BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücumla bağlı şərhi

2023-01-27 13:14


Bu gün saat 8:30-da Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər azərbaycanlı təhlükəsizlik əməkdaşı həlak olub, iki nəfər xəsarət alıb.

Qeyd etmək lazımdır ki, son 2 ildə bu Azərbaycanın diplomatik missiyasına edilmiş sayca 5-ci hücumdur. Bunlardan birincisi İrana bağlı dini qruplaşma tərəfindən Londonda, 2 hücum radikal ermənilər tərəfindən Parisdə və növbətisi yenə ermənilər tərəfindən Beyrutda törədilib.

Diplomatik əlaqələr haqqında 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasına əsasən ev sahibi ölkə xarici missiyaların təhlükəsizliyinə tam məsuliyyət daşıyır. İran rəsmiləri hücumun şəxsi səbəblər zəminində baş verdiyini iddia etsələr də, yenə də buna görə məsuliyyət daşıyırlar. Azərbaycana qarşı İranda əks təbliğat kampaniyasından və daha əvvəl Londona edilmiş hücumdan xəbərdar olan İran Azərbaycan səfirliyinin mühafizəsi üçün tədbirləri daha da gücləndirməli idi. Bu iranlı və ermənilər tərəfindən Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı digər ölkələrə də aiddir.