BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Azərbaycanın AQEM sədrliyi: Parçalanmış Asiyada liderlik sınağı

2025-09-15 10:31

BMTM-in eksperti Vüsal Quliyevin “Azərbaycanın AQEM sədrliyi: Parçalanmış Asiyada liderlik sınağı”sərlövhəli məqaləsi “Eurasia Review” nəşrində dərc edilib.

Məqalədə 9-10 sentyabr tarixlərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) birgə təşkilatçılığı ilə “İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” mövzusunda AQEM Beyin Mərkəzlərinin 13-cü sessiyası barədə məlumat verilir.

Qeyd edilir ki, tədbir regional əməkdaşlıq və institusional islahatlar sahəsində praktik həllərin hazırlanması üçün AQEM-ə üzv dövlətlərdən aparıcı mütəxəssisləri, siyasətçiləri və alimləri bir araya toplayan mühüm platformadır.

“Bu forum adi akademik müzakirə formatından xeyli kənara çıxaraq Asiyada dərin geosiyasi və iqtisadi dəyişikliklərin baş verdiyi dövrdə Azərbaycanın AQEM-i daha səmərəli çoxtərəfli idarəetmə mexanizminə çevirmək əzmini əks etdirir”.

Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətinə geniş yer verilib.

“Prezident İlham Əliyev təhlükəsizlik, iqtisadi inkişaf, texnoloji dəyişikliklər və ətraf mühit məsələləri kimi qlobal çağırışlara cavabların formalaşdırılmasında beyin mərkəzlərinin mühüm rolunu vurğulamışdır. O, tədqiqat institutları arasında əməkdaşlığın qarşılıqlı anlaşmanı gücləndirdiyini və AQEM-in müxtəlif üzvləri arasında daha dərin regional inteqrasiyaya töhfə verdiyini qeyd etmişdir.

Eyni zamanda, Prezident İlham Əliyev Qlobal Cənub ölkələrinin beynəlxalq qərarların qəbulu prosesində kifayət qədər təmsil olunmamasına diqqət çəkmişdir. Prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə və COP29-un nəticələrinə -“Bakı sıçrayışı”na - toxunaraq, Azərbaycanın inkişaf etməkdə olan ölkələrin səsinin beynəlxalq aləmdə daha güclü eşidilməsi istiqamətində səylərini bir daha vurğulamışdır. O, həmçinin BMT Təhlükəsizlik Şurasında ədalətli və balanslı təmsilçiliyin təmin olunması üçün islahatlar aparılmasının vacibliyini qeyd etmişdir”.

Məqalədə qeyd edilir ki, bu intellektual dinamika mühüm diplomatik mərhələ ilə üst-üstə düşür.

“2024-cü ildə Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi rəsmən öz üzərinə götürmüşdür. Bu hadisə ölkənin qitə miqyasında təhlükəsizlik və əməkdaşlıq məsələlərinə artan marağını və fəallığını rəsmi şəkildə təsdiqləmiş oldu. Azərbaycan üçün bu sədrlik sadəcə rotasiyaya əsaslanan formal bir proses deyil, həm də ölkə sərhədlərindən kənara çıxan məsələlər üzrə liderlik nümayiş etdirmək imkanı idi.

Bu rolu öz üzərinə götürməklə Bakı Asiyanın müxtəlif təhlükəsizlik çağırışlarının -dövlətlərarası rəqabətdən tutmuş ortaya çıxmaqda olan transmilli təhdidlərədək - necə idarə olunacağı ilə bağlı gedən geniş müzakirələrin mərkəzi oldu. Avropa və Asiyanın qovşağında strateji mövqe tutan kiçik bir dövlət üçün bu məsuliyyət həm mühüm imkanlar, həm də ciddi çətinliklər yaradır.

Sədrlik Azərbaycana öz prioritetlərini - nəqliyyat bağlantılarının inkişafı, enerji təhlükəsizliyi və rəqəmsal idarəçilik kimi sahələri - irəli sürmək üçün mühüm platforma təqdim edir. Eyni zamanda, bu, AQEM-in daha geniş regional arxitekturadakı rolunu gücləndirmək baxımından da əhəmiyyətlidir”.

*Məqalənin ingilis dilində olan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.eurasiareview.com/12092025-azerbaijans-chairmanship-of-cica-a-test-of-leadership-in-a-fragmented-asia-oped/#google_vignette