BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-in “Freedom House”-un hesabatında Azərbaycanın işğal olunmuş əraziləri haqqında deyilənlərə dair şərhi

2020-03-10 00:00

“Freedom House” tərəfindən  2020-ci ilin mart ayında yayımlanan Dünya üzrə Azadlıq Hesabatında son bir ildə dünyada baş verən bir çox proseslər, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı qiymətləndirmə aparılıb və şərh verilib.  Hesabatda Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı da müəyyən fikirlər söylənilib.  Dünyada insan hüquqlarının və demokratiyanın təntənəsinə xidmət etdiyini iddia edən bir qurumun ölkəmizin təcavüzə məruz qalmış torpaqları haqqında səsləndirdiyi bu fikirlər beynəlxalq hüquq və insan haqlarına zidd olmaqla yanaşı, təcavüzkar dövlət tərəfindən işğalın legitimləşdirilməsi cəhdlərinə dəstək verməkdir.

Hesabatda Ermənistanda Baş Nazir Nikol Paşinyan tərəfindən həyata keçirilən və geniş tənqidlərə səbəb olan siyasi proseslər gözardı edilərək, ümumilikdə N.Paşinyanın siyasəti ölkəsi üçün “müsbət işarə” kimi qiymətləndirilib. Lakin bu səhv hesabat müəlliflərinin Azərbaycanın ərazi bütövlüyünə və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə nəticəsində 30 il əvvəl öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan Azərbaycan vətəndaşlarının fundamental hüquqlarına qarşı göstərdikləri etinasızlıqa müqayisədə daha az əhəmiyyət kəsb edir.

Hesabat müəllifləri iddia edirlər ki, N.Paşinyanın siyasi kursu son bir il ərzində Ermənistanın BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinin qətnamələrini kobud şəkildə pozaraq qanunsuz şəkildə işğal etdiyi və tamamilə nəzarətdə saxladığı Dağlıq Qarabağa “müsbət təsir” edib.

Bu qiymətləndirməni edən “Freedom House” ekspertləri nəzərə almayıblar ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı apardığı siyasəti “müsbət” qiymətləndirilən Nikol Paşinyanın hakimiyyəti müddətində Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı münaqişənin həlli istiqamətində Yerevan tərəfindən heç bir müsbət addım atılmayıb. Tamamilə əksinə olaraq onun güclənən ksenafobik və təcavüzkar ritorikası və danışıqlarda qeyri-konstruktiv mövqeyi regionda vəziyyəti daha da ağırlaşdırıb və münaqişənin həlli prosesini daha da çətinləşdirib. N.Paşinyanın əksər siyasi əməlləri və bəyanatları, xüsusilə də “Dağlıq Qarabağ Ermənistandır, nöqtə” ifadəsi və onun Ermənistanın iddialarını əsaslandırmaq üçün Kral Tiqranın dövründə mövcud olmuş “Böyük Ermənistan” ideyasına istinad etməsi ümumilikdə Yerevanın islaholunmaz şovinizmini və irredendist iddialarını bir daha nümayiş etdirir.

Bu reallığı görməzdən gələn hesabat müəllifləri Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağda nəzarəti saxlamaq üçün Yerevanın yaratdığı qondarma “respublika”da 2019-cu ilin sentyabrında keçirilmiş yerli “seçkiləri” müsbət qiymətləndirir və hətta icraedici və qanunverici orqanlarda keçiriləcək seçkilərdə “növbəti dəyişikliklər” gözlədiklərini bildirirlər.

Bu yanaşma nəinki Azərbaycanın ərazi bütövlüyünə və bunu tanıyan beynəlxalq sənədlərə, həmçinin öz doğma torpaqlarında yaşamaq haqqı davamlı olaraq pozulan Dağlıq Qarabağdan olan 80 minə yaxın  məcburi köçkünə hörmətsizliyin təzahürüdür. Müəlliflər unudur ki, bu insanlar öz torplaqlarından qanlı etnik təmizləmə yolu ilə didərgin salınıblar. 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyi və getdikcə daha çox ölkə tərəfindən soyqırımı kimi tanınan Xocalıda baş verən  kütləvi qırğın bu prosesdə baş vermiş faciəvi epizodlardan yalnız biridir.

“Freedom House”nin Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qiymətləndirməsi tarixdə insan haqlarının yalnız hansısa irqin və ya etnik qrupun üzləri üçün nəzərdə tutulduğu qaranlıq dövrləri xatırladır. Bu baxımdan hesabatda nəzərə alınmır ki, bölgənin azərbaycanlı sakinlərinin yaşamaq və digər haqları bərpa edilmədiyi müddətdə orda hansısa demokratiyadan və ya insan hüquqlarının inkişafından danışmaq beynəlxalq norma və prinsiplərə ziddir. Nəzərə alınmalıdır ki, azərbaycanlı əhalinin hüquqları bərpa edilməyincə Azərbaycanın işğal olunmuş ərazilərində heç bir “demokratiya reytinqi”ndən söhbət gedə bilməz.

Eyni zamanda, “Freedom House”un ekspertləri və digər beynəlxalq müşahidəçilər nəzərə almalıdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində işğalı legitimləşdirmək məqsədi ilə yaradılmış oyuncaq siyasi rejim legitim qurum kimi qəbul edilməməli və demokratiya və insan haqlarına dair hesabatlarda bu cür dəyərləndirilməməlidir. Bu, təkcə beynəlxalq hüquq və normalara kəskin ziddiyyət təşkil etmir. Həmçinin 21-ci əsrdə heç bir dövlətə minlərlə günahsız insanın qanı və faciəsi hesabına ekspansiv ambisiyalarını həyata keçirtməyə imkan verilməməlidir.