Azərbaycanın beynəlxalq münasibətlər sistemində orta güc kimi artan rolunu xarakterizə edən araşdırma dərc edilib.
(https://aircenter.az/uploads/RAbyx1UmnrZ0.pdf )
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidovun müəllifi olduğu araşdırmada ölkəmizin regional və qlobal siyasətə təsirləri “orta güc” konsepsiyası çərçivəsində təhlil olunur.
Müəllif Prezident İlham Əliyevin sədrliyi ilə 25 may 2026-cı il tarixində keçirilən müşavirədə səsləndirdiyi fikirlərə istinad edərək bildirir ki, dövlət başçısının bəyanatı Azərbaycanın orta güc kimi meydana çıxmasının faktiki və konseptual əsaslarının araşdırılmasının vacibliyini bir daha gündəmə gətirir.
Xatırladaq ki, sözügedən mövzu BMTM-in fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edib, təhlillər (https://aircenter.az/uploads/files/Is%20Azerbaijan.pdf)dərc edilib. Eləcə də, Mərkəzin “Caucasus Strategic Perspectives” jurnalının 2024-cü il qış buraxılışı bu mövzuya həsr olunub.
Hazırkı təhlildə S. Zahidov orta güc konsepsiyasına dair elmi-nəzəri yanaşmaları nəzərdən keçirərək onun ümumiləşdirilmiş tərifini təqdim edir:
“Ənənəvi yanaşmalarda orta güclər əsasən maddi göstəricilər (ərazi ölçüsü, əhali sayı, iqtisadi və ya hərbi imkanlar) əsasında müəyyən edilirdi. Lakin müasir yanaşmalarda beynəlxalq səviyyədə fəallıq, çoxtərəfli institutlarda iştirak, münaqişələrin həlli və mübahisələrin tənzimlənməsi proseslərində iştirak, eləcə də geostrateji mövqe və diplomatik nüfuz kimi amillərə daha böyük önəm verilir.”
Müəllif vurğulayır ki, Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu ölkənin bu kateqoriyaya aid edilməsini əsaslandıran mühüm göstəricidir.
Təhlildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların ölkənin regional liderlik imkanlarını genişləndirdiyi qeyd olunur. Azərbaycanın sülh gündəliyinin təşviqi, Ermənistanla normallaşma prosesində iştirakı və regional əməkdaşlıq təşəbbüsləri ölkənin diplomatik nüfuzunun güclənməsinə xidmət edən əsas amillər kimi qiymətləndirilir.
S. Zahidov qeyd edir ki, Azərbaycanın beynəlxalq dialoq və vasitəçilik platforması kimi çıxış etməsi onun orta güc xüsusiyyətlərini daha da gücləndirir. Müxtəlif dövrlərdə NATO və Rusiya nümayəndələri arasında görüşlərə, eləcə də Yaxın Şərqdə gərginliyin azaldılmasına yönəlmiş təmaslara ev sahibliyi etməsi Azərbaycanın etibarlı və neytral tərəfdaş imicini möhkəmləndirən amillər sırasındadır.


