BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-in təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib

2025-11-25 12:21

24.11.2025-ci il tarixində Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib. 

İki ölkə aparıcı analitik qurumlarının rəhbərləri, tədqiqatçılarının iştirak etdiyi forumda regional təhlükəsizlik, xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və enerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirə mövzuları olub.

Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu öz işinə başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərin, eləcə də Türkiyənin terrorla mübarizədə həyatını itirən qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forum BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Polat Safinin nitqləri ilə başlayıb. Açılış nitqlərində əsas diqqət Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni reallıqlar fonunda institusional əsaslarının və konstruktiv rolunun daha da gücləndirilməsinin vacibliyi ilə bağlı tezislərə yönəldilib. 

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirdi ki, Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu iki ölkə arasında indiyədək mütəşəkkil və institusional şəkildə keçirilən ilk forumdur.

“Azərbaycan-Türkiyə siyasi əməkdaşlığı nümunəvi xarakter daşıyır. Mərkəzi Asiya ölkələrindən olan ekspertlər də bu nümunəni xüsusi qeyd edirlər. Türkiyə ilə bir sıra istiqamətlər üzrə daha sıx əməkdaşlıq etməli, fəaliyyətimizi koordinasiyalı şəkildə qurmalıyıq. Cənubi Qafqazdakı vəziyyət, Ermənistanla normallaşma prosesləri və türk dünyası daxilində əməkdaşlıq iki ölkə gündəmində duran əsas məsələlərdir. Qeyd edim ki, bu gün Ermənistanla gəldiyimiz mərhələ Azərbaycanın irəli sürdüyü sülh gündəliyi əsasında formalaşıb. Mərkəzi Asiya istiqamətində isə artıq yeni imkanlar yaranmaqdadır. Belə ki, Azərbaycan bu yaxınlarda Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tam hüquqlu üzv olub. Mərkəzi Asiya ölkələrinə kənar qüvvələr tərəfindən təzyiqlər olduğunu, məqsədyönlü feyk xəbərlər yayılması faktlarını nəzərə alsaq, hesab edirəm ki, bu istiqamətdə də koordinasiyalı fəaliyyət qurmalıyıq. Yaxın Şərqdəki siyasətimiz də Türkiyə ilə əlaqəli şəkildə reallaşdırılır”.

Öz növbəsində, Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Polat Safi bildirdi ki, Azərbaycan-Türkiyə əməkdaşlığı yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, regional sabitlik baxımından da nümunəvi mərhələyə çatıb. O, Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatdırıldığını vurğulayıb:

“Məlumdur ki, “Bir millət, iki dövlət” prinsipi ilə qarşılıqlı etimad, həmrəylik və qardaşlıq duyğuları əsasında formalaşan Türkiyə-Azərbaycan münasibətləri prezidentlərimizin ali iradəsi və tarixi Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Enerjidən nəqliyyata, müdafiədən mədəni əməkdaşlığa qədər mühüm sahələrdə əldə olunan konkret nailiyyətlərlə əməkdaşlığımız yalnız ikitərəfli müstəvidə deyil, regional sabitlik baxımından da nümunəvi mərhələyə çatıb. Bu müstəvidə strateji və çoxşaxəli xarakter daşıyan Türkiyə-Azərbaycan münasibətləri intensiv davam edən qarşılıqlı yüksək səviyyəli səfərlərlə yanaşı, müxtəlif səviyyələrdə qurumlararası təmas və əməkdaşlıqları da ehtiva edir”.

Daha sonra “Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər və əməkdaşlıq imkanları”, “Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiya perspektivləri”, Azərbaycan-Türkiyə əməkdaşlığında nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığı amilləri” mövzularında panel sessiyalar keçirildi. 

AnewZ media qurumunun baş redaktor müavini Orxan Amaşovun moderatorluğu ilə keçirilən birinci sessiyada SETA Proqram direktoru Muhittin Ataman, Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) prezidenti Kadir Təmiz, İran Araşdırmaları Mərkəzinin (İRAM) prezidenti Sərhan Afacan, Ankara Strateji Araşdırmalar Mərkəzinin (ANKASAM) direktoru Məhməd Seyfəddin Erol, BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev  təqdimatlarla çıxış etdilər.

Paneldə iki ölkə xarici siyasətinin qarşısında duran vəzifələr, üzləşə biləcəyi mümkün risklər barədə çıxışlar edildi. İkitərəfli münasibətlərdə regional təhlükəsizlik, enerji əməkdaşlığı, geosiyasi dinamika müzakirə olundu, strateji tərəfdaşlığın perspektivləri və qarşıda duran çağırışlar dəyərləndirildi.

BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyevin moderatorluğu ilə keçirilən ikinci sessiyada Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc, İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun direktoru Əsma Özdaşlı, İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Yaşar Sarı, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov,Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Turhan Dilmaç təqdimatlarla çıxış etdilər.

Sessiyada TDT daxilində müxtəlif istiqamətlər üzrə inteqrasiyanın gücləndirilməsi, regional təhlükəsizlik arxitekturası müzakirə olundu.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçirilən üçüncü sessiyada İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn, Türkiyə Araşdırma Fondunun (TAV) vitse-prezidenti Enes Bayraklı, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı, Xəzər Universiteti Tarix və Arxeologiya Departamentinin müdiri Telman Nüsrətoğlu  təqdimatlarla çıxış etdilər.

Paneldə iki qardaş ölkənin regional logistika xəritəsinin formalaşmasında rolu, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və kommunikasiya layihələrinin strateji əhəmiyyəti müzakirə edildi.

Zəngəzur dəhlizinin region ölkələri üçün açacağı imkanlar, TANAP və digər enerji layihələrinin əhəmiyyəti, regionda dayanıqlı nəqliyyat infrastrukturunun qurulması və rəqəmsal kommunikasiya imkanları diqqət yetirilən əsas mövzular oldu.

Tədbir qapalı müzakirələrlə davam etdirildi.