BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Azərbaycanın artan strateji əhəmiyyəti Delfi İqtisadi Forumuda vurğulanıb

2026-04-24 16:49

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev 22-25 aprel 2026-cı il tarixlərində Yunanıstanda keçirilən illik Delfi İqtisadi Forumunda çıxış edib.

“İki istiqamətli strategiya: Avropa İttifaqı Avrasiya məkanında təhlükəsizlik və iqtisadi aktor kimi?” (“A Dual-Track Strategy: The European Union as a Security and Economic Actor in Eurasia?” adlı panel müzakirəsi çərçivəsində o, mövcud qlobal böhranlarla beynəlxalq təhlükəsizlik arxitekturası arasındakı qarşılıqlı əlaqə, habelə Ermənistan-Azərbaycan normallaşma prosesindəki cari vəziyyət və Avropa İttifaqı-Azərbaycan arasında münasibətlərində müşahidə olunan müsbət dinamika barədə geniş təqdimatla çıxış edib.

Fərid Şəfiyev Xəzər regionunun perimetri boyunca davam edən münaqişələr fonunda onun artan strateji əhəmiyyətinə diqqət çəkərək bu bölgənin etibarlı və təhlükəsiz təchizat zəncirlərinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Bu kontekstdə, Cənubi Qafqazın, xüsusilə təhlükəsizlik, enerji təchizatı və regional bağlantılar baxımından Avropa İttifaqı üçün əhəmiyyət kəsb etdiyini bildirib.

O, həmçinin Avropa İttifaqının Cənubi Qafqaza münasibətdə daha ardıcıl və balanslaşdırılmış siyasət yürütməsinin zəruriliyini qeyd edib. BMTM sədrinin sözlərinə görə, Avropa İttifaqı ilə region arasında əməkdaşlığın həm siyasi, həm də iqtisadi ölçülərinin gücləndirilməsi üçün daha praktik addımlar atılmalıdır. Bu çərçivədə Azərbaycanın regional təhlükəsizlik, enerji potensialı və nəqliyyat layihələrinə əsas töhfə verən ölkə kimi rolu xüsusilə nəzərə alınmalıdır.

“Bakı ilə Brüssel arasında münasibətlər zaman-zaman müəyyən qərəzlər və siyasi qrupların təsirlərinə məruz qalır. Bununla belə, son dövrlərdə bu münasibətlər yeni mərhələyə qədəm qoyub və möhkəm tərəfdaşlığa çevriləcəyinə ümidvarıq,” - deyə F.Şəfiyev əlavə edib.