BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünə həsr olunmuş seminar keçirib

2019-09-17 00:00

Seminarda salamlama nitqi ilə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanda siyasi və iqtisadi mənzərəni dəyişdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, müqavilə Azərbaycanın inkişafına böyük töhfə verməklə yanaşı, neft resurslarının insan kapitalına çevrilməsinə təkan verib.

Daha sonra çıxış edən Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əsrin müqaviləsi”nin beynəlxalq aparıcı şirkətlərlə, çətin geosiyasi proseslərin getdiyi dövrdə imzalandığını deyib. O bildirib ki, bununla da Azərbaycan uğurlu enerji strategiyasının və enerji diplomatiyasının əsasını qoyub: “Uzun illər Azərbaycan neft istehsalçısı olmasına baxmayaraq, neft bir çox hallarda Azərbaycan xalqının mənafeyinə xidmət etməmişdi. “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni bir neft erası başladı ki, bunun da nəticə etibarı ilə mənfəətini Azərbaycan xalqı gördü”. Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın neft strategiyası ölkənin müstəqilliyinin, iqtisadi inkişafının təməlini qoymaqla bərabər, beynəlxalq və regional müstəvidə enerji təhlükəsizliyinə ciddi töhfə verən amil olub: “Bu gün Azərbaycan artıq qaz ixrac edən ölkədir. TANAP və TAP layihələri özünün icrasının son mərhələsinə qədəm qoyur. Biz ümid edirik ki, tərəf müqabillərimizlə birlikdə bu layihənin də tezliklə sona çatdırılmasına nail olacağıq. Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək”.

Daha sonra çıxış edən Energetika nazirinin müavini Elnur Soltanov “Əsrin müqaviləsi”nin dünya miqyasında bağlanan ən iri sazişlərdən biri olduğunu deyib. Nazir müavini vurğulayıb ki, həmin vaxtdan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsinə təqribən 33 milyard dollardan çox sərmayə qoyulub. Elnur Soltanov qaz sektorunda da eyni uğurların davam etdiyini bildirib və Azərbaycanın bu sahədə də müsbət nəticələr əldə edəcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan elektrik enerjisi istehsalının artırılmasında da böyük işlər görür və Cənub Qaz Dəhlizi layihəsindən sonra ölkəmiz bu sahədə də uğur hekayəsini davam etdirə bilər.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üz vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, “Şahdəniz” dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur. O deyib ki, sonradan “Ümid” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına da sahib olduğunu təsdiq edib. Bununla da Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açılıb. Bəxtiyar Aslanbəyli əlavə edib ki, son 25 ildə BP digər tərəfdaşları və Azərbaycanla birlikdə 3,6 milyard barel neft ixrac edib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan Xəzər dənizini Aralıq dənizinə birləşdirən ilk boru xəttidir: “Bu boru xətti Xəzər dənizi karbohidrogenini dünya bazarına daşıyır və enerji bazarının diversifikasiyasına xidmət edir”.

ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer “Əsrin müqaviləsi”nin Azərbaycanda çətin siyasi proseslərin cərəyan etdiyi bir dövrdə imzalandığını qeyd edib. O vurğulayıb ki, həmin zaman Azərbaycanın 20 faiz torpaqları işğal olunub və ölkədə 1 milyona yaxın qaçqın və məcburi köçkün olub. Brenda Şaffer əlavə edib ki, bütün bunlara baxmayaraq, hərtərəfli strategiya ilə müqavilənin imzalanması və aparıcı beynəlxalq şirkətlərin regiona cəlb edilməsi mümkün oldu. O, Azərbaycanın bu gün də etibarlı tərəfdaş olduğunu əlavə edib. Seminar sual-cavab sessiyası ilə davam etdirilib