Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası - WUF13 - yalnız yüksək səviyyəli beynəlxalq tədbir deyil, həm də Azərbaycanın qlobal şəhərsalma və məskunlaşma gündəmində mövqeyinin güclənməsinin göstəricisidir. Forum 17-22 may 2026-cı il tarixlərində “Housing the World: Safe and Resilient Cities and Communities” mövzusu ilə keçirilir; rəsmi məlumata görə, 16 may tarixinə 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçmiş, açılış günündə isə 162 ölkədən 21 mindən çox iştirakçı Bakıda bir araya gəlmişdir[1]. UN-Habitat WUF13-ü COP29-dan sonra Azərbaycanın tarixində ikinci ən böyük tədbir kimi xarakterizə edir. Beləliklə, son iki il ərzində Azərbaycan əvvəlcə qlobal iqlim siyasətinin, indi isə qlobal şəhərsalma siyasətinin başlıca müzakirə meydanına çevrilmişdir. Bu davamlılıq, Azərbaycanın beynəlxalq tədbir məkanı kimi rolunun epizodik deyil, institusional xarakter aldığını göstərir.
Onu da əlavə edək ki, Ümumdünya Şəhərsalma Forumu BMT tərəfindən 2001-ci ildə təsis olunmuş, dayanıqlı urbanizasiya problemlərinin müzakirəsi üçün yaradılmış ən yüksək səviyyəli qlobal platformalardan biridir. Rəsmi təsvirə görə, WUF “dayanıqlı urbanizasiya üzrə aparıcı qlobal konfrans”dır və hökumətlərdən tutmuş elmi – akademik dairələrə, biznesə, yerli icmalara və vətəndaş cəmiyyətinə qədər çoxşaxəli aktorları bir araya gətirir. Forum proqramı çərçivəsində 470-dən çox tədbir, eləcə də yekunda “Baku Call to Action” adlı nəticə sənədinin qəbuluna aparan çoxtərəfli müzakirə prosesi nəzərdə tutulmuşdur. Bu faktlar WUF13-ün sadəcə nümayiş xarakterli tədbir deyil, qlobal mənzil böhranı, urban dayanıqlıq və Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı normativ və praktik qərarların formalaşdığı məkan olduğunu təsdiq edir.
Bütövlükdə, belə bir qlobal mötəbər tədbirin Azərbaycanda keçirilməsinin bir sıra ciddi səbəbləri var və düşünürəm ki, bu səbəblərə qısa nəzər salsaq yerinə düşər. WUF13-ün Azərbaycana həvalə olunmasının birinci əsas səbəbi ölkənin beynəlxalq nüfuzu və etibarlı tərəfdaş kimi qəbul olunması ilə bağlıdır. WUF13-ün rəsmi saytında forumun Bakıda keçirilməsi “Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə töhfəsinin və etibarlı tərəfdaş kimi qazandığı etimadın sübutu” kimi təqdim edilir[2]. Bu etimad birdən-birə formalaşmamışdır. 2023-cü ildə Baku UN-Habitat-ın qlobal Dünya Məskunlaşma Günü tədbirinə ev sahibliyi etmiş, həmin mərasimə 108 ölkədən təxminən 1000 iştirakçı qatılmışdır[3]. Ardınca Baku 2026-cı il WUF13 üçün ev sahibi seçilmiş, 2025-ci ildə isə Azərbaycan UN-Habitat-ın “Hamı üçün adekvat mənzil” üzrə hökumətlərarası işçi qrupunun həmsədri olmuşdur. Bu faktlar göstərir ki, Azərbaycan yalnız meydan və logistika təmin edən ölkə deyil, həm də BMT şəhərsalma gündəminin institusional iştirakçısına çevrilməkdədir.
