BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM ingilis dilində “Azərbaycanın bloklara qoşulmaması” adlı hesabat hazırlayıb

2022-09-22 14:46

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı haqqında ingilis dilində hesabat hazırlayıb. BMTM-in müəllifləri tərəfindən hazırlanan hesabatda ölkəmizin Qoşulmama Hərəkatında iştirakı, bunun Azərbaycanın xarici siyasətində rolu, mövcud geosiyasi gərginlik vəziyyətində ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin əhəmiyyəti və s. haqqında tədqiqat aparılmış, eyni zamanda beynəlxalq münasibətlərdə qoşulmama strategiyasının nəzəri əsasları təqdim edilib.

Hesabatda deyilir ki, Azərbaycanın beynəlxalq tərəfdaşları ilə onilliklər ərzində qarşılıqlı əlaqələrinin əsasını, balanslaşdırılmış, çoxşaxəli xarici siyasətin davam etməsi və bütün hərbi-siyasi bloklarla bərabər məsafədə olması müəyyən edib. Həmin siyasətin davamı olaraq Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına (QH) üzv olub. “Azərbaycanın Qoşulmama Hərəkatı ilə o qədər də dərin tarixi əlaqələri olmasa da, son illər beynəlxalq münasibətlər sistemində bu qurumun aktivləşməsi istiqamətində xeyli işlər həyata keçirib. Qoşulmama Hərəkatı və Azərbaycanın qarşıya qoyduğu məqsədlər əsasən üst-üstə düşür və hazırki zamanda Azərbaycan və Qoşulmama Hərəkatı arasında əlverişli sinerji yaradır. 2019-cu ildə Azərbaycan 2019-2022-ci illər (daha sonra 2023-cü ilə qədər uzadılaraq) üçün Qoşulmama Hərəkatının sədri olub. Təəssüf ki, bu dövrdə dünya COVID-19 qlobal pandemiyası və bütün dünyada davam edən münaqişələr ilə üzləşib. Bu müddət ərzində Azərbaycan hərəkatda liderlik nümayiş etdirə və ümumi problemlərin həlli istiqamətində səylər göstərə bilib”, deyə hesabatda qeyd olunur.

Hesabatın “Azərbaycanın beynəlxalq əlaqələrdə hərbi bloklara qoşulmamasına dair perspektivlər” (Theoretical perspectives on Azerbaijan’s non-alignment in international relations) adlı birinci bölməsini şöbə müdiri Vasif Hüseynov yazıb. Onun yazısı dövlətlərin xarici siyasət strategiyalarını iki realist yanaşma perspektivindən izah edir: struktural realism və neoklassik-realizm. “Azərbaycanın çoxşaxəli xarici siyasəti və Qoşulmama Hərəkatı” (Azerbaijan’s multi-vectored foreign policy and the Non-Aligned Movement) adlı II bölmədə Azərbaycanın balanslaşdırılmış xarici siyasət seçimi və Qoşulmama Hərəkatı (QH) ilə əməkdaşlığı müzakirə olunur. Bu hissədə İdarə Heyətinin üzvü Esmira Cəfərova Azərbaycanın balanslı xarici siyasətinin uğurlarından və bu kontekstdə beynəlxalq məsələlərdə bloka daxil olmayan siyasəti təşviq edən Qoşulmama Hərəkatı (QH) ilə konseptual oxşarlığını təhlil edir.

Hesabatın üçüncü bölməsi də Vasif Hüseynov tərəfindən yazılıb və həmin hissə “Azərbaycanın regionda rolu: Rusiya-Ukrayna müharibəsinin geosiyasi kontekstində balanslaşdırma aktı” (Azerbaijan’s role in the region: Acts of balancing in the context of the geopolitics of the Russia–Ukraine war) adlanır. O yazır ki, Azərbaycan rəhbərliyi münaqişə tərəfləri arasında atəşkəsə nail olmaq üçün fundamental əsas kimi beynəlxalq hüququn, xüsusilə də suverenlik və ərazi bütövlüyünün vacibliyini vurğulayaraq, ölkəmizin Ukraynaya dəstəyini bəyan edib.  Növbəti bölmə şöbə müdiri Cavid Vəliyev tərəfindən yazılıb və “Ukrayna və Azərbaycan müharibələri: Oxşarlıqlar və fərqlər” (The Ukraine and Azerbaijan wars: Similarities and differences) adlanır. Cavid Vəliyev bu məqalədə Rusiyanın Ukrayna torpaqlarını işğalı ilə Ermənistanın Azərbaycan torpaqlarına işğalına qarşı beynəlxalq reaksiyanı müqayisə edir. Baş məsləhətçi Şahmar Hacıyev tərəfindən yazılmış sonuncu hissə “Enerji ehtiyatları Azərbaycanın müstəqil xarici siyasətinin vacib hissəsi kimi” adlanır. Hacıyev bölməsində Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra neft-qaz strategiyasını təhlil edir.

Hesabatı aşağıdakı linkə daxil olaraq ingilis dilində oxuya bilərsiniz:

https://aircenter.az/uploads/rmwDEeH592MO.pdf