Hörmətli nümayəndə heyətinin rəhbərləri, qonaqlar, xanımlar və cənablar,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi adından sizi Bakıda salamlayır və “C6: Vahid Region, Ortaq Gələcək - Strateji Dialoqun Gücləndirilməsi” adlı beynəlxalq konfransı açıq elan edirəm.
2025-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşularaq regional əməkdaşlıq mexanizmini C5-dən C6 formatına yüksəltdi. Daşkənd şəhərində keçirilən 7-ci Məşvərət Görüşündə rəsmiləşdirilən bu qərar regionda əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Bu mühüm addım Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələri daha da möhkəmləndirərək Xəzər dənizi hövzəsi boyunca daha inteqrasiya olunmuş geoiqtisadi və geosiyasi məkanın formalaşmasına xidmət edir.
Hörmətli xanımlar və cənablar,
Görüşümüz qlobal mühitdə artan rəqabət və qeyri-sabitliyin hökm sürdüyü dövrə təsadüf edir. Böyük güclər arasında rəqabətin dərinləşməsi, enerji və nəqliyyat marşrutlarına təsir edən münaqişələr, eləcə də təchizat zəncirlərində yaranan fasilələr regionumuz üçün mühüm bir reallığı yenidən təsdiqləyir.
Bu reallıq ondan ibarətdir ki, strateji dayanıqlılığı təmin etmək üçün ölkələr arasında bağlantılar gücləndirilməli, iqtisadi və nəqliyyat marşrutları şaxələndirilməli, əməkdaşlıq isə ortaq maraqlar əsasında qurulmalıdır. Yalnız bu yanaşma regionumuzun sabitliyini və davamlı inkişafını təmin edə bilər.
Son altı il ərzində Azərbaycanın xarici siyasəti məhz bu reallıqlara uyğun şəkildə formalaşdırılıb. Asiya institutları ilə əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlıqların dərinləşdirilməsi nəticəsində ölkəmiz şərq vektorunu daha da möhkəmləndirmiş, bununla yanaşı, ABŞ və onun Avropadakı tərəfdaşları ilə konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirmişdir. Bu balanslı yanaşma həssaslıqların azalmasına, yeni imkanların yaranmasına və həm regional, həm də milli inkişaf üçün yeni perspektivlərin formalaşmasına xidmət edir.
Bu baxımdan, Mərkəzi Asiya bizim üçün yalnız qonşu deyil, həm də təbii tərəfdaşdır. Ortaq tarix və zəngin mədəni irs mühüm əsas yaratsa da, bugünkü əməkdaşlığımızı fərqləndirən başlıca amil geoiqtisadiyyatdır-enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlıqdır. Avrasiya məkanında sabitliyə dair ənənəvi fərziyyələrin aktuallığını itirdiyi şəraitdə bu əlaqələr yeni məna və strateji əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin sentyabrında Düşənbədə (Tacikistan) və 2024-cü ilin avqustunda Astanada (Qazaxıstan) keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində fəxri qonaq qismində iştirakı Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid strateji məkan kimi getdikcə daha geniş siyasi və strateji dairələrdə qəbul olunduğunu nümayiş etdirir. Lakin hazırkı mərhələdə müzakirələrin məzmunu daha da dərinləşdirilməli və inkişaf etdirilməlidir. Azərbaycan Mərkəzi Asiya ilə fəal əməkdaşlıq etsə də, əsas məsələ bu əməkdaşlığın daha vahid, institusionallaşdırılmış və gələcəyə yönəlmiş çərçivə əsasında qurulmasıdır. Məqsəd əməkdaşlığı uzunmüddətli imkanlara çevirməkdir. C6 formatı məhz bu funksiyanı yerinə yetirməlidir.
C6 praktiki və məqsədyönlü təşəbbüsdür. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan Azərbaycanla birlikdə regional bağlantıları gücləndirən və daha müstəqil fəaliyyət imkanlarını artıran altıtərəfli format çərçivəsində əməkdaşlıq edə bilərlər.
