BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM Ermənistanda Azərbaycanafobiyaya dair hazırladığı hesabatı təqdim edib

2021-05-06 16:11

Mayın 6-sı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Ermənistanda Azərbaycanafobiya: Ermənilərin müharibədən əvvəlki və post-müharibə dövründəki ritorikasında nifrət nitqi” adlı hesabatın təqdimatı keçirilib. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, ilkin olaraq rus dilində təqdim edilmiş hesabat erməni dilli mənbələrdən, sosial mediadan toplanmış faktlara əsasən hazırlanıb. Onun sözlərinə görə, yarandığı ilk gündən BMTM-in fəaliyyətinin əsas istiqamətini Ermənistan- Azərbaycan münaqişəsi təşkil edib, hazırda isə post-münaqişə dövrünə dair araşdırmalar aparılır: “Ermənistanda nifrət nitqi, şovinizm, etnosentrizm mütəşəkkil şəkildə aparılır. Bu istiqamətdə araşdırmalar yox səviyyəsindədir. Biz araşdırmanı ilkin olaraq rus dilində hazırladıq. Yaxın günlərdə material ingilis dilinə tərcümə olunaraq daha geniş auditoriyaya təqdim olunacaq. Diskriminasiya  Ermənistanın rəsmi şəkildə siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyev də dediyi kimi müharibə bitsə də, problemlər qalmaqdadır,  Biz çalışmalıyıq ki, erməni milliyyətçiliyi, şovinizm bir daha baş qaldırmasın”.

Fərid Şəfiyev deyib ki, Ermənistanda milliyyətçiliyin bir sıra kökləri var və klassik olaraq “böyük Ermənistan” ideyasından irəli gəlir. Onun  sözlərinə görə, ermənilər və onları təkrar edən Qərb tarixçiləri bunu fakt kimi qələmə verirlər: “Lakin araşdırmalar göstərir ki, bu konsepsiyanın tarixi 300 ildir. Milliyyətçiliyin digər kökü 1930-cu illərdə əsası Qaregin Njde tərəfindən  qoyulmuş “Tsexakron nəzəriyyəsi” ilə bağlıdır. Bu nəzəriyyə erməniləri istisna xalq kimi təqdim edir və müəyyən missiyanı icra etmək üçün mövcud olduqlarını iddia edir”. Fərid Şəfiyev əlavə edib ki, bu nəzəriyyə Robert Koçaryan və Serj Sarkisyanın rəhbərliyi dövründə Ermənistanda geniş istifadə olunub, Nikol Paşinyan isə hakimiyyətə gəldikdən bir müddət sonra bu ideyaları öz ritorikalarında təkrarlamağa başlayıb: “İkinci Qarabağ müharibəsi zamanı isə bu siyasət əslində bizə kömək edib. Artıq Ermənistan müharibəni uduzurdu. Beyni bu ideyalarla doldurulmuş xalq isə həqiqətləri qəbul etmək istəmirdi”.

BMTM-in İdarə Heyətinin sədri bildirib ki, araşdırmada əsasən milliyyətçiliyin 4 forması izah olunur: “İlkin olaraq ermənilər azərbaycanlıları insan olmayan məxluq kimi qələmə verirlər, bununla bağlı faktlar təqdim edilir. İkinci narrativdə Ermənistan xristian dünyasının forpostu kimi göstərilir, 3-cü narrativdə ermənilərin sivil, azərbaycanlıların isə orta əsrlərdən qalmış etnik qrup olduğu iddia edilir. 4-cü yanaşmada isə “erməni soyqırımı” iddialarından çıxış edilərək baş verən digər siyasi proseslər, müharibə bu prizmadan  nəzərdən keçirilir”.

 Aşağıdakı linkdən keçid edərək hesabatla ətraflı tanış ola bilərsiniz

https://aircenter.az/uploads/files/hate%20speech.pdf