Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin 2023-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev 5 ilə yaxındır fəaliyyət göstərən Mərkəzin 2023-cü ildə də aktiv iş apardığını bildirib. Qeyd olunub ki, qurum fəaliyyətini ölkənin xarici siyasət gündəminin məqalələr, hesabatlar, təhlillər, tədbirlə, müsahibələr vasitəsi ilə dünya və yerli ictimaiyyətə çatdırılması istiqamətində qurub. Fərid Şəfiyev əlavə edib ki, Mərkəzin məhsulları Azərbaycanın bu ikin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri, Azərbaycan-Ermənistan sülh prosesi və bu mövzu ətrafında digər siyasi proseslər mərkəzdə olmaqla yanaşı, regionda nəqliyyat və enerji layihələrini, ikitərəfli əməkdaşlıq əlaqələrini, Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakını, dünyada baş verən siyasi prosesləri və bu proseslərin Azərbaycana təsirlərini əhatə edib. Ümumi məqsəd Azərbaycan həqiqətlərini öz dillərində xarici auditoriyaya çatdırmaqdan ibarət olub: “İl ərzində mərkəz əməkdaşları tərəfindən 220-ə yaxın arayış və təhlil və 6 hesabat hazırlanıb. Mərkəz əməkdaşları tərəfindən ingilis dilində “Laçın-Xankəndi yolu ətrafında mübahisələr”, "Başlıbel qətliamı: Ermənistanın Azərbaycan ərazilərində törətdiyi etnik təmizləmə və digər müharibə cinayətləri", “Zəngəzur dəhlizi və sülh yollarının kəsişməsi: Plan və bəyannamə”, “Luis Moreno Okamponun Qarabağla bağlı qərəzli rəyi: Soyqırımı Konvensiyasından siyasi məqsədlər üçün sui-istifadə”adlı hesabatlar yazılıb. Hər il olduğu kimi, 2023-cü ilin əvvəlində ötən ilin yekunlarına dair ingilis dilində illik hesabat hazırlanıb”.
Qeyd olunub ki, il ərzində mərkəz tərəfindən Azərbaycanda və xaricdə 30-dan çox konfrans, tədbir və vebinar təşkil olunub. “Bu baxımdan xüsusilə BMTM, ADA Universiteti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dekabrın 5-6-da Zəngilan və Bakıda «Qarabağ: 30 ildən sonra evə qayıdış: Nailiyyətlər və çağırışlar» adlı beynəlxalq konfransı qeyd etmək olar. Tədbirdə 30-dan çox ölkədən 60-dan çox beynəlxalq ekspert iştirak edib. Həmçinin mərkəzin təşkilatçılığı ilə Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovun iştirakı ilə Rusiya-Azərbaycan Ekspert Şurasının III iclası, “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar”, Ümummilli Lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri”, Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu”, Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə”, "Orta Şərq-Qafqaz: Təhlükəsizlik və əməkdaşlıq" mövzusunda beynəlxalq konfranslar, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən Nazirlər Toplantısına paralel olaraq BMTM-in təşkilatçılığı ilə "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda dəyirmi masa və “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq simpozium baş tutub. Bununla yanaşı İstanbulda "Türkiyə-Azərbaycan əlaqələrində Heydər Əliyevin mirası" adlı konfrans, GLOBSEC 2023 Bratislava Forumu çərçivəsində “Enerji və iqlim təhlükəsizliyi: Çıxarılan dərslər və gələcəyə baxış” adlı tədbir, Londonda “Cənubi Qafqazda Azərbaycan: Regional iqtisadi və təhlükəsizlik dinamikası” adlı dəyirmi masa, Makedoniyanın paytaxtı Skopyedə “Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransı təşkil olunub. Mərkəz əməkdaşları dünyanın müxtəlif ölkələrində təşkil olunmuş konfranslarda , o cümlədən Antalya Forumu, Doha Forumu kimi nüfuzlu tədbirlərdə iştirak və çıxış ediblər”.
Konfransda o da qeyd olunub ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ölkədə baş verən siyasi prosesləri beynəlxalq auditoriyaya çatdırmaq işinin tərkib hissəsi olaraq əməkdaşların 2023-cü ildə xaricdə 130-a yaxın məqalələri dərc olunub. Bu baxımdan «The National İnterest», «Jamestown Foundation», «Common Space», «Modern Diplomacy», «EU Reporter» «Eurasia «Review», Anadolu Agentliyi həmçinin Türkiyənin, Rusiyanın, Balkan və Ərəb ölkələrinin bir sıra dərgilərinin adları sadalanıb. Həmçinin bildirilib ki, mərkəz əməkdaşlarının yerli mediada 30-dan çox məqaləsi dərc olunub.
Qeyd edək ki, bu il Xarici İşlər Nazirliyi Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və BMTM-in birgə həyata keçirdikləri AİDA proqramı çərçivəsində İtaliya, Monteneqro, Belçika, Serbiya Meksika, Gürcüstan, Türkiyə, İsrail, Hindistan, olan 10 ekspert il boyu müxtəlif vaxtlarda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təqaüd proqramında iştirak ediblər. Onlar Azərbaycanda olduqları müddətdə Azərbaycanla bağlı müxtəlif araşdırmalar həyata keçiriblər, görüşlərə qatılıblar.
BMTM bu il 10 anlaşma memorandumu imzalayıb. Bunlar Serbiyanın Strateji Proqnoz Mərkəzi, Meksikanın COMEXI, Birləşmiş Ərəb Əmirliklərində fəaliyət göstərən Əmirliklərin Siyasi Araşdırma Mərkəzi, İordaniyanın MEMPSİ İnstitutu, Səudiyyə Ərəbistanın Ərəb-Rus Araşdırmaları üzrə Araşdırmaları Mərkəzi, Özbəkistanın Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu, Polşanın Varşava İnstitutu, Qırğızıstanın Milli Strateji Araşdırmalar İnstitutu və İraqın Strateji Araşdırmalar Mərkəzi ilə imzalanmış anlaşma memorandumlarıdır. Bununla da əməkdaşlıq etdiyimi xarici tərəfdaşlarımızın sayı 43-ə çatıb.
İl ərzində mərkəz əməkdaşları xarici siyasətdə baş verən proseslərlə bağlı yerli media vasitələr 450-ə yaxın müsahibə verib, müzakirələrə, analitik verilişlərə qatılıblar. Həmçinin dünya ictimaiyyətini də ölkədə baş verən proseslərlə bağlı məlumatlandırmaq üçün xarici mediaya, o cümlədən BBC, «Əl Cəzirə», «Washington Outsider», DW, «i24news», «AlArabia», «Sky News Arabia» və digər müxtəlif media vasitələrinə 30-dan çox müsahibə veriblər.