BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Azərbaycanın çoxvektorlu xarici siyasəti suverenlik, sabitlik və strateji inkişafın əsas dayağıdır

2025-05-13 09:42

BMTM-in şöbə müdiri Şahmar Hacıyevin "Azərbaycanın çoxvektorlu xarici siyasəti suverenlik, sabitlik və strateji inkişafın əsas dayağıdır" adlı məqaləsi EU Reporter nəşrində dərc edilib.

Məqalədə müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikasının milli maraqlara əsaslanan və qlobal güclərlə balanslı münasibətlər qurmağa yönəlik çoxvektorlu xarici siyasəti barədə məlumat verilir. Qeyd edilir ki, bu yanaşma xüsusilə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin təxminən iyirmi faizinin uzun müddət işğalda saxlanıldığı bir şəraitdə ölkənin suverenliyinin qorunması, xarici sərmayələrin cəlb edilməsi və təhlükəsizliyin təmin olunması baxımından mühüm rol oynamışdır.

“Bu strategiyanın memarı, ümummilli lider Heydər Əliyev olub və onun rəhbərliyi ilə iqtisadi inkişaf və milli təhlükəsizliyə xüsusi önəm verilib”.

Müəllif 1994-cü ildə imzalanmış və Azərbaycanın enerji siyasətinin əsasını qoyan “Əsrin müqaviləsi”nə diqqət çəkir. Ş. Hacıyev yazır ki, müqavilə 8 ölkənin 13 aparıcı neft şirkətini bir araya gətirərək Azərbaycanın transmilli enerji layihələrində əsas aktora çevrilməsini təmin etdi.

“Paralel olaraq, Türkiyə ilə strateji müttəfiqlik əlaqələri gücləndirildi və bu əməkdaşlıq regional sabitliyə mühüm töhfə verdi”.

Məqalədə bildirilir ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiriən bu xarici siyasət kursu nəticəsində Azərbaycan Türkiyə, Pakistan, Avropa İttifaqı ölkələri, Mərkəzi Asiya və Cənubi-Şərqi Asiya ölkələri ilə  genişmiqyaslı tərəfdaşlıqlar qurmuşdur.

“Azərbaycanın neytrallıq və balanslaşdırılmış diplomatiyaya sadiqliyi hərbi alyanslara qoşulmamaq qərarında da öz əksini tapır. Bunun əvəzinə, Azərbaycan 26 may 2011-ci ildə Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olmuş və bu addım ölkənin müstəqil xarici siyasət kursunu bir daha nümayiş etdirmişdir. Qoşulmama Hərəkatının əsas prinsipləri dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmək və başqa ölkələrin daxili işlərinə qarışmamaqdan ibarətdir”.

Ş. Hacıyev, həmçinin Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsi, Aİ ilə son illərdə imzalanan enerji anlaşmaları, əsasən də yaşıl enerjinin istehsalı və ötürülməsi istiqamətində reallaşdırılan layihələri təhlil edir.

Yekunda müəllif əlavə edir ki, ticarət müharibələri və geosiyasi qeyri-müəyyənliklərlə xarakterizə olunan müasir dünyada Azərbaycan balanslı və çoxyönlü xarici siyasət xətti ilə uğurla irəliləyir. Bu isə öz növbəsində ölkənin iqtisadi inkişafı, milli təhlükəsizliyi və beynəlxalq arenada nüfuzunun artmasına mühüm töhfələr verir.

https://www.eureporter.co/world/azerbaijan-world/2025/05/12/azerbaijans-multi-vector-foreign-policy-as-a-key-pillar-of-sovereignty-stability-and-strategic-development/