İkinci əsas səbəb ölkədə iri beynəlxalq tədbirlərin keçirilməsi üçün zəruri ictimai-siyasi və inzibati sabitliyin mövcudluğudur. Bu sabitlik birbaşa indeks dili ilə deyil, daha çox empirik institusional nəticələrlə özünü göstərir: WUF13-ün ilk günündə 162 ölkədən 21 mindən artıq iştirakçının problemsiz qəbul edilməsi, forum iştirakçıları üçün 24/7 işləyən hava limanı-şəhər-məkân nəqliyyat sxeminin qurulması, təhlükəsizlik və giriş prosedurlarının mərkəzləşdirilmiş şəkildə idarə olunması, həmçinin əlilliyi olan iştirakçılar üçün inklüziv və sürətli giriş rejiminin tətbiqi tədbirin yüksək təşkilati intizam şəraitində aparıldığını nümayiş etdirir. Başqa sözlə, “sabitlik” burada abstrakt siyasi şüar deyil, çoxtərəfli, minlərlə iştirakçılı tədbirin kəsintisiz işləməsinə imkan verən dövlət və şəhər idarəçiliyi qabiliyyəti kimi təzahür edir.
Üçüncü səbəb isə mövcud infrastruktur potensialıdır. Heydər Əliyev Beynəlxalq Hava Limanı 2024-cü ildə 7,537 milyon, 2025-ci ildə isə 7,64 milyondan çox sərnişinə xidmət göstərmiş, 40 aviaşirkətlə 75-80 istiqaməti əhatə edən marşrut şəbəkəsi yaratmışdır[4]. WUF13 üzrə rəsmi praktiki məlumatlar forum iştirakçıları üçün hava limanından şəhərə və məkana qədər pulsuz transfer, 6 müntəzəm avtobus xətti, 9 mobillik qovşağı, rəsmi hotellərlə əlaqələndirilmiş marşrutlaşdırma, habelə tam əlçatan məkan, liftlər, rampalar, brayl nişanları və inklüziv xidmətlər sisteminin mövcudluğunu göstərir. Eyni zamanda, forumun rəsmi yerləşdirmə portalı bir ulduzludan beş ulduzlu hotellərə qədər geniş seçim və sabit tarif siyasəti təqdim etmişdir. Bu baxımdan demək olar ki, Bakının WUF13 kimi platformaya ev sahibliyi etməsi yalnız siyasi qərar deyil; o, illər ərzində formalaşmış hava nəqliyyatı, qonaqpərvərlik, şəhər mobilliyi və tədbir idarəçiliyi infrastrukturunun nəticəsidir.
WUF13-ün Azərbaycan üçün xüsusi mənası həm də ondan ibarətdir ki, ölkə urbanizasiya və dayanıqlı şəhərlər məsələsini abstrakt nəzəri mövzu kimi deyil, irimiqyaslı münaqişə dağıntısından çıxmış bir dövlət kimi müzakirə edir. Belə bir klassik yanaşmaya görə, “urbisid” şəhər mühitinin qəsdən və genişmiqyaslı dağıdılması ilə xarakterizə olunur[5]. Bu baxımdan, Ağdam nümunəsini bu kateqoriyanı izah edən ən kəskin hallardan biri kimi qəbul etmək olar. Qeyd edək ki, Ağdam 1993-cü ildə işğal edilmiş və sonradan “ghost city”ə çevrilmiş Azərbaycan şəhəridir. Bu mənada urbisid burada yalnız bina dağıntısı deyil, məkanın sosial funksiyasının və şəhər həyatının ləğvi kimi başa düşülməlidir.
Mədəni irsə münasibətdə də ciddi dağıntı izləri sənədləşdirilmişdir. Beynəlxalq araşdırma missiyaları məscidlərin, teatrların, muzeylərin və digər tarixi obyektlərin xarabalıq halında olduğunu qeyd etmişdir[6]. Bu faktlar göstərir ki, problem təkcə müharibə zamanı təsadüfi zərərdən ibarət olmamış, bir çox hallarda dini və mədəni obyektlərin uzunmüddətli deqradasiyası və təhqiramiz istifadəsi ilə müşayiət olunmuşdur.
