İyunun 6-10-u tarixlərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İdarə Heyətinin üzvü Esmira Cəfərova və şöbə müdiri Fuad Çıraqov Amerika Birləşmiş Ştatlarına səfər edib. Səfər çərçivəsində Ceymstaun Fondu və Hudson İnstitutu ilə birgə tədbirlər, eləcə də Xəzər Siyasət Mərkəzində (Caspian Policy Center), ABŞ Xarici Siyasət Şurasında (Council on Foreign Relations), Karneqi İnstitutunda (Carnegie Institute), Atlantika Şurasında (Atlantic Council), həmçinin digər beyin mərkəzlərində ekspertlərlə görüşlər və müzakirələr keçiriblər. Səfər çərçivəsində ümumilikdə 44 günlük Vətən Müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, sülh prosesi, həmçinin Rusiya-Ukrayna müharibəsinin regiona təsirləri müzakirə edilib.
Görüşlər və tədbirlər zamanı həmçinin Azərbaycanın xarici siyasətinin prioritetləri, çağırışları, Avropanın enerji təhlükəsizliyində oynadığı rol, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, iki ölkənin beyin mərkəzləri arasında əməkdaşlıq əlaqələrinə dair müzakirələr baş tutub.