BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-in təşkilatçılığı ilə Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib

2025-11-19 10:12

18.11.2025-ci il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib. 

“Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu” mövzusuna həsr edilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci forumunda hökumət nümayəndələri, yerli beyin mərkəzləri ilə yanaşı, ABŞ-nin Atlantic Council, New Lines Institute, Hudson Institute, Central Asia-Caucasus Institute (Mərkəzi Asiya-Qafqaz İnstitutu) kimi beyin mərkəzləri və The National Interest jurnalından nümayəndələr iştirak edib. 

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev 8 avqust Vaşinqton sammitinin bir sıra müsbət nəticələrinə diqqət çəkdi. 

"Birincisi, bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində mühüm addımdır. Hər iki tərəf sülh prosesini irəli aparmaqla bağlı öhdəliklərinə sadiqliklərini ifadə edib. Bu kontekstdə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə  bağlı məqamların dəyişdirilməsi tezliklə reallaşdırılmalıdır. Digər ilkin şərt olan ATƏT-in Minsk Qrupunun ləğvi artıq yerinə yetirilib. İkincisi, Vaşinqton sammitinin ABŞ-Azərbaycan münasibətlərinə birbaşa təsiri oldu. 907-ci maddənin icrasının dayandırılmasına əlavə olaraq, hər iki tərəf Strateji Tərəfdaşlıq Xartiyası hazırlamaq məqsədilə Strateji İşçi Qrupunun yaradılması ilə bağlı Anlaşma Memorandumu imzalayıb. Bu, təkcə enerji sahəsini deyil,  həm də, ticarət, tranzit, iqtisadi investisiya, süni intellekt və rəqəmsal infrastruktur, təhlükəsizlik, o cümlədən terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığı əhatə edir. Üçüncüsü, görüş Cənubi Qafqaz regionu üçün əhəmiyyət kəsb edir. Region hələ də davam edən iki münaqişənin - Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərq münaqişəsinin perimetrində yerləşir. Bu da Cənubi Qafqazda sabitliyin və diplomatiyanın strateji əhəmiyyətini artırır. Sözügedən məqamlardan başqa, beyin mərkəzləri olaraq, ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verməyə və tərəflər arasında konstruktiv dialoqu dəstəkləməyə sadiqik", - deyə Fərid Şəfiyev əlavə edib.

ADA Universitetinin təsisçi rektoru, səfir Hafiz Paşayev bildirib ki, ABŞ-nin əsas beyin mərkəzləri ilə əməkdaşlıq Azərbaycanda diplomatiya təcrübəsinin təkmilləşdirilməsində  və Bakı ilə Vaşinqton arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayıb. O, həmçinin xatırladıb ki, 1990-cı illərin əvvəllərində Azərbaycan diplomatiyasının əsas vəzifələrindən biri ABŞ ictimaiyyətinə Azərbaycan haqqında obyektiv məlumat çatdırmaq idi. Onun sözlərinə görə, səfirliyin işi və ABŞ-Azərbaycan Ticarət Palatasının yaradılması bu səylərin vacib komponentlərindən olub.

Atlantik Şurasının Avrasiya Mərkəzinin Baş direktoru John E. Herbst çıxışında bildirib ki, Azərbaycanın yeni regional əməkdaşlıq arxitekturasına daxil edilməsi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün mühüm strateji irəliləyiş vəd edir.

Herbst xatırladıb ki, iki həftə əvvəl Vaşinqton ilk ABŞ-Mərkəzi Asiya Zirvə toplantısına (C5+1) ev sahibliyi edib və bir həftə sonra Daşkənddə Mərkəzi Asiya dövlətləri Azərbaycanı Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı kimi qəbul etmək barədə razılığa gəliblər.

"Bu, regional əlaqələri gücləndirən və əməkdaşlıqda yeni fəsil açan əhəmiyyətli addımdır", - deyə o qeyd edib.

O, həmçinin bildirib ki, Atlantik Şurası C5/C6+1 illik siyasi sessiyaları ilə paralel olaraq keçiriləcək ekspert görüşlərinin formatını institutlaşdırmaq niyyətindədir.

"Biz artıq bu işə başlamışıq: ilk analitik konfrans C5+1 sammitindən bir gün sonra Vaşinqtonda baş tutub. Biz C6+1 ölkələri hər dəfə yüksək vəzifəli liderlər səviyyəsində görüşdükdə belə tədbirlər keçirməyi planlaşdırırıq", - deyə o bildirib.

Daha sonra forum “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri”, “Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi”, “Enerji təhlükəsizliyi və bağlantılar” mövzularına həsr edilmiş sessiyalarla öz işini davam etdirib.

* Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci forumuna aşağıdakı link vasitəsilə baxmaq mümkündür:

https://www.youtube.com/watch?v=nD9IDtJQAbQ