BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistan XİN-in son bəyanatına dair şərhi

Avqustun 25-də Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan işğalından azad edilmiş Azərbaycan Respublikası ərazilərində YUNESKO-nun missiyasının həyata keçirilməsinin vacibliyinə dair əsassız bəyanatla çıxış edib və Azərbaycanı məqsədyönlü şəkildə erməni abidələrini dağıtmaq və məhv etməkdə ittiham edib. 

Ermənistan XİN bəyanatında “Silahlı münaqişələr zamanı mədəni irisin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına istinad edir. Lakin qeyd etmək lazımdır ki, 30 illik işğal müddətində Ermənistan tərəfi Azərbaycan irsinə məxsus 100 mindən çox artefaktın qorunduğu 22 muzey, 4,6 milyon kitabın saxlanıldığı 927 kitabxana, 85 musiqi məktəb, 4 teatr, 2 konsert zal, 4 incəsənət qalereyası, 808 əyləncə məkanı, o cümlədən 67 dini abidələrdən 63-nü  məhv edib. 

Bununla yanaşı, Ermənistan tərəfdən Azərbaycan mədəniyyət abidələrinin saxtalaşdırılması və özününküləşdirilməsinə və daha əvvəl işğal altında olmuş ərazilərdə qanunsuz qazıntı işlərinin aparılmasına cəhdlər edilib. Buna 2021-ci il fevralın 20-də İkinci Qarabağ Müharibəsi zamanı Şuşadakı xalça muzeyindən çıxarılmış xalçaların Yerevanda təşkil edilmiş sərgisini misal göstərmək olar. Ermənistan tərəfinin bu addımı YUNESKO-nun “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəniyyət abidələrinin vəziyyətinə dair daha ətraflı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin hazırlığı xüsusi hesabatda tanış olmaq mümkündür. (https://aircenter.az/uploads/files/Cultural%20Appropriation.pdf )

Yuxarıda qeyd edilənlərlə yanaşı Ermənistandakı indiki və əvvəlki hakimiyyət mütəmadi olaraq 1988-89-cu illərdə  bu ölkədən qovulmuş azərbaycanlılara məxsus mədəni irsi məhv ediblər. Məscidlər, qəbiristanlıqlar və digər mədəniyyət abidələri dağıdılıb. Bununla əlaqədar YUNESKO əsrlərlə azərbaycanlıların yaşadığı müasir Ermənistana da missiyanın göndərilməsi imkanını nəzərdən keçirməlidir.

Müstəqillik qazandığı ilk gündən Azərbaycan dünyaya multikultural dəyərlərə sadiqliyini nümayiş etdirib.  Uzun illər ərzində Azərbaycan YUNESKO-nun bütün dünyada dini irsin bərpası proqramında iştirak edib. 1990-ci illərdəki xaos zamanı zərər görmüş Bakıdakı erməni kilsəsi tam olaraq bərpa edilib və 5000 vacib  erməni əlyazılarının saxlanıldığı kitabxanaya kimi fəaliyyət göstərir. Burada qeyd etmək yerinə düşər ki, vaxtilə azərbaycanlıların dini ayinlərini həyata keçirdikləri və  Yerevanda fəaliyyət göstərən yeganə məscid Ermənistan rəhbərliyi tərəfindən İran mədəniyyət irsi kimi təqdim edilir. 

Bu yaxınlada BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident-əlaqələndiricisi ilə görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev vurğulayıb ki, 30 il müddətində YUNESKO nümayəndələri Azərbaycanın çoxsaylı müraciətlərinə məhəl qoymayaraq Azərbaycanın daha əvvəl işğal altında olmuş ərazilərinə səfər təşkil etməyib. Buna baxmayaraq, ölkə başçısı bildirib ki, Azərbaycan müharibədən sonrakı indiki dövrdə Ermənistan tərəfinə görə təxirə salınmış bu səfərə hər zaman  hazırdır. Bu baxımdan Ermənistan XİN-in Azərbaycan tərəfinin öz ərazisində YUNESKO missiyasının fəaliyyət göstərməsinə mane olmasına dair bəyanatı əsasızdır. 

Yuxarıda qeyd olunan faktlar Azərbaycanın YUNESKO ilə əməkdaşlıq etməyə hazır olduğunu göstərir və sübut edir ki, digər dini konfessiya və mədəniyyətlərə məxsus abidələr kimi Azərbaycan ərazisindəki erməni mədəniyyət abidələri də qoruma altındadır.