Ətraf mühitə dəyən zərər də eyni dərəcədə ciddi olmuşdur. Azərbaycan hökumətinin sorğusu əsasında UNEP tərəfindən hazırlanmış hesabatda münaqişədən təsirlənmiş ərazilər üzrə kənd təsərrüfatı sisteminin çökməsi, torpaq deqradasiyası, meşələrin qırılması, nasaz su idarəetməsi, mədən və karxana fəaliyyətinin yaratdığı çay və torpaq çirklənməsi, eləcə də transsərhəd çaylarda ağır metalların yüksək konsentrasiyası kimi problemlər qeyd edilir[7]. UNEP eyni zamanda qeyd edir ki, münaqişə regionda iqlim və hidrometeoroloji monitorinqin də kəsilməsinə səbəb olmuş, bu isə uzunmüddətli planlaşdırmanı zəiflətmişdir.
Hazırkı mərhələdə Azərbaycanın əsas yanaşması dağıdılmış ərazilərin sadəcə əvvəlki vəziyyətə qaytarılması deyil, onları yeni dayanıqlı inkişaf prinsipləri əsasında yenidən qurmaqdır. Azərbaycan dövlətinin “Böyük Qayıdış” platformasına görə, şəhərsalma, ətraf mühitin mühafizəsi, enerji təchizatı, nəqliyyat, mina təmizlənməsi və əhalinin qayıdışı da daxil olmaqla 12 işçi qrup fəaliyyət göstərir[8]. Bu strategiyanın fərqləndirici xüsusiyyəti onun “yaşıl” və “ağıllı” inkişaf məntiqi ilə qurulmasıdır. UNEP hesabatı hökumətin rekonstruksiya vizyonunda “green recovery” yanaşmasının prioritet olduğunu, münaqişədən təsirlənmiş region üçün 2050-yə qədər “sıfır emissiya” və “sıfır tullantı” kimi iddialı məqsədlərin müəyyənləşdirildiyini, məskunlaşmanın isə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslandığını qeyd edir[9].
WUF13 məhz bu səbəbdən Azərbaycan üçün mühüm diskursiv kapital yaradır. Forumun ilk günü üzrə rəsmi məlumatda iştirakçıların müharibə, münaqişə və fəlakətlərin şəhərlər, mənzil fondları, infrastruktur və əsas xidmətlər üzərində yaratdığı dağıdıcı təsiri vurğuladıqları, eyni zamanda Azərbaycanın post-münaqişə bərpa və yenidənqurma təcrübəsinin “noteworthy example” kimi təqdim olunduğu və oxşar problemlərlə üzləşən ölkələr üçün istinad nöqtəsi sayıla biləcəyi göstərilir. WUF13-də nazirlər səviyyəsində aparılmış müzakirələr də mənzil siyasətinin torpaq idarəçiliyi, infrastruktur, nəqliyyat, ictimai xidmətlər, məşğulluq və iqlim dayanıqlığı ilə əlaqəli şəkildə düşünülməsinin vacibliyini önə çıxarmışdır[10]. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzur təcrübəsinin əsas metodoloji xəttinə - inteqrə olunmuş planlaşdırma modelinə - tam uyğun gəlir.
WUF13-ün “Baku Call to Action” sənədi ətrafında qurulan proses də bu təcrübənin qlobal müzakirəyə ötürülməsini gücləndirir. UN-Habitat bildirir ki, nəticə sənədinin sıfır layihəsi forumdan əvvəl 11 maraqlı tərəf qrupu üzrə 2000-dən çox iştirakçının töhfəsi ilə hazırlanmış, forum həftəsi ərzində 400-dən çox tədbirin müzakirələri ilə zənginləşdirilmişdir. Yəni Baku yalnız məkan təmin etmir; o, post-münaqişə bərpa, mənzil, resurs dayanıqlığı və yerli idarəetmə haqqında Azərbaycan təcrübəsini qlobal, çoxtərəfli əsasda təqdim edən bir platformaya çevrilir. Bu baxımdan WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun nəticəsi olmaqla yanaşı, həmin nüfuzu daha da dərinləşdirən mexanizm rolunu oynayır[11].
