BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-in şöbə müdiri Azərbaycanın artan Orta Güc rolunu vurğulayıb

2025-12-05 15:58

Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Şahmar Hacıyev 2025-ci il 3-5 dekabr tarixlərində Çin Xalq Respublikasına səfəri çərçivəsində bir sıra yüksək səviyyəli beynəlxalq konfranslarda, görüş və dəyirmi masalarda iştirak edib.

3 dekabr tarixində Ş.Hacıyev Şanxay şəhərində keçirilən “Üçüncü Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu”nda çıxış edib. I sessiyada o, iqlim dəyişikliyi və qlobal iqtisadi bərabərsizliyin Qlobal Cənubun qarşısında duran ən ciddi çağırışlar olduğunu bildirib.

Xəzər dənizində su səviyyəsinin enməsi ilə bağlı yaranan ekoloji vəziyyətə toxunan Ş. Hacıyev sahilyanı dövlətlərin regional əməkdaşlığı dərinləşdirməsi və adaptasiya tədbirlərini sürətləndirməsinin zəruriliyinə diqqət çəkib, eyni zamanda  Çin və Azərbaycan arasında effektiv strateji əməkdaşlıqdan bəhs edib.

Ş. Hacıyev, həmçinin Şanxay Beynəlxalq Araşdırmalar İnstitutları tərəfindən təşkil olunan “Yeni növ beyin mərkəzləri və Qlobal Cənub” adlı dəyirmi masada çıxış edib. O, Azərbaycanda beyin mərkəzlərinin artan rolundan danışıb, Qlobal Cənub mövzuları üzrə akademik institutlar arasında daha dərin əməkdaşlığın zəruriliyini vurğulayıb.

BMTM-in şöbə müdiri 5 dekabrda Şanxay Beynəlxalq Araşdırmalar İnstitutları tərəfindən təşkil olunan “Dünya nizamı böhran içində: İslahat, yoxsa yenidənqurma?” adlı digər konfransda iştirak edib.

O, “Təhlükəsizləşdirilmiş dünyada qarşılıqlı asılılığın qorunması” mövzusundakı paneldə çıxış edərək təhlükəsizləşdirmə prosesinin Azərbaycan kimi strateji mövqedə yerləşən ölkələr üçün doğurduğu nəticələr barədə danışıb.

Onun sözlərinə görə, qlobal enerji böhranları fonunda Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolu daha da önəm qazanıb.

 “Cənub Qaz Dəhlizi (CQD) layihəsi təkcə iqtisadi əhəmiyyət daşımır, həm də Avropanın enerji təhlükəsizliyi arxitekturasının əsas sütununu təşkil edir. Azərbaycan xüsusilə günəş və külək enerjisi sahələrində öz bərpa olunan enerji portfoliosunu genişləndirir və yaranmaqda olan Xəzər-Qara dəniz dəhlizi vasitəsilə Avropaya yaşıl elektrik ixracına hazırlaşır. Azərbaycan orta ölçülü bir dövlətin coğrafi imkanlarından istifadə etməklə, strateji infrastruktur yaratmaqla, konstruktiv istehsalçı-istehlakçı dialoqunu qorumaqla, tərəfdaşlıqları şaxələndirməklə və davamlı inkişafa ardıcıl sərmayə qoymaqla mürəkkəb geosiyasi mühitdə necə məharətli siyasət ortaya qoya biləcəyini nümayiş etdirir”, -deyə Ş. Hacıyev diqqətə çatdırıb.