BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

2022-12-28 14:54

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev 2022-ci ildə mərkəzin aktiv fəaliyyət göstərdiyini bildirib və qeyd edib ki, bütün işlərdə əsas hədəf xarici auditoriya olub. “Fəaliyyətimizin əsas istiqaməti xarici auditoriyanı Ermənistan-Azərbaycan münasibətləri, post-münaqişə dövründə atılan addımlar, ümumilikdə ölkənin xarici siyasəti barədə məlumatlandırmaqdır. Xarici siyasət dedikdə, buraya təbii ki, enerji, nəqliyyat layihələri, humanitar məsələlər də daxildir. Mərkəz əməkdaşları il ərzində beynəlxalq nüfuzlu dərgilərdə sözügedən məsələlərlə bağlı davamlı məqalələrlə çıxış ediblər”.

Fərid Şəfiyev bildirib ki, bu il Mərkəz Azərbaycanda daxilində və xaricində mühüm tədbirlər, konfranslar keçirilib. O, bu baxımdan ADA Universiteti ilə birlikdə Şuşada və Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə keçirilmiş 2 konfransı qeyd edib. Fərid Şəfiyev həmçinin Şuşa şəhərində digər tədbirlərin də baş tutduğunu diqqətə çatdırıb. O ikitərəfli əlaqələrdən də söz açıb: “Bu il BMTM nümayəndə heyəti ABŞ-a səfər edib və oradakı Ceymstaun Fondu, Xəzər Siyasət Mərkəzi kimi tərəfdaşlarla görüşlər baş tutub. Avropa İttifaqının mərkəzi Brüsseldə bir sıra beyin mərkəzləri ilə əməkdaşlıq edirik, onlarla mütəmadi işləyirik. Hazırda Mərkəz Aİ ilə Azərbaycan əlaqələrinə dair məruzə üzərində iş aparır”.

Fərid Şəfiyev həmçinin Yunanıstan, Bolqarıstan, Polşa. Türkiyədə keçirilən tədbirlər barədə məlumat verib və bildirib ki, Türkiyədəki tərəfdaşlarla geniş gündəlik mövcuddur və bu gündəliyə tək ikitərəfli əlaqələr deyil, region, Cənubi Qafqaz, Yaxın Şərq, İran məsələsi də daxildir.  

BMTM sədri Rusiya, Ukrayna, Orta Asiya ilə əlaqələrin genişlənməsi barədə məlumat verib. Bildirib ki, Yaxın Şərqlə də təmaslar inkişaf etdirilib və hazırda Mərkəzdə Yaxın Şərqdə erməni diasporunun fəaliyyətinə dair hesabat hazırlanır. O, həmçinin erməni diasporunun Argentina, Fransa və Rusiyadakı fəaliyyətlərinə dair ayrı-ayrı hesabatların işıq üzü gördüyünü diqqətə çatdırıb: “Bir sözlə bizim əsas hədəfimiz xarici auditoriya ilə işləməkdir. Azərbaycanla bağlı beynəlxalq auditoriya üçün müfəssəl araşdırmalar lazımdır. Düzdür, bununla bağlı dil bilgiləri də önəmli yer tutur, amma Azərbaycan dilindəki yazılarda da boşluqlar var. Yaxşı araşdırmanı tərcümə etmək texniki məsələdir”. 

Fərid Şəfiyev bildirib ki, Laçın yolu ətrafında baş verən məsələni iki il əvvəl Mərkəz araşdırıb: “Bu məsələnin süni şəkildə yarandığını deyən insanlar bilməlidirlər ki, bu indinin problemi deyil. Mərkəz yarandığı gündən bu istiqamətdə iş aparır. O cümlədən müharibə cinayətləri məsələsini də biz daim diqqətdə saxlayırıq. Müharibə bitsə də, bu məsələlər unudulmamalıdır. Bütün bunlar davamlı işlənməli kampaniya xarakteri daşımamalıdır”.

Daha sonra Mərkəzin 2022-ci il fəaliyyəti üzrə təqdimat dinlənilib və jurnalistlərin sualları cavablandırılıb.