ilin avqust ayında o, Azərbaycanı ölkəmizin Qarabağ bölgəsində ermənilərə qarşı soyqırımı törətməkdə ittiham edən və “ekspert rəyi” kimi təqdim etdiyi bir sənəd hazırlamışdı. Bu sənəd erməni lobbi qrupları və onlara yaxın media orqanları tərəfindən geniş şəkildə yayılsa da, sonradan həmin sənəddəki ciddi hüquqi və metodoloji qüsurlar üzə çıxarıldı.
Okamponun şəxsi etibarı o, Azərbaycan mövzusuna diqqətini yönəltməzdən xeyli əvvəl də zədələnmişdi. BCM-in baş prokuroru vəzifəsində çalışdığı dövrdə Avropa Araşdırmaçı Jurnalistlər Əməkdaşlığı (European Investigative Collaborations )və Der Spiegel tərəfindən aparılan araşdırmalar onun BCM statutunun tələblərini pozaraq müxtəlif ofşor şirkətləri idarə etdiyini və sonradan silahlı qruplarla əlaqəsi ortaya çıxan liviyalı bir milyarderdən mənbəyi açıqlanmayan ödənişlər aldığını üzə çıxarmışdı. BCM-in hazırkı prokuroru isə ondan xahiş etmişdi ki, əvvəlki vəzifəsi ilə əlaqədar olaraq qurumun fəaliyyətinə xələl gətirə və ya onun nüfuzuna zərər vura biləcək hər hansı ictimai çıxışdan və fəaliyyətdən çəkinsin.
Hazırda yayılmış videoyazıların təsdiqlədiyi əsas məqam isə ondan ibarətdir ki, Okamponun fəaliyyəti yalnız ekspert rəyləri hazırlamaqla məhdudlaşmayıb. Bəzi hesabatlara görə, Samvel Karapetyan da daxil olmaqla Rusiyadakı erməni oliqarxları tərəfindən maliyyə dəstəyi alan şəbəkə sistemli şəkildə Avropa institutlarında lobbiçilik fəaliyyəti aparır, Avropa Parlamentində əlaqələr qurur və ABŞ-dəki erməni diaspor-lobbi təşkilatları ilə koordinasiyalı şəkildə işləyir.
Bu ifşaların zamanlaması da xüsusi əhəmiyyət kəsb edir. Ermənistan parlament seçkilərinə gedir və seçicilər qarşısında duran əsas sual budur: Baş nazir Paşinyanın sülh gündəmini səsvermə yolu ilə təsdiqləmək, yoxsa Azərbaycanla davam edən sülh prosesinə qarşı çıxan qüvvələrin siyasi proqramını seçərək onu rədd etmək.
Tomas Okamponun özünün də təsdiqlədiyi kimi, Okampo şəbəkəsi açıq şəkildə ikinci tərəfin mövqeyini müdafiə edir.
Sızdırılan görüntülər xarici lobbi aparatının Ermənistanın daxili siyasətinə təsir göstərərək ölkənin, eləcə də regionun maraqlarına xidmət etməyən, əksinə davamlı münaqişədən qazanc əldə edənlərin gündəliyini dəstəklədiyini aşkara çıxarır.
Belə vəziyyətdə Avropa institutlarının reaksiyası sükut olmamalıdır. Əgər doğrudan da Borrellin keçmiş köməkçisi Avropa Parlamentinin daxilində fəaliyyət göstərən erməni lobbi şəbəkəsinin bir hissəsinə çevrilibsə, Belçika hakimiyyət orqanları və Aİ-nin etik qaydalara nəzarət edən qurumları bunu araşdırmalıdır. Avropa Parlamentinin Ermənistan-Azərbaycan məsələlərinə dair qəbul etdiyi qətnamələr, xüsusilə 30 aprel 2026-cı ildə qəbul edilən son sənəd sülh prosesindən daha çox Rusiya meyilli müxalifətin siyasi ritorikasına uyğun ifadələr ehtiva edirsə, bu da yeni faktlar fonunda ciddi şəkildə nəzərdən keçirilməlidir. Eyni zamanda, Okamponun iddialarını kifayət qədər yoxlamadan tirajlayan beynəlxalq media və hüquqi institutlar da onun qiymətləndirmələrinə verdikləri önəmi yenidən gözdən keçirməlidirlər”,-deyə BMTM diqqətə çatdırıb.
Qeyd edək ki, BMTM tərəfindən 2023-cü ildə Okamponun Azərbaycana qarşı apardığı kampaniya, onun qanunsuz fəaliyyətləri, eləcə də maddi və siyasi maraqlar naminə beynəlxalq konvensiyaları yanlış təfsir etməsi ilə bağlı arqumentlərin yer aldığı və onun “ekspert rəyinin” əsassız və qərəzli xarakterini ortaya qoyan hesabat dərc edilmişdi.(https://aircenter.az/uploads/SN5P9JpKLCAD.pdf )


