BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

2025-02-26 10:03

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğının tarixi barədə danışdı, bu etnik təmizləmə siyasətinin əsasında erməni irredentizminin olduğunu diqqətə çatdırdı.

F. Şəfiyev Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini, soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə hər zaman mühüm yer tutduğunu vurğuladı. 

BMTM-in İdarə Heyətinin sədri Azərbaycan xalqına qarşı Xocalı soyqırımı daxil olmaqla çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsinə də diqqət çəkib. 

“Davam edən məhkəmə prosesində ortaya çıxan bir çox vacib məsələlər arasında Ermənistan dövlətinin əməlləri var. Belə ki, Ermənistan hərbi qüvvələrinin və onun birbaşa maddi-texniki dəstəyilə Qarabağda yaratdığı, ciddi nəzarət altında mərkəzi qaydada idarə etdiyi qanunsuz silahlı birləşmələrinin dövlətimizə, xalqımıza qarşı daxili və beynəlxalq hüquq normalarına zidd əməlləri aşkarlanır. Bir sözlə, artıq müəyyən sübutlar Ermənistanın dövlət məsuliyyətinə işarə edir”, - deyə F. Şəfiyev əlavə edib.