Bundan əlavə, bu təklif zamanın tələbinə cavab verir. Belə ki, məhz Mərkəzi Asiya dövlətlərinin öz aralarında daha sıx əməkdaşlığı C5+1 formatında gördüyümüz irəliləyişin əsas səbəblərindən biridir. Belə ki, 2022-ci ilin dekabrında Qazaxıstan və Özbəkistan mühüm əməkdaşlıq sazişi imzalamış, 2025-ci ilin martında Tacikistan və Qırğızıstan sərhəd mübahisəsini həll etmiş, neytrallıq statusunu qoruyan Türkmənistan isə daha fəal regional əməkdaşlığa doğru addımlar atmışdır.
Başqa sözlə, region əldə olunan irəliləyişləri möhkəmləndirən və onları davamlı potensiala çevirən mexanizmlərə getdikcə daha hazır olur. Azərbaycanın Xəzər dənizinin qərb sahilində yerləşməsi, mövcud nəqliyyat və dəniz infrastrukturu sayəsində dənizə çıxışı olmayan tərəfdaşlarımız öz imkanlarını genişləndirə bilərlər. Bu, Orta Dəhliz və Xəzər vasitəsilə Türkiyə və Avropa bazarları ilə daha dərin əlaqələrin qurulmasını, həmçinin Qara dəniz və Aralıq dənizi marşrutlarına çıxışı əhatə edir.
Sadə ifadə desək, C6 seçim imkanlarını artırır. Müasir dövrdə isə seçim imkanları həyati əhəmiyyət daşıyır.
Lakin C6 yalnız tranzit dəhlizləri ilə məhdudlaşmamalıdır. Qlobal enerji keçidi və dəyişən prioritetlər fonunda bu format enerji və investisiya sahəsində də funksional platforma rolunu oynaya bilər. Bərpaolunan enerji, texnologiya mübadiləsi və enerji infrastrukturunun modernləşdirilməsi sahələrində birgə layihələr və koordinasiyalı planlaşdırma vasitəsilə konkret və ölçülə bilən nəticələr əldə etmək üçün geniş imkanlar mövcuddur.
Bütövlük (cohesion) konsepsiyası da xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiyada üçtərəfli formatların və məsləhətləşmə mexanizmlərinin inkişafı müsbət tendensiyadır. Məsələn, 2025-ci ilin yanvarında Azərbaycan, Özbəkistan və Qazaxıstan enerji tranziti, bərpaolunan enerji sahəsinin inkişafı və texnoloji əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumunu imzalayıblar. Vacib məqam odur ki, bu əməkdaşlıq yalnız neft-qaz sektoru ilə məhdudlaşmır. Tərəfdaşlıq həm bərpaolunan enerji üzrə birgə tədqiqatların aparılmasını, həm də günəş və külək enerjisi potensialına yönəlmiş yeni investisiyaların təşviqini prioritet hesab edir. Bu isə regionun tədricən aşağı karbonlu iqtisadiyyata keçidini dəstəkləyir. Eyni zamanda, bu əməkdaşlıq regional enerji təhlükəsizliyini gücləndirir və altı ölkədən ibarət yeni formatı Şərq ilə Qərb arasında etibarlı enerji körpüsü kimi mövqeləndirməyə kömək edir.
C6 mövcud təşəbbüsləri təkrarlamadan, onların daha güclü və davamlı olmasına, eləcə də təsir dairəsinin genişlənməsinə kömək edə bilər.
C6 uzunmüddətli fəaliyyət üçün praktik və inklüziv olmalıdır. Regionumuzun müxtəlifliyini nəzərə alaraq əməkdaşlıq yalnız çevik və nəticəyönümlü olduqda effektiv olur. Davamlı regional format isə fərqlilikləri hörmətlə qarşılayan, nəticələrə fokuslanan və ortaq strateji tələblərə uyğun olan formatdır.
Yaxınlığı tərəfdaşlığa, coğrafiyanı üstünlüyə və ortaq çağırışları həllərə çevirmək C6-da əks olunan əsas strateji məntiqdir. Simvolik investisiyalar əvəzinə əlçatan mexanizmlərə, əməkdaşlıq layihələrinə və infrastrukturun inkişafına sərmayə qoymaq, altı dövlətin hər birinin təkbaşına nail ola biləcəyindən daha böyük nəticələr əldə etməsinə imkan yaradacaq.
Məhsuldar və nəticəyönümlü müzakirələr arzulayıram. Bir daha sizi Bakıda salamlayırıq.
Təşəkkür.


