26.12.2025-ci il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirdi ki, hər il olduğu kimi, cari ildə də Mərkəz əsas fəaliyyət istiqamətləri üzrə, yəni Azərbaycan, Cənubi Qafqaz regionu və dünyada baş vermiş vacib proseslərin təhlili, yüksək keyfiyyətdə araşdırma materialları, kitab və hesabatlar hazırlanması, həmçinin müvafiq olaraq Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması işini davam etdirib.
“Mərkəz tərəfindən ölkənin xarici siyasət gündəminin obyektiv və yığcam təsvirini əhatə edən 12 bülleten hazırlanıb. 2025-ci ildə Azərbaycan dilində 1 kitab nəşr edilib. Ərəb dünyası və Yaxın Şərq regionu üzrə ixtisaslaşan əməkdaşımız Lalə Xəlilzadənin müəllifi olduğu “Yaxın Şərqdə erməni diasporu” adlı kitabda sözügedən regionda erməni icmasının ən geniş yayıldığı 5 ölkə üzrə erməni diasporunun tarixi konteksti, siyasi, ictimai və mədəni fəaliyyət istiqamətləri, təsir dairələri, potensial imkanları təhlil edilib.
Qeyd etmək istərdim ki, başlıca hədəfimiz xarici auditoriyanın obyektiv və düzgün məlumatlandırılması olduğu üçün kitab və hesabat xarakterli nəşrlərimiz əsasən ingilis dilində hazırlanıb. Ümumilikdə, ingilis dilində 6 kitab hazırlanıb, “İlham Əliyev Xarici Siyasət Uğurları 2003-2023” broşürünü də ingilis dilinə tərcümə etmişik.
Strateji gündəmimizin hədəf istiqamətləri üzrə “AQEM: Azərbaycanın Sədrliyinin Gücləndirilməsi”, “Azərbaycan-ABŞ münasibətləri: Strateji tərəfdaşlığa doğru yeni kursun müəyyənləşdirilməsi”, “Fransanın Ermənistan-Azərbaycan münaqişəsində rolu: tarixi baxışlar və müasir dinamika”, “Qlobal Cənub: Azərbaycan üçün faydalar” mövzularındakı kitab və hesabatları qeyd etmək istərdim.
Əlavə olaraq, yenidənqurma prosesləri zamanı üzləşdiyimiz əsas problem - mina təhdidi ilə bağlı ADA Universiteti ilə birgə əməkdaşlıq və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə “Azad olunmuş ərazilərdə mina problemləri ilə mübarizə” sərlövhəli hesabat hazırlamışıq.
Bundan başqa, Azərbaycan, rus və ingilis dillərində dərc edilmiş bülleten, təhlil və arayışların sayı ümumilikdə 214-dür. Əməkdaşlarımızın Commonspace, Modern Diplomacy, The Liberum, Yeni Şafak, Anadolu Ajansı, Eurasia Review və digər nüfuzlu nəşrlərdə məqalələri dərc olunub. Bu il xarici mediada 168, yerli mediada isə 30 məqalə dərc edilib.
Ümumilikdə, Mərkəz tərəfindən təşkil olunan və əməkdaşlarımızın fəal iştirak etdiyi tədbir sayı 49-dur. Bunların arasında “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci Siyasi Forumu, “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” , “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması”, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Özbəkistan ekspert şuralarının iclaslarını, GLOBSEC-lə birgə təşkil etdiyimiz “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid?” adlı panel müzakirələrini qeyd etmək istərdim.
Bununla yanaşı, AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası, Türk Dövlətləri Təşkilatının Beyin Mərkəzləri Forumu, ABŞ-Azərbaycan Beyin Mərkəzlərinin Birinci Forumu və Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu təşkil olunub.
Mərkəzin ölkə xaricində də bir sıra tədbirləri həyata keçirilib. 9-10 dekabr tarixlərində Türkiyədə tərəfdaş təşkilatlarla birlikdə dörd, il ərzində isə ümumilikdə, 5ortaq tədbir keçirilib. Cari ilin aprel ayında Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi ilə birgə humanitar mina təmizləmə fəaliyyətlərinə həsr olunmuş brifinq təşkil edilib. Eyni zamanda, Praqa, Qahirə və Vyanada da ortaq tədbirlər baş tutub.
Bundan əlavə, mərkəzin əməkdaşları ABŞ, Avstriya, Mərakeş, Misir, Sinqapur və Çində tərəfdaş qurumlar tərəfindən təşkil olunan tədbirlərdə fəal iştirak edib və çıxışlar ediblər.
Cari il ərzində akademik fəaliyyətin genişləndirilməsi və ortaq layihələrin icrası məqsədilə İspaniyanın “Ágora Diplomática” platforması, Macarıstanın Danube İnstitutu, İtaliyanın Anteo Edizioni nəşriyyatı, Misirin “Hivar” Siyasi və Media Araşdırmaları Mərkəzi, İordaniya Universitetinin nəzdində fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzi, həmçinin İran İslam Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutu (IPIS) ilə olmaqla, ümumilikdə 6 tərəfdaş qurumla Anlaşma Memorandumu imzalanıb”,-deyə F. Şəfiyev diqqətə çatdırdı.
Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.


