Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sifarişi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Demoqrafik Təhlil və Planlaşdırma" şöbəsinin müdiri, elmlər doktoru Rüfət Əfəndiyev tərəfindən hazırlanmış “Qarabağ əhalisinin etno-demoqrafik təkamülü: inkişaf mərhələləri” adlı təhlil Azərbaycanın Yunanıstandakı Səfirliyinin təşəbbüsü və dəstəyi ilə yunan dilinə tərcümə edilərək, kitab şəklində Afinada nəşr edilib.
Nəşr olunmuş kitabda “XIX əsrdə Qarabağda etno-demoqrafik proseslər”, “XIX-XX əsrin sonlarında və AXC dövründə Qarabağın demoqrafiyası”, “SSRİ dövründə Dağlıq Qarabağ”, “1988-ci ildən sonra Dağlıq Qarabağın əhalisi”, “Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz köçürülmə” və “27 sentyabr 2020 -ci ildə dönüş nöqtəsi: İşğal olunmuş torpaqların azad edilməsi uğrunda Vətən Müharibəsi” adlı yarım başlıqlar vasitəsi ilə tarixi həqiqətlər çatdırılıb. Həmçinin regionun etno-tarixi proseslərin inkişaf tendensiyası, erməni əhalisinin regiona köçürülməsi, köçürülən erməni əhaliyə çar Rusiyası tərəfindən yaradılan xüsusi imtiyazlar, 1905-1907-ci illərdə və 1918-ci ilin mart ayında Qarabağ, Naxçıvan, Lənkəran, Salyan, Quba və Bakı şəhərində azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar, AXC dövründə ermənilərin Qarabağdakı separatçı fəaliyyəti, 1948-1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə Ermənistan ərazisindən zorla deportasiya edilən etnik azərbaycanlıların vəziyyəti, 80-ci ildən etibarən ermənilər tərəfindən yenidən başladılan anti-Azərbaycan siyasəti, onun xalqımız üçün acı nəticələri və məcburi köçkün və qaçqın problemi haqqında yunan ictimayyətinə geniş məlumat verilib. Eyni zamanda kitabda Ermənistan Silahlı Qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusunun bütün cəbhə xətti boyunca apardığı genişmiqyaslı əməliyyatlardan və 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən bəhs olunur.
Müəllifin Qarabağ əhalisinin etno-demoqrafik təkamülü ilə bağlı araşdırması göstərir ki, son iki əsr ərzində ermənilərin bu regiona köçürülməsi ilə bölgə çoxvektorlu demoqrafik proseslərin, mürəkkəb miqrasiya reallıqlarının, eləcə də qanlı hadisələrin mərkəzinə çevrilib.
Bildirilir ki, kitabın yunan dilində nəşr edilməsində əsas məqsəd ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlı tarixi həqiqətləri, həmçinin, hər bir dövlət, o cümlədən Yunanıstan üçün fundamental dəyər daşıyan ərazi bütövlüyünün, beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığının təmin edilməsi, qaçqın və məcburi köçkünlərin pozulmuş haqlarının bərpası istiqamətindəki Azərbaycanın haqlı mövqeyini yunan ictimayyətinə çartdırmaqdan ibarət olub.
Qeyd edək ki, kitabda faktların böyük əksəriyyyəti xarici mənbələrə istinadən istifadə olunub. Kitabın Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən Yunanıstanın siyasi, elmi, ictimayi, özəl dairələrində geniş yayılması nəzərdə tutulur.