Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI) tərəfindən dərc edilmiş, Mattia Massolettinin müəllifi olduğu “Selektiv ədalət? Ermənistan və Ukraynada sülh təşəbbüslərinin müqayisəsi” (Selective justice? Comparing peace efforts in Armenia and Ukraine” https://www.ispionline.it/en/publication/selective-justice-comparing-peace-efforts-in-armenia-and-ukraine-226706) adlı araşdırmaya münasibət bildirib.
Məqalədə Ermənistan-Azərbaycan münaqişəsi və Ukraynadakı münaqişə arasında paralellik aparılır, Ermənistan-Azərbaycan münaqişəsində mövcud faktlar görməzdən gəlinərək məsuliyyət yanlış tərəfə yönləndirilir, eləcə də Ukraynaya münasibətdə nümayiş etdirilən beynəlxalq dəstəyin Ermənistana göstərilmədiyi və beləliklə, sonuncuya münasibətdə “selektiv ədalət” yanaşmasının tətbiq edildiyi iddia olunur.
Mattia Massolettinin arqumentinin əsas zəifliyi ondan ibarətdir ki, o, Azərbaycan ərazilərinin işğalını və bununla əlaqədar məsuliyyətin subyektini qeyri-müəyyən göstərir və ya gələcək sülh razılaşmaları əsasında müəyyən ediləcəyini bildirir. Halbuki Ermənistan-Azərbaycan münaqişəsində məsuliyyət fərziyyə xarakteri daşımır və danışıqlar predmeti ola bilməz. Beynəlxalq hüquqa görə məsuliyyət açıq şəkildə Ermənistana aiddir və beynəlxalq hüquqi normalara əsaslanmayan istənilən təhlil münaqişənin siyasi-hüquqi reallıqlarını təhrif etmək məqsədi güdür.
Ermənistanın məsuliyyətini müəyyən edən hüquqi əsaslar mövcuddur və onlar onilliklərdir qüvvədədir. Mattia Massolettinin təhlilində nəzərə alınmayan ilk və ən fundamental hüquqi sütun Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələridir. Bu qətnamələr Azərbaycan Respublikasının ərazi bütövlüyünü aydın şəkildə təsdiqləyir və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu isə iki mühüm hüquqi faktı təsbit edir: Azərbaycan ərazilərinin işğal olunması və Ermənistanın bu işğalda məsuliyyət daşıması.
İkinci əsas hüquqi sütun Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə verilmiş qərarıdır. Məhkəmə müəyyən edib ki, Ermənistan Dağlıq Qarabağ və ətraf işğal olunmuş ərazilər üzərində effektiv nəzarəti həyata keçirib və buna görə həmin bölgələrdə Avropa İnsan Hüquqları Konvensiyasının pozuntularına görə məsuliyyət daşıyır.
Bununla yanaşı, məqalədə Ruben Vardanyan, əsasən siyasi və ya vətəndaş fiquru kimi təqdim olunur, lakin onun maliyyə fəaliyyəti və digər ciddi ittihamlar barədə kifayət qədər məlumat verilmir. Eləcə də, Vardanyanın 2020-ci ildən sonrakı dövrdə destruktiv siyasi fəaliyyəti, Azərbaycan torpaqlarında separatçı idarəçilik strukturlarını möhkəmləndirməyə çalışması kimi faktlar nəzərə alınmayıb.
Nəticə olaraq, Ermənistan-Azərbaycan münaqişəsi Mattia Massolettinin “selektiv ədalət” yanaşması üçün nümunə deyil. Əksinə, onun müəllifi olduğu araşdırma beynəlxalq hüququn selektiv təfsirinin nümunəsi kimi qiymətləndirilə bilər.
* BMTM-in ingilis dilində dərc olunmuş cavabını aşağıdakı link vasitəsilə oxuya bilərsiniz:


