BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Azərbaycan və Türkmənistan Avrasiyanın gələcəyini yenidən formalaşdırır

2025-07-31 12:23

Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdimuhamedov 16-17 iyul 2025-ci il tarixlərində Azərbaycana iki günlük rəsmi səfər edib. Berdiməhəmmədov Bakıda əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, sonra isə İlham Əliyevin müşayiəti ilə azad edilmiş Qarabağ bölgəsinə səfər edib. Səfər zamanı İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı at hədiyyə edib.

Səfər zamanı tərəflər arasında mühüm sənədlər imzalanmasa da, Qurbanqulu Berdiməhəmmədov səfərin məqsədinin ikitərəfli münasibətləri dərinləşdirmək və inkişaf etdirmək, həmçinin yeni layihələrin həyata keçirilməsini sürətləndirmək olduğunu bildirib. Başqa sözlə desək, bu səfər nəqliyyat və enerji sahələrində əvvəllər imzalanmış, lakin tam icra olunmamış razılaşmaların tamamlanmasına xidmət edəcək.

2018-ci il avqustun 12-də Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması ilə Türkmənistan və Azərbaycan arasında mühüm bir məsələ həll olunub. Razılaşmadan sonra Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı komissiya yaradılıb. Komissiya 2022 və 2023-cü illərdə iki iclas keçirib. Komissiya iclaslarının Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana son səfərindən sonra bərpa olunacağı gözlənilir. Əslində, iclasların uğurlu şəkildə bərpa edilməsi regionun enerji mənzərəsini dəyişdirmək potensialına malikdir.

Tərəflər arasında yekunlaşdırılması gözlənilən ikinci vacib məsələ 2021-ci il yanvarın 21-də Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” yatağının birgə kəşfiyyatı, inkişafı və istismarı ilə bağlı imzalanmış Anlaşma Memorandumudur. Bu yataq illərdir, iki ölkə arasında mübahisə mövzusu olub. Lakin həmin sənədin imzalanması münasibətləri yeni səviyyəyə qaldırmağa nail olub. 2021-ci il razılaşmasına əsasən, “Dostluq” yatağından hasil edilən ehtiyatlar iki ölkə arasında bölüşdürüləcək və bütün təbii qaz Azərbaycan vasitəsilə ixrac olunacaq. Lakin tərəflər arasında bu məsələ ilə bağlı yekun razılaşma hələ də tələb olunur. Qurbanqulu Berdiməhəmmədovun son səfərindən sonra bu prosesin də sürətlənəcəyi gözlənilir.

2021-ci ilin mart ayında Azərbaycan, Türkmənistan və İran arasında təbii qaz mübadiləsi sazişi (svop sazişi) imzalanıb. Bu razılaşmaya əsasən, Azərbaycan İran vasitəsilə Türkmənistan təbii qazını alıb. Lakin tərəflər arasında təbii qaz qiymətləri ilə bağlı fikir ayrılıqları səbəbindən 2024-cü ilin əvvəlində qaz axını dayandırılıb. Bu problemin də səfərdən sonra həll olunacağı gözlənilir.

Azərbaycan Türkmənistan təbii qazının Türkiyə və Qərb bazarlarına ixracı üçün tranzit ölkəyə çevrilə bilər. 2022-ci il iyulun 18-də Bakıda Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji əməkdaşlığa dair Anlaşma Memorandumunda Mərkəzi Asiya enerji ehtiyatlarının, o cümlədən Türkmənistanın enerji resurslarının Azərbaycan vasitəsilə Qərb bazarlarına ixracı ilə bağlı müddəa yer alıb. Eyni zamanda, 2024-cü il mayın 14-də Türkiyə, Azərbaycan və Türkmənistan arasında Türkmən təbii qazının Azərbaycan vasitəsilə Türkiyəyə ixracı barədə razılaşma imzalanıb. Bu, Türkmənistandan Azərbaycanın Cənub Qaz Dəhlizinə yatırdığı investisiyalara bənzər səviyyədə resurs ayırma öhdəliyi tələb edə bilər.

İki ölkə həmçinin yaşıl enerji sahəsində də əməkdaşlıq edə bilər. Bu sahədə, Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında imzalanmış razılaşmaya bənzər müvafiq sənədin Türkmənistanla da imzalanması mümkündür. Sözügedən razılaşma Türkmənistanda bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Azərbaycan vasitəsilə Türkiyə və Avropaya ixracına imkan yaradacaq.

*Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

https://www.dailysabah.com/opinion/op-ed/azerbaijan-and-turkmenistan-reshape-eurasia