İyunun 23-ü Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Ermənistanda Azərbaycanofobiya: Ermənilərin müharibədən əvvəlki və post-müharibə dövründəki ritorikasında nifrət nitqi” adlı hesabatın ingilis versiyasının təqdimatı keçirilib. İki hissədən ibarət olunan tədbir hesabatın təqdimatı ilə başlayıb və sonra Ermənistandakı seçkilərin nəticələrinə dair müzakirələrlə davam edib.
Təqdimatı keçirdən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, sülhə doğru getmək istəyiriksə, Ermənistanda kök salmış Azərbaycanofobiya problemi həll edilməlidir. Onun sözlərinə görə, hər iki cəmiyyətdə problemlər olmasına baxmayaraq Ermənistanda Azərbaycanofobiya daha dərin köklərə malikdir: “Azərbaycanofobiya Ermənistanda yalnız sosial mediada müşahidə edilmir, eyni zamanda dövlət tərəfindən idarə olunan bir siyasətdir. Ermənistanda azərbaycanlılarla bağlı formalaşdırılmış mifoloji baxış əslində müəyyən dərəcədə İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasına kömək edib”.
Ermənistanda parlament seçkiləri haqqında danışan Fərid Şəfiyev deyib ki, seçkinin nəticələri bir az ümidverici olsa da yenidən seçilən hökumətin siyasətinin nə olacağını dəyərləndirmək üçün çox tezdir. BMTM-in İdarə Heyətinin sədri bildirib ki, seçkilərin nəticələri daha çox Ermənistan əhalisinin Koçaryan rejiminə qarşı bir seçimi idi: “Ermənilər həm də islahatların davam etdirilməsinin lehinə seçim etdilər. Paşinyan hakimiyyəti demokratiya demək deyil. O, yalnız ermənilər üçün demokratiyadan danışırsa, bu irqçilikdir. Unutmamalıyıq ki, Gəncədə mülki şəxslərə qarşı gecə saatlarında raket atmaq əmrini Paşinyan vermişdi”.
Daha sonra tədbir sual-cavab şəklində davam etdirilib.
Tədbirin videolinki:
https://www.facebook.com/aircenteraz/videos/2222329797898370
Aşağıdakı linkdən keçid edərək hesabatla ətraflı tanış ola bilərsiniz:
https://aircenter.az/uploads/files/hate%20speech%20english.pdf