BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

Azərbaycanın Xəzər və Aralıq dənizi hövzələri arasında artan strateji rolu Romada müzakirə olunub

2026-11-26 10:17

25 noyabr 2026-cı il tarixində Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) İtaliyanın Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzi (CeSPI) ilə birgə “Xəzər və Aralıq dənizi arasında körpü: dəyişən geosiyasi mənzərədə Azərbaycan” (“Bridging the Caspian and the Mediterranean: Azerbaijan in a Changing Geopolitical Landscape”) mövzusunda beynəlxalq seminar təşkil edib.

Seminarda iştirak edən ekspert və tədqiqatçılar Azərbaycanın dəyişən geosiyasi reallıqlar fonunda artan strateji rolunu, habelə Xəzər və Aralıq dənizi regionları arasında mühüm əlaqələndirici aktor kimi mövqeyini müzakirə ediblər. Müzakirələr çərçivəsində regional və qlobal geosiyasi proseslərin dinamikası, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması perspektivləri, eləcə də enerji, nəqliyyat, ticarət və regional bağlantılar sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin açılışında CeSPI-nin prezidenti Daniele Frigeri salamlama nitqi ilə çıxış edərək seminarın məqsəd və əhəmiyyətindən bəhs edib, Azərbaycan və İtaliya arasında dialoqun və əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Azərbaycanın Milli Məclisinin deputatı Tahir Mirkişili açılış nitqi ilə çıxış edib. O, Azərbaycan-İtaliya münasibətlərinin inkişaf dinamikasına nəzər yetirərək bu əlaqələrin hər iki ölkə üçün strateji əhəmiyyətini qeyd edib.

Seminarın birinci paneli çərçivəsində Cənubi Qafqazda normallaşma prosesi, Yaxın Şərqdə baş verən geosiyasi dəyişikliklər, həmçinin Azərbaycanın Avropa, Xəzər və Aralıq dənizi hövzələri arasında əlaqəliliyin möhkəmləndirilməsindəki rolu müzakirə edilib.

BMTMM-in şöbə müdiri Vasif Hüseynov “Ermənistanla sülh prosesi və regional normallaşma: Sabitlik və investisiyalar baxımından əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. O, sülh prosesinin regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və Cənubi Qafqazda investisiya mühitinə mümkün təsirlərini təhlil edib.

ADA Universitetinin professoru Damjan Krnjeviç “Dəyişən regional və qlobal geosiyasi dinamika: Azərbaycanın baxışı” mövzusunda çıxış edərək beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər və Azərbaycanın formalaşmaqda olan geosiyasi şəraitdə strateji mövqeyi barədə fikirlərini bölüşüb.

CeSPI-nin Romadakı baş elmi işçisi Mattia Giampaolo “Yaxın Şərqdə gərginliklər və Azərbaycanın strateji mövqeyi” mövzusundakı təqdimatda regiondakı qeyri-sabitliyin Azərbaycanın xarici siyasətinə və daha geniş strateji maraqlarına təsirlərini nəzərdən keçirib.

CeSPI-nin Türkiyə Araşdırmaları Observatoriyasının koordinatoru Valeria Giannotta isə “Aralıq dənizi ilə Xəzər arasında körpü kimi İtaliya və Azərbaycan: Mattei Planı çərçivəsində əməkdaşlıq sinerjiləri” mövzusunda çıxış edib.

Seminarın ikinci panelində Xəzər və Aralıq dənizi regionları arasında əlaqələrin inkişafında bağlantıların artan əhəmiyyəti müzakirə olunub. Paneldə enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu, ticarət marşrutları və İtaliyanın Avropaya çıxış baxımından strateji rolu əsas müzakirə mövzuları olub.

Romada yerləşən ISIA-nın baş tədqiqatçısı Fabio Indeo “Tamamlayıcı imkanların yaradılması: Xəzərdən Adriatikədək enerji və nəqliyyat inteqrasiyası” mövzusunda təqdimatla çıxış edərək enerji infrastrukturu ilə nəqliyyat şəbəkələri arasında sinerjinin yaradılması və regionlararası bağlantıların gücləndirilməsi imkanlarını təhlil edib.

Avropa Qonşuluq Şurasının (ENC) icraçı direktoru Samuel Doveri Vetsrbiye “Avropanın gələcəyinin gücləndirilməsi: Enerji təhlükəsizliyindən bağlantılara doğru” mövzusundakı çıxışında Avropanın enerji təhlükəsizliyi prioritetləri ilə strateji regional bağlantıların inkişafı arasındakı əlaqəyə diqqət çəkib.

Tədbirin sonunda BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev yekun nitq ilə çıxış edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və regional bağlantıların inkişafında mühüm rolunu vurğulayıb. Həmçinin Ermənistan-Azərbaycan sülh prosesinə toxunaraq sülh müqaviləsinin imzalanması üçün Ermənistan dövlətinin Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının vacibliyini və bu məsələnin aktuallığını qeyd edib.

Seminar Azərbaycan və İtaliya arasında siyasi dialoq və əməkdaşlığın daha da dərinləşdirilməsinin, eləcə də Xəzər və Aralıq dənizi regionlarını birləşdirən daha əlaqəli, sabit və iqtisadi baxımdan inteqrasiya olunmuş məkanın formalaşdırılmasının əhəmiyyətini bir daha nümayiş etdirib.