BMTM-in şöbə müdiri Şahmar Hacıyevin müəllifi olduğu “Azərbaycanın iqtisadi şaxələndirmə və bağlantı əlaqəlilik liderliyinəaparan yolu” sərlövhəli məqalə “EU Reporter” nəşrində dərc edilib.
Məqalədə qeyd edilir ki, onilliklər ərzində Azərbaycan Xəzər hövzəsinin əsas istehsalçılarından biri kimi xam neft və təbii qazı qlobal enerji bazarlarına ixrac edib və bu da ölkə iqtisadiyyatının əsasən təbii yanacaqdən əldə edilən gəlirlərindən asılı olmasına səbəb olub. Lakin geosiyasi və iqtisadi çağırışlar fonunda Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi və uzunmüddətli dayanıqlılığın təmin edilməsi məqsədilə inamlı strategiya həyata keçirməyə başlayıb.
“Bu yeni istiqamət ölkənin enerji mərkəzli inkişaf modelindən uzaqlaşdıraraq, əlaqəlilik, bərpa olunan enerji və gücləndirilmiş regional inteqrasiya üzərində qurulan inkişaf modelinə keçidini hədəfləyir. Azərbaycan özünü regional nəqliyyat və enerji qovşağı kimi formalaşdıraraq Cənub Qaz Dəhlizi, Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi, Orta Dəhliz və TRIPP dəhlizi kimi əsas regional təşəbbüslərin reallaşdırılmasında fəal rol oynayır. Bu layihələr birlikdə Azərbaycanın geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, yeni iqtisadi imkanların yaranmasına da şərait yaradır.
Bu strategiyanın əsas prioritetlərindən biri daxili bərpa olunan enerji potensialını artırmaq və təmiz enerjinin ötürülməsi üçün “yaşıl dəhlizlər” yaratmaqdır. Eyni zamanda, rəqəmsal infrastrukturun gücləndirilməsi, əsasən Orta Dəhliz olmaqla, quru və dəniz nəqliyyat marşrutlarının modernləşdirilməsi və Bakı Limanının təkmilləşdirilməsi də diqqət mərkəzindədir”.
Ş. Hacıyev bildirir ki, Orta Dəhliz Azərbaycanın əlaqəlilik strategiyasının mərkəzi komponentinə çevrilib. Belə ki, Çin və Mərkəzi Asiyanı Avropaya birləşdirən bu dəhlizin strateji əhəmiyyəti Şimal marşrutu ilə bağlı yaşanan çətinliklər fonunda kifayət qədər artıb.
Yekunda müəllif əlavə edir ki, cari ildə Azərbaycanın Mərkəzi Asiya ölkələrinin platformasına qoşulması ilə ölkəmiz əsas tranzit mərkəzinə-Avropa, Qafqaz, Mərkəzi Asiya və digər regionları birləşdirən körpüyə çevriləcək.
“Bu strateji təşəbbüslər milli iqtisadiyyatı şaxələndirəcək, xarici investisiyaları cəlb edəcək, enerji təhlükəsizliyini gücləndirəcək və uzunmüddətli regional sabitlik və davamlı inkişafın təmin olunmasına töhfə verəcək”.
*Məqalənin ingilis dilində olan tam və orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:


