Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına səfəri çərçivəsində bir sıra yüksək səviyyəli tədbirlərdə iştirak edib və məhsuldar görüşlər keçirib.
İyunun 15-də F. Şəfiyev Seul şəhərində Hankuk Xarici Dillər Universitetinin “HK+ Milli Strategiyalar Tədqiqat Layihəsi” Agentliyinin təşkilatçılığı ilə keçirilən “Koreya yarımadası və Şimal üçün mədəniyyət və strategiyalar” mövzusunda 6-cı Forumda çıxış edib. O, nitqində Azərbaycanın regional bağlantı layihələrində oynadığı rolu, Ermənistan-Azərbaycan sülh prosesini, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında C6 əməkdaşlıq formatının möhkəmlənməsini, həmçinin daha geniş kontekstdə Azərbaycan-Koreya münasibətlərinin inkişafını diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycanın regional və beynəlxalq proseslərdə orta güc kimi artan rolunu vurğulayıb.
Mərkəzin şöbə müdiri Vasif Hüseynov da Forumda çıxış edərək İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda baş verən geosiyasi transformasiyalar, Ermənistan-Azərbaycan sülh prosesinin mövcud vəziyyəti və regionun gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
İyunun 16-da F. Şəfiyev “Koreya yarımadası və Şimal üçün mədəniyyət və strategiyalar” mövzusunda 6-cı Forum çərçivəsində təşkil olunan “Mədəni əməkdaşlıq vasitəsilə supramilli həmrəyliyin qurulması” adlı panelə moderatorluq edib. Müzakirələr zamanı mədəni əlaqələrin regional əməkdaşlığın genişlənməsinə və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyi töhfə ətraflı təhlil olunub.
İyunun 17-də nümayəndə heyəti Seul Milli Universitetinin Asiya Mərkəzini (SNUAC) ziyarət edib, Mərkəzin direktoru Suhonq Çe və elmi heyətin üzvləri ilə görüş keçirib. Görüşdə institusional əməkdaşlıq perspektivləri, birgə tədqiqat layihələri və qarşılıqlı maraq doğuran regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün F. Şəfiyev Koreya Xarici Əlaqələr Şurasında vitse-prezidentlər An Yonq-cip və Donqman Han ilə görüş keçirib. Tərəflər regional və beynəlxalq gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıb, akademik əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin reallaşdırılması imkanlarını nəzərdən keçiriblər.
Nümayəndə heyəti iyunun 17-də həmçinin Asan Siyasət Araşdırmaları İnstitutunda olub. Azərbaycan-Koreya münasibətləri, regional və qlobal müstəvidə baş verən əsas proseslər, eləcə də iki institut arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Eyni gündə BMTM nümayəndə heyəti Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Araşdırmaları İnstitutu və K-İpək Yolu Türk Araşdırmaları üzrə Magistr Proqramının təşkil etdiyi beynəlxalq əməkdaşlıq görüşündə iştirak edib. Tədbirdə Koreya-Azərbaycan münasibətləri, Avrasiyanın dəyişən geosiyasi mənzərəsi, Orta Dəhlizin strateji əhəmiyyəti, Türk dünyasında əməkdaşlıq məsələləri və Koreya Respublikasında Azərbaycanşünaslığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.
Müzakirələrdə Koreya Respublikasının Mərkəzi Asiya ilə genişlənən əməkdaşlığına, eləcə də Seulun regional strategiyasının Xəzər hövzəsini, Cənubi Qafqazı və Azərbaycanı əhatə edən daha geniş geosiyasi kontekst çərçivəsində qiymətləndirilməsinin vacibliyinə xüsusi diqqət yetirilib. İştirakçılar, həmçinin akademik mübadilələrin təşviqi və hər iki ölkənin tədqiqat institutları arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətlərini nəzərdən keçiriblər.
Səfər BMTM-in Koreyanın aparıcı akademik və analitik mərkəzləri ilə əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verib, tədqiqat, siyasət dialoqu və ekspert mübadiləsi sahələrində yeni əməkdaşlıq imkanları açıb.


