BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektlərinə dair vebinar keçirib

2021-02-16 12:02

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinar keçirilib. Vebinara moderatorluq edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı bir sıra məsələlərin siyasiləşdirildiyini deyib. Xüsusilə virusun başlanğıc ölkəsi olan Çinin reaksiyası və məsuliyyəti məsələsinin bir sıra müzakirələrə səbəb olduğunu bildirən F. Şəfiyev pandemiyanın başlamasına görə əslində hansısa ölkənin cavabdeh olmadığını vurğulayıb. O həmçinin ÜST-nin pandemiyanın qarşısını almaqla bağlı gördüyü bir sıra tədbirlərin və reaksiyalarının da siyasiləşdirildiyini qeyd edib. Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yoxsul ölkələrə peyvəndlərin paylanması təşəbbüsünün irəli sürüldüyünü əlavə edərək Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi bu işdə müəyyən mənəvi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Daha sonra açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin xarici siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ÜST-nin Azərbaycanda milli səhiyyə sisteminin yeni vəziyyətə uyğunlaşdırılmasında mühüm tərəfdaş olduğunu deyib. O milli, regional və beynəlxalq səviyyədə təşəbbüslərin bir-birini tamamlamalı olduğunu bildirib və  2020-ci ilin may ayında Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının beynəlxalq səviyyəli zirvə toplantısının keçirildiyini və ÜST-nin dəstəyi ilə xüsusi bir fondun yaradıldığını vurğulayıb: “Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin növbədənkənar sessiyası çağırıldı və bu təşəbbüs BMT-yə üzv dövlətlər tərəfindən dəstəkləndi”.

Hikmət Hacıyev Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə peyvəndləmə prosesinin başladığını deyib. Lakin o hazırda peyvənlərin milliləşdirilməsi probleminin mövcud olduğunu əlavə edib və 90% peyvəndlərin daha yüksək gəlirli ölkələr tərəfindən alındığını diqqətə çatdırıb. O, yeganə həll yolunun qlobal vaksinasiya proqramı olduğunu deyərək bütün ölkələr üçün peyvəndlərə  maneəsiz və etibarlı çıxışın təmin edilməsinin vacibliyini vurğulayıb.

ÜST-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, pandemiyadan bütün dünya əziyyət çəksə də ən kasıb və imkansız ölkələr və həssas insanlar daha çox təsirlənib. Onun sözlərinə görə, sevindirici haldır ki, son həftələrdə qlobal miqyasda yeni hadisələrin sayı durmadan azalır. Lakin o, peyvəndləmə mərhələsində meydana çıxan problemlərə də toxunub: “İndi peyvəndə sahib olan ölkələrin 90%-dan çoxu varlı ölkələrdir. 2,5 milyarddan çox əhalisi olan təxminən 130 ölkədə peyvəndin tətbiqinə başlanmayıb. Bu bərabərsizliklərin daha da dərinləşməsinə imkan verməməliyik”. Onun sözlərinə görə, ÜST-ün tərəfdaş olduğu COVAX təşəbbüsü məhz bərabərsizliyi aradan qaldırılması üçün yaradılıb. H. Harmancı deyib ki, , COVAX 2021-ci ilin sonuna kimi 2 milyard doza peyvəndin aşağı gəlirili ölkələrə paylanmasını hədəf seçib. Azərbaycana gəldikdə ÜST rəsmisi ölkəmizdə peyvəndləmə prosesinin uğurla başladığını deyib.

O bildirib ki, Azərbaycanda yanvarın 18-dən səhiyyə işçilərinin peyvəndləməsinə başlanılıb və 80 mindən çoxu peyvənd olunub: “ Azərbaycan hökuməti əhaliyə peyvəndi əlçatan etmək üçün əlindən gələni edir.

Pakistan Baş Nazirinin səhiyyə üzrə xüsusi köməkçisi Feysal Sultan pandemiya ilə mübarizədə vaksinasiya ilə bağlı beynəlxalq səviyyədə ədalətli bölünmə ilə yanaşı ölkələr daxilində də sistematik bərabər çatdırılmanın vacibliyini qeyd edib. Onun sözlərinə görə, vaksinlərin məhdud təchizatı problemi həll olunmalıdır.

Argentinada “Müasir Orta Şərq Araşdırmaları Mərkəzi” Fondunun (CEMOC) prezidenti Paulo Botta çıxışında pandemiyanın Latın Amerikasına iqtisadi təsiri barədə danışıb. O bildirib ki, ənənəvi sosial stimullar və digər tədbirlər görülsə belə, pandemiyadan əvvəlki iqtisadi vəziyyətə geri dönmək çətin olacaq. Onun sözlərinə görə, pandemiya göstərdi ki, texnoloji  infrastruktura investisiyalar artırılmalıdır.

El Salvadorda Xarici Əlaqələr üzrə Araşdırmalar Mərkəzinin İcraçı Direktoru Sezar Edqardo Martinez Flores da Latın Amerikası bölgəsində geosiyasi asılılıq probleminin mövcud olduğunu diqqətə çatdırıb. Ekspert bildirib ki, pandemiya çoxtərəfliliyinin vacibliyini bir daha nümayiş etdirib və qlobal problemlərə qlobal yanaşmanın vacibliyini sübut edib.

İsveçrənin Cənub Mərkəzində intellektual mülkiyyət, səhiyyə və biomüxtəliflik məsələləri üzrə proqram koordinatoru Vivyana Munoz Tellez pandemiyanın başlaması ilə dünyada geosiyasi baxımdan da dəyişikliklərin baş verdiyini deyib. Onun sözlərinə görə, hazırkı mərhələdə qlobal səviyyədə cavab tədbirlərinin artırılmasına ehtiyac var və bu işlərin mühüm hissələrindən biri olaraq ÜST-nin rolu gücləndirilməlidir.

Vebinar sual-cavab sessiyası ilə davam edib.