Bu təcrübədən dünya dövlətlərinin çıxara biləcəyi əsas nəticə ondan ibarətdir ki, post-münaqişə bərpa yalnız dağıdılmış binaların yenidən tikilməsi ilə məhdudlaşmamalıdır. Birincisi, mina təmizlənməsi, ekoloji qiymətləndirmə və şəhərsalma eyni vaxtda düşünülməlidir; Azərbaycan təcrübəsində bunlar ayrı-ayrı sektorlar deyil, qarşılıqlı asılı proseslərdir. İkincisi, “yaşıl enerji zonası”, “ağıllı kənd”, park sistemi və sosial xidmət şəbəkəsi kimi həllər göstərir ki, qayıdışın dayanıqlılığı yalnız mənzil təminatı ilə deyil, yaşayış keyfiyyəti və iqtisadi fəaliyyətlə ölçülür. Üçüncüsü, UNEP-in xəbərdar etdiyi kimi, sürətli bərpa tempinin ekoloji təminatlara təsiri daim izlənməlidir. Deməli, Azərbaycan modeli qlobal səviyyədə ən çox “bərpa+sabitlik+yaşıl transformasiya” üçlüyü ilə maraqlanan ölkələr üçün faydalıdır, lakin onun tətbiqi yerli idarəetmə imkanları və maliyyə tutumu nəzərə alınmaqla adaptasiya olunmalıdır.
Onu da qeyd edək ki, 2026-cı il 20 may tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center) WUF13 çərçivəsində dayanıqlı urbanizasiya, postmünaqişə dövründə bərpa və şəhər idarəçiliyində beynəlxalq əməkdaşlığın geniş nəticələrinə həsr olunmuş xüsusi müzakirə təşkil etmişdir. Tədbir urban davamlılığı, yenidənqurma siyasətləri və postmünaqişə mühitində dayanıqlı inkişafın sosial-siyasi aspektləri arasındakı əlaqələrin müzakirəsi məqsədilə ekspertləri, siyasətçiləri və alimləri bir araya gətirmişdir. Müzakirələr zamanı dağıdılmış şəhər məkanlarının yenidən qurulması, institusional idarəetmə potensialının gücləndirilməsi və ekoloji dayanıqlılığın uzunmüddətli bərpa strategiyalarına inteqrasiyası ilə bağlı çağırışlara xüsusi diqqət yetirilmişdir. Eyni zamanda, tədbirdə müasir urban problemlərin həllində Dünya Şəhər Forumu kimi platformalar çərçivəsində çoxtərəfli dialoq və bilik mübadiləsi mexanizmlərinin artan əhəmiyyəti vurğulanmışdır. Tədbirin əhəmiyyəti Azərbaycanın postmünaqişə yenidənqurma təcrübəsini dayanıqlı şəhər inkişafı ilə bağlı qlobal müzakirələrlə əlaqələndirməsində, eləcə də ölkəni dayanıqlı və inklüziv şəhərlərlə bağlı beynəlxalq siyasət diskussiyalarında fəal iştirakçı kimi mövqeləndirməsində ifadə olunmuşdur.
[1] https://wuf.unhabitat.org/
[3] https://urbanoctober.unhabitat.org/world-habitat-day-2023-building-resilient-urban-economies
[4] https://airport.az/en/press-release/heydar-aliyev-international-airport-2024-achievements-and-results/
[5] https://www.taylorfrancis.com/books/mono/10.4324/9780203890639/urbicide-martin-coward
[6] https://oic-iphrc.org/pdf/rebort/Azerbaijan%20Visit%20Report%20EV.pdf
[7] https://eco.gov.az/frq-content/plugins/pages_v1/entry/20221223145000_59496900.pdf
[8] https://president.az/en/greatreturn
[9] https://eco.gov.az/frq-content/plugins/pages_v1/entry/20221223145000_59496900.pdf
[10] https://wuf13.az/en/media/news/0729/First-Day-of-WUF13-Marked-by-Ministerial-Meeting-Flag-Raising-Ceremony-and-Assembly-Sessions
[11] https://wuf.unhabitat.org/news/wuf13-discussions-shape-final-baku-